İran Məkkə sazişinə qoşulsa, regionda nələr dəyişəcək? - General AÇIQLADI
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın avqustun 7-də imzaladığı müdafiə sazişinə İranın da qoşulmağa dəvət edildiyi bildirilir. Məlumata görə, Tehran hazırda bu təklifi nəzərdən keçirir. İnformasiya hələ tərəflər tərəfindən rəsmi təsdiqlənməsə də, İranın mümkün iştirakı regionda yeni hərbi-siyasi əməkdaşlıq formatının formalaşması baxımından diqqət çəkir.
İranın bu müdafiə sazişinə qoşulması Yaxın Şərqdə hərbi-siyasi balansı necə dəyişə bilər? Bu addım regionda yeni hərbi blokun formalaşmasına gətirib çıxara bilərmi?
Redaktor.az-a mövzunu şərh edən türkiyəli general Yücel Karauz bildirdi ki, Məkkə Müdafiə Sazişini “sünni bloku” və ya İrana qarşı yaradılmış ittifaq kimi təqdim etmək doğru deyil:
"Bu, regiondakı məzhəb fərqlərini qabardan və sazişin mahiyyətini təhrif edən yanaşmadır. Məqsəd yeni qarşıdurma xətti yaratmaq deyil, regional təhlükəsizlik, kollektiv çəkindirmə və əməkdaşlıq mexanizmi formalaşdırmaqdır. İranın bu sazişə mümkün qoşulması isə regiondakı hərbi-siyasi balansı ciddi şəkildə dəyişdirə bilər. Türkiyənin hərbi gücü və müdafiə sənayesi, Pakistanın nüvə çəkindirməsi, Səudiyyə Ərəbistanının iqtisadi və enerji imkanları ilə İranın raket potensialı və regional təsir imkanlarının eyni təhlükəsizlik platformasında birləşməsi Yaxın Şərqdə yeni strateji ağırlıq mərkəzi yaradar".
General qeyd etdi ki, bunun bir neçə mühüm nəticəsi ola bilər:
"Birincisi, İranın iştirakı “sünni–şiə bloku” anlayışını zəiflədərək məzhəbçilik üzərində qurulan regional təhlükəsizlik modelindən dövlətlərarası əməkdaşlıq modelinə keçidi sürətləndirə bilər.
İkincisi, Səudiyyə Ərəbistanı–İran rəqabətinin hərbi qarşıdurmaya çevrilmə riski azala və Tehranla Ər-Riyad arasında daimi təhlükəsizlik dialoqu yarana bilər.
Üçüncüsü, İsrail də daxil olmaqla regiondakı bütün aktorların strateji hesablamaları dəyişər. Məqsəd İsrailə qarşı hücum bloku yaratmaq deyil, regionda birtərəfli hərbi fəaliyyətlərin qiymətini yüksəldən kollektiv çəkindirmə mexanizmi yaratmaqdır.
Dördüncüsü, Hörmüz boğazı, Fars körfəzi, enerji marşrutları, Suriya, İraq və Yəmən kimi böhran sahələrində İranla ərəb ölkələri arasında birbaşa koordinasiya imkanları yarana bilər.
Beşincisi, belə bir struktur ABŞ və Qərbə qarşı yaradılmış blok kimi deyil, region dövlətlərinin öz təhlükəsizliklərinə daha çox sahib çıxdığı strateji muxtariyyət modeli kimi qiymətləndirilməlidir. Ancaq bunu indidən “yeni NATO” adlandırmaq tezdir. Vahid komandanlıq, ortaq doktrina, daimi qərargah və inteqrasiya olunmuş hərbi struktur yaradılmadan klassik hərbi blokdan danışmaq olmaz".
Müsahibimizin fikrincə, İranın qoşulması Məkkə sazişinin xarakterini kökündən dəyişdirə bilər:
"Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və İranın eyni təhlükəsizlik platformasında yer alması Yaxın Şərqdə yeni qarşıdurma blokundan daha çox, yeni regional təhlükəsizlik arxitekturasının başlanğıcı ola bilər. Əsas məsələ budur ki, Məkkə formatı kiməsə qarşı qurulan ittifaq deyil, regionun öz təhlükəsizliyini özü təmin etməsi istiqamətində atılan strateji addım kimi inkişaf etdirilməlidir".
Xədicə BAXIŞLI













