Azərbaycan-Özbəkistan tarixi qardaşlıqdan strateji müttəfiqlik zirvəsinə...

 13:29 24.08.2026     657

Azərbaycanın xarici siyasətində Türk dövlətləri ilə əlaqələrin genişlənməsi və dərinləşməsi xüsusi yer tutur. Çünki Türk dünyasının siyasi və iqtisadi güc mərkəzinə çevrilməsində mərkəzi birləşdirici bənd, strateji coğrafi qovşaq və əsas hərəkətverici qüvvə rolunu oynayan Azərbaycanın həmin qardaş dövlətlərin hər biri ilə əlaqələrində irəliyə doğru atılan hər bir addım gücümüzə güc qataraq ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərimizi birlikdə gələcəyə daşıyıb, dünya birliyində öz potensialımıza layiq yer tutub, buna müvafiq səviyyədə rol oynamaq missiyasına xidmət edir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin 23-24 avqust 2026-cı il tarixlərində Özbəkistana dövlət səfəri həm iki qardaş ölkə arasında son illərdə sürətlə inkişaf edən münasibətlərin məntiqi davamı olaraq Azərbaycan–Özbəkistan müttəfiqliyinin yeni mərhələyə keçidini nümayiş etdirən mühüm siyasi hadisədir, həm də regionlararası əməkdaşlıq, TDT platforması, eləcə də qlobal baxımdan mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan-Özbəkistan münasibətlərinin təməlində dostluq, qardaşlıq, qarşılıqlı hörmət və faydalılıq prinsipinə əsaslanan mənafe, məqsəd və hərəkət birliyi durur. Çünki mənafe birliyi olmayan yerdə – məqsəd birliyi, məqsəd birliyi olmayan yerdə – hərəkət birliyi, hərəkət birliyi olmayan yerdə isə hədəflərə nail olmaq mümkün olmur. Bu kontekstdə Azərbaycan və Özbəkistan arasında münasibətlərin təməlində ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərlə yanaşı, dövlətlərin strateji maraqlarının və gələcəyə baxışlarının üst-üstə düşməsi dayanır. Dostluq, qardaşlıq, qarşılıqlı etimad, ortaq strateji maraqlar və onun reallaşmasına xidmət edən işbirliyi üzərində qurulan bu əlaqələr artıq sadəcə iki qardaş dövlət arasındakı ikitərəfli münasibətlər deyil, daha geniş regional əməkdaşlığın mühüm dayaqlarından biri kimi çıxış edir.

Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri zamanı strateji tərəfdaşlığın dərinləşdirilməsi, müttəfiqlik münasibətlərinin genişləndirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyət və Azərbaycanın Mərkəzi Asiya əməkdaşlıq formatına ("C6") inteqrasiyası məsələləri, Ali Dövlətlərarası Şuranın üçüncü iclası, yeni iqtisadi Bu, iki ölkə arasında münasibətlərin artıq daha yüksək institusional səviyyəyə yüksəldiyini göstərir.

Azərbaycan-Özbəkistan münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqliyin ən yüksək səviyyəsinə yüksəlməsi təqdirəlayiq hadisədir. Azərbaycan-Özbəkistan münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəliş yolu bizi birləşdirən tarixi köklərimiz və əlaqələrimizin siyasi iradə ilə effektiv kombinasiyası əsasında qurulub, qarşılıqlı etimadla möhkəmlənib və konkret layihələrlə dərinləşir. Qarşılıqlı etimad, davamlı siyasi dialoq, milli maraqların uzlaşması əlaqələrimizin hazırkı yüksək səviyyəyə çatmasında aparıcı rol oynayır.

Səfər çərçivəsində imzalanan sənədlər arasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” xüsusi yer tutur. Bu tarixi Müqavilədə göstərilir ki, iki dövlət beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərini və normalarını rəhbər tutaraq, münasibətlərində əbədi dostluğa, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanır. Müqavilədə tərəflər öhdəlik götürüb ki, bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında ticarət-iqtisadi və investisiya əməkdaşlığını inkişaf etdirir, energetika, nəqliyyat və logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, “yaşıl” və rəqəmsal iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və kosmik texnologiyalar, habelə qarşılıqlı maraq doğuran digər istiqamətlərdə birgə layihələrin həyata keçirilməsinə köməklik göstərirlər; yüklərin və sərnişinlərin əlverişli və qarşılıqlı faydalı daşınmasını təmin etməyə, eləcə də nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına yönəlmiş qarşılıqlı əlaqəli nəqliyyat sisteminin daha da möhkəmləndirilməsi üçün zəruri şərait yaradırlar; iki ölkə xalqlarının mənəvi, təhsil və mədəni yaxınlığının qorunub saxlanmasına hərtərəfli köməklik göstərir, elm, təhsil, tibb, mədəniyyət, mədəni irs, gənclər, turizm və idman, habelə qarşılıqlı maraq doğuran digər istiqamətlərdə mübadilə və əməkdaşlığı inkişaf etdirirlər; Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisinə, elmi və təhsil müəssisələri arasında birbaşa əməkdaşlığın inkişaf etdirilməsinə və birgə layihələrin həyata keçirilməsinə şərait yaradırlar; regionlararası əməkdaşlığın inkişafını dəstəkləyir, şəhərlər və regionlar arasında tərəfdaşlıq əlaqələrinin qurulmasını təşviq edirlər.

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” göstərir ki, Azərbaycan və Özbəkistan münasibətləri artıq iki ölkə arasında əlaqələrin ənənəvi qaydada inkişaf etdirilməsi mərhələsindən çıxaraq uzunmüddətli siyasi, iqtisadi və geostrateji tərəfdaşlıq modelinə çevrilir. Müqavilə hər iki dövlətin gələcək fəaliyyət proqramı olmaqla yanaşı, xalqların çoxəsrlik ortaq tarixi-mədəni yaddaşını rəsmiləşdirir. Bu müqavilə ilə Azərbaycan və Özbəkistan həm ikitərəfli müttəfiqliyi möhkəmləndirir, həm də beynəlxalq müstəvidə dövlətlərarası münasibətlərin yeni dostluq nümunəsini təqdim edir. Bu kontekstdə nəzərdə tutulan məsələlərin sistemli və davamlı şəkildə həyata keçirilməsi iki qardaş ölkənin münasibətlərini strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək səviyyəsinə daşıyacaq. Azərbaycan və Özbəkistan münasibətlərinin daha yüksək məqama yetişməsi ilə yanaşı, həm də ikitərəfli çərçivədən çıxaraq daha geniş regional əhəmiyyət kəsb etməsinə yeni məzmun verəcək. Bu özünü daha çox Orta Dəhlizin artan geosiyasi və iqtisadi əhəmiyyəti fonunda Azərbaycan–Özbəkistan əməkdaşlığı üçün yeni imkanlar açılmasında və həmin əməkdaşlığın ikitərəfli çərçivəni aşaraq bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsində rolunun artması timsalında daha qabarıq göstərəcək. İki ölkənin əməkdaşlığı Orta Dəhlizin inkişafına, Mərkəzi Asiya ilə Avropanın əlaqələrinin dərinləşməsinə töhfələrini artıracaq. Bu kontekstdə Azərbaycan-Özbəkistan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının inteqrasiyasının güclənməsi fonunda daha geniş əməkdaşlığın, yeni imkanların və güclü gələcəyin əsas dayaqlarındandır. Müqavilədə nəzərdə tutulan tədbirlər həm də qarşıdakı illərdə Bakı–Xəzər–Mərkəzi Asiya xəttinin daha güclü iqtisadi arteriyaya çevrilməsinə əlavə təkan verilməsinə xidmət edir. Bu, qarşılıqlı investisiyalar, enerji, rəqəmsal texnologiyalar və Türk dünyasının iqtisadi inteqrasiyası və sair bu kimi aktual məsələlərə əlavə impuls verəcək.

Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlməsi iki qardaş ölkə arasında əlaqələrin bütün istiqamətlərdə genişlənməsi və dərinləşməsinə ciddi təkan verir. Bu özünü iqtisadi əlaqələr sahəsində daha əyani göstərir. Azərbaycanla Özbəkistan arasında ticari-iqtisadi əlaqələr sürətlə inkişaf edir. 2020–2025-ci illərdə Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsi ardıcıl artım dinamikası nümayiş etdirib və 9,7 dəfə artaraq 82 milyon dollardan 795 milyon dollara yüksəlib. Təkcə bir il ərzində isə, yəni 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildəki 252 milyon dollardan 795 milyon dollara çatıb və ya 3 dəfə artıb. Bu, çox yüksək dinamikadır. Eyni zamanda Azərbaycanın ixracında Özbəkistanın payının 0,4 faiz, idxalda isə 1,2 faiz olması, iki ölkə arasında ticarət əlaqələrinin sürətlə genişləndirilməsini davam etdirmək və yaxın illərdə ümumi dövriyyənin 1 milyard dollara və ondan da yüksəyə çatdırılması üçün mövcud imkanlardan daha geniş istifadənin aktuallığını daha da artırır.

Azərbaycan ilə Özbəkistan arasındakı ticarət dövriyyəsində ixrac strukturuna əsasən şəkər, emal olunmamış alüminium və mexaniki borular, idxal strukturuna isə qızıl, tütün məmulatları, mis məftillər və avtomobil sənayesi komponentləri və s. üstünlük təşkil edir.

Azərbaycan Özbəkistan iqtisadiyyatına 183,5 milyon dollar, Özbəkistan Azərbaycan iqtisadiyyatına 21,8 milyon dollar investisiya qoyub. Ölkələr arasında investisiya əməkdaşlığını daha da genişləndirmək məqsədilə 500 milyon dollar nizamnamə kapitalı olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti fəaliyyət göstərir. Şirkət hər iki ölkədə sənaye, tekstil, energetika və kənd təsərrüfatı sahələrində ümumi dəyəri yüz milyonlarla dollar olan birgə perspektivli layihələri maliyyələşdirir.

Həm Azərbaycanın, həm də Özbəkistanın iqtisadi potensialı bütün sahələr üzrə səmərəli əlaqələr qurmağa və inkişaf etdirməyə imkan verir. Ticarət dövriyyəsinin artması, investisiya layihələrinin genişlənməsi, birgə müəssisələrin yaradılması və sair bu yöndə görülən işlər iki qardaş ölkə arasında əməkdaşlığın uğurlu inkişafının mühüm göstəricilərindəndir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında digər Türk dövlətləri ilə yanaşı Özbəkistan şirkətlərinin iştirakı iqtisadi bağları gücləndirir.

Azərbaycan və Özbəkistan bir-birlərinin mövqeyini yalnız siyasi bəyanatlarla dəstəkləmir, həm ikitərəfli, həm TDT çərçivəsində, həm də beynəlxalq platforma kontekstində bir-birlərinin yanındadır və sıx əməkdaşlıq edirlər. Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək səviyyəsinə qalxması ilə Özbəkistan Azərbaycanın Mərkəzi Asiya ilə strateji və coğrafi əlaqələrinin əsas geoiqtisadi lövbəri rolu icra etməkdədir. İki ölkə arasındakı əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəlməsi Bakı-Daşkənd oxunu regional inteqrasiyanın əsas hərəkətverici qüvvəsinə çevirib.

Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Azərbaycan və Özbəkistan Avrasiya regionunda enerji, nəqliyyat, tranzit sahələrində sıx əməkdaşlıq edən və bu əməkdaşlıq əlaqələrini gələcəyə aparmaq imkanına malik olan dövlətlərdir. Kifayət qədər inteqrasiya olunmuş bu regionun inkişafının ümumi müsbət dinamikası xeyli dərəcədə Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır. Azərbaycan-Özbəkistan münasibətlərinin genişlənməsi və bu ölkələrin öz regionlarındakı çəkisi və rolu hər iki ölkənin yerləşdiyi regionlar üçün də əlavə imkanlar yaradır. Regionda iqtisadi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi təkcə Azərbaycan və Özbəkistana deyil, bütün Mərkəzi Asiya respublikaları üçün faydalı olacaq.

Azərbaycan–Özbəkistan birliyinin Türk dünyasında gedən böyük inteqrasiya prosesinə töhfələrinin artması baxımından da çox mühüm strateji əhəmiyyət kəsb edir. Azərbaycanın getdikcə daha çox dərəcədə Mərkəzi Asiya–Xəzər–Cənubi Qafqaz–Türkiyə–Avropa geosiyasi və geoiqtisadi xəttinin əsas birləşdirici həlqələrindən birinə çevrilməsi bu prosesdə həlledici rol oynayır. Bu baxımdan Orta Dəhlizin əhəmiyyəti tranzit imkanlarının faydalılığının artırılması ilə yanaşı, ondan da daha çox dərəcədə türk dövlətlərini coğrafi, iqtisadi və nəticə etibarilə siyasi baxımdan bir-birinə daha sıx bağlayan strateji infrastruktur kimi böyük əhəmiyyət kəsb edir. Bu loqistik infrastruktur Türk dünyasında daha sıx birliyin təmin olunması, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması və qlobal arenada daha geniş anlamda təsir və güc mərkəzinə çevrilməsi prosesinin sürətlənməsində əvəzsiz rol oynayacaq.

Qarşıda yeni investisiya layihələri, Orta Dəhliz üzrə əməkdaşlığın nəqliyyat-loqistika imkanlarının daha da genişlənməsi, yaşıl enerji sahəsində əməkdaşlıq üzrə Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyadan Avropaya elektrik enerjisinin ixracı üçün Yaşıl Dəhliz Birliyi təşəbbüsünün təşviqi, Nəqliyyat və Logistika üzrə Beynəlxalq marşrutlar üzrə tranzit trafik həcminin artırılması, Füzuli rayonundakı Dostluq Bağı da daxil olmaqla, Azərbaycanın azad edilmiş ərazilərində layihələrin əlaqələndirilməsi, təhsil, mədəniyyət və media sahələrində əlaqələrin genişləndirilməsi və sair bu kimi sahələrdə görülməsi vacib olan işlər var...

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan müttəfiqliyinin mövcud potensialının daha da genişləndirilməsi və strateji tərəfdaşlığın yeni istiqamətlər üzrə dərinləşdirilməsi üçün mühüm siyasi imkan yaradır. Bu səfərin gündəliyinin kifayət qədər zəngin və strateji baxımdan isə çox zəruri olmasına əsaslanaraq demək olar ki, aparılan danışıqlar, keçirilən tədbirlər və imzalanan sənədlərin nəticələri Azərbaycan-Özbəkistan arasındakı ikitərəfli əlaqələri yeni istiqamətlərlə zənginləşdirəcək, regionlararası əməkdaşlığa və eyni zamanda TDT çərçivəsində əməkdaşlığa, Türk dünyasında inteqrasiyanın sürətləndirilməsinə yeni təkan verəcək. Yeni məzmunlu Azərbaycan və Özbəkistanın müttəfiqliyi Türk dünyasının gücünə güc qatacaq. Ona görə də Türk dövlətləri daha sıx birləşməli, dostluq, qardaşlıq, işbirliyi kontekstində xalqlarımızın istəklərinə və maraqlarına cavab verən işlərimizin həllini sürətləndirməliyik.

Əli MƏSİMLİ

Vumart və Güvən reklamı Vumart Güvən