"Özbəkistan Azərbaycanın belə bir müqavilə imzaladığı ilk dövlətdir" - Sahib Alıyev
"Cənab Prezident İlham Əliyevin Özbəkistana səfəri öncəsi yazmışdım ki, eyni ölkəyə çox qısa aralıqla, cəmi iki il sonra növbəti dövlət səfəri beynəlxalq təcrübədə az rast gəlinən haldır. Eyni zamanda, qarşılıqlı dövlət səfərlərinin nəticəsi olaraq, sadəcə bir il ərzində əlaqələrin dərin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə qaldırılması da təəccüb doğurmasa da, heç də tez-tez baş vermir. Təəccüb doğurmamasının səbəbi isə budur ki, qardaş ölkələrimizin həm liderləri, həm də xalqları arasında bir-birinə böyük rəğbət, ailə səmimiyyəti var, hədəf və strateji baxış tam üst-üstə düşür. Bu rəğbətin, səmimiyyətin və əlbəttə, Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın nəticəsidir ki, dövlətlərimizin başçıları indi də “Əbədi Dostluq haqqında Müqavilə” imzaladılar. Özbəkistan Azərbaycanın belə bir müqavilə imzaladığı ilk dövlətdir. Əslində, bu, elə Özbəkistanın özünə də aiddir. Baxmayaraq ki, hələ 1997-ci ildən onunla Qazaxıstan və Qırğızıstan arasında belə bir müqavilə mövcuddur".
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirdi.
"Özbəkistan, Qazaxıstan və Qırğızıstan arasında imzalanan “Əbədi Dostluq haqqında Müqavilə”, birincisi, üçtərəfli – “minilateral” sənəd idi. İkincisi, Mərkəzi Asiyanın bu üç respublikası həmin müqaviləni imzalayarkən sərhəd, su ehtiyatlarının bölüşdürülməsi və regional təhlükəsizlik məsələlərində yarana biləcək münaqişənin qarşısını almaq niyyəti güdürdülər. Yəni, belə demək mümkündürsə, bu, daha çox müdafiə, ilk növbədə də bir-birindən müdafiə xarakterli anlaşma idi. Burada detallara varmadan təəssüflə onu da qeyd edim ki, həmin o üçtərəfli müqavilədə nəzərdə tutulanlar elə ancaq kağız üzərində qaldı, bəzi lazımsız qarşıdurmalardan qaçmaq mümkün olmadı".
Onun sözlərinə görə, Azərbaycanla Özbəkistan arasında imzalanan isə ikitərəfli sənəddir, proaktiv, təşəbbüskar və diqtəedici mahiyyət daşıyır:
"Bununla belə, onu da qeyd etməliyik ki, 1997-ci ildə tərəflərin hədəfi regionla məhdudlaşırdısa, 2026-cı il müqaviləsinin hədəfi transregional və qlobaldır. Ümumiyyətlə, Azərbaycanla Özbəkistan arasında imzalanan “Əbədi Dostluq haqqında Müqavilə”nin Türk dünyası üçün “Şuşa Bəyannaməsi” qədər önəmli olduğu düşüncəsindəyəm. Arzum isə budur ki, bu sənədin təsir gücü tarixdə əbədi dostluq haqqında ilk müqavilə sayılandan daha uzunömürlü, yəni elə əbədi olsun. O müqavilə isə 1373-cü ildə İngiltərə Krallığı ilə Portuqaliya arasında imzalanıb və hələ də qüvvədədir.
Eyni zamanda, görürəm ki, Qərbdə bəzi analitiklər iki qardaş ölkə arasındakı son müqaviləyə əsaslanaraq öz şərhlərində “Transxəzər strateji tandemi”, “Bakı-Daşkənd geosiyasi oxu” ifadələrini işlədirlər. Yuxarıda qeyd olunanları xatırlatmaqla mən isə düşünürəm ki, bu, aysberqin görünən tərəfinə baxılaraq verilən qiymətdir; görünməyən tərəfində daha böyük coğrafiya və ox var!".
Aytəkin TOFİQQIZI













