“Özbəkistanla əbədi dostluq Türk dünyasının bütövləşməsinə xidmət edir” - Fazil Mustafa

 12:38 24.08.2026     753

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalanıb. Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevlə təltifetmə mərasimində bildirib ki, əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndəsi Fazil Mustafa bildirdi ki, prezidentin Özbəkistana səfəri çox böyük əhəmiyyət daşıyır:

"Xüsusilə liderlərin ali dövlət mükafatı ilə təltif olunması Özbəkistanla Azərbaycan arasında qardaşlıq münasibətlərinin inkişafı üçün olduqca vacibdir. Hesab edirəm ki, bu əlaqələr həm də Türk dünyasının əsas məhək daşı olan dövlətlərin bir araya gəlməsi üçün bir vəsilə olur. Onların bütövləşməsi, gerçək bir gələcəyin qurulması üçün faydalı olur. Yəqin ki, bu istiqamətdə mümkün nəticələr hər iki toplum tərəfindən də yüksək səviyyədə qiymətləndiriləcək və dəstəklənəcək, bütün Türk dünyasının xeyrinə olan münasibətlər qurulacaq. Burada ayrı-ayrı strukturların rəhbərlərinin də olması iqtisadi, həm də siyasi əməkdaşlığın inkişaf etdirilməsi baxımından bu əlaqələrin sabit və uzunmüddətli bir dəyər qazanmasına imkan yaradacaq. Özbəkistan bizim üçün çox əhəmiyyətli ölkədir, Özbəkistan bizim üçün qardaş bir ölkədir və qardaş ölkə ilə bütün gücümüzü birləşdirmək bizim ancaq faydamıza olar".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən