İki ölkə rəsmiləri niyə bir-birini tərcüməçisiz anlayır? - Deputat AÇIQLADI
Özbəkistanda Azərbaycan Prezidentinin səfəri çərçivəsində keçirilən görüşlərdə iki ölkə rəsmilərinin öz ana dillərində ünsiyyət qurması diqqət çəkib. Azərbaycan və özbək dillərinin yaxınlığı sayəsində rəsmilər bir-birlərini tərcüməçiyə və rus dilinə ehtiyac olmadan anlayıblar. Bu fakt iki xalq arasındakı tarixi və mədəni yaxınlığı bir daha gündəmə gətirib.
Azərbaycan və özbək dillərinin bu qədər yaxın olmasının tarixi və linqvistik səbəbləri nələrdir və bu dil yaxınlığı iki ölkə arasında gələcək əməkdaşlığa necə təsir göstərə bilər?
Milli Məclisin deputatı Jalə Əliyeva mövzuyla bağlı Redaktor.az-a danışarkən bildirdi ki, bu yaxınlığın əsas səbəbi Azərbaycan və özbək dilləri eyni dil ailəsinin – türk dilləri ailəsinin üzvləri olmasıdır:
"Lakin onların yaxınlığı yalnız ümumi “türk dili” mənsubiyyəti ilə izah olunmur; əsrlər boyu davam edən tarixi, siyasi, mədəni və ədəbi əlaqələr də bu anlaşmanı gücləndirib. Azərbaycan dili əsasən oğuz, özbək dili isə Karluq qoluna aid edilir. Yəni bu iki dil türk dillərinin eyni qolundan deyil, müxtəlif qollarından inkişaf edib. Buna baxmayaraq, onların ortaq türk mənşəli söz ehtiyatı, qrammatik quruluşu və dilçilik prinsipləri kifayət qədər çoxdur. Məsələn, gündəlik və əsas anlayışların bir hissəsində oxşarlıq açıq görünür: ana, ata, su, yol, göz, əl, dil, baş, gün, gecə, yaxşı kimi sözlər ya eynidir, ya da çox yaxın formadadır. Feillərin quruluşunda, şəkilçilərin istifadəsində, cümlənin əsasən mübtəda–tamamlıq–xəbər ardıcıllığında qurulmasında da ümumi türk xüsusiyyətləri özünü göstərir".
Müsahibimiz əlavə etdi ki, Azərbaycan və Mərkəzi Asiya türkləri arasında əsrlərlə davam edən ticarət, dövlətçilik, elm, ədəbiyyat və dini-mədəni əlaqələr dil yaxınlığının möhkəmlənməsinə təsir göstərib:
"Burada maraqlı məqam odur ki, dillərin qohumıuğu onların tam eyni olması demək deyil. Azərbaycan və özbək dillərində fonetik və leksik fərqlər kifayət qədər çoxdur. Lakin siyasi və diplomatik görüşlərdə istifadə olunan dil əsasən ədəbi, rəsmi və ümumi siyasi terminologiyadır. Bu sahədə ortaq türk mənşəli sözlərin çoxluğu və cümlə quruluşlarının yaxınlığı qarşılıqlı anlaşmanı xeyli asanlaşdırır. Üstəlik, Azərbaycan və Özbəkistan arasında son illərdə münasibətlərin intensivləşməsi nəticəsində rəsmilər və cəmiyyətlər bir-birinin dilinə əvvəlkindən daha çox bələd olurlar".
Millət vəkilinin sözlərinə görə, dil yaxınlığı Azərbaycan-Özbəkistan münasibətlərində sadəcə mədəni üstünlük deyil, praktiki diplomatik və iqtisadi resursdur:
"Birincisi, bu amil xalqlar arasında birbaşa ünsiyyəti genişləndirir. Tərcümə ehtiyacının azalması alimlərin, tələbələrin, jurnalistlərin, dövlət qurumlarının, iş adamlarının daha rahat əlaqə yaratmasına imkan verir. İkincisi, təhsil və elm sahəsində əməkdaşlıq üçün ciddi imkan yaradır. Ortaq türk terminologiyasının inkişaf etdirilməsi, Azərbaycan və özbək dillərində ortaq dərsliklərin, lüğətlərin, rəqəmsal tərcümə sistemlərinin hazırlanması iki ölkənin intellektual əlaqələrini daha da gücləndirir. Üçüncüsü, dil amili Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsinə xidmət edir. Azərbaycan və Özbəkistanın bir-birinin dilini daha asan anlaması ortaq media məkanının, televiziya və internet kontentinin, ədəbi tərcümələrin və mədəni layihələrin genişlənməsinə şərait yaradır. Ən əsası isə bu yalnız dil məsələsi deyil".
J.Əliyeva vurğuladı ki, rəsmilərin öz ana dillərində danışaraq bir-birini anlaması “ortaq türk dünyası” anlayışının gündəlik diplomatik praktikada görünən ifadəsidir:
"Bu, Azərbaycan və Özbəkistan arasında münasibətlərin yalnız siyasi və iqtisadi maraqlara deyil, daha dərin tarixi yaddaşa, mədəni kodlara və qarşılıqlı mənəvi yaxınlığa söykəndiyini göstərir. Dil yaxınlığı gələcəkdə iki ölkə arasında iqtisadi, siyasi, təhsil, media, turizm və mədəni əlaqələrin daha sürətli və birbaşa inkişafına münbit şərait yaradır. Bu potensialın sistemli şəkildə istifadə olunması Azərbaycan-Özbəkistan münasibətlərinin sadəcə ikitərəfli əsasda deyil, eyni zamanda daha geniş bir arealda türk dünyasına inteqrasiyanın mühüm nümunələrindən birinə çevrilməsində təkanverici əhəmiyyət daşıyır", - deyə deputat yekunlaşdırdı.
Xədicə BAXIŞLI













