“Əbədi Dostluq Müqaviləsi” Türk dünyası üçün nə vəd edir? - AÇIQLAMA 

 15:25 24.08.2026     448

Məlumat verdiyimiz kimi, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalanıb.

Maraqlıdır, bəs tarixdə əbədi dostluq haqda başqa müqavilələr imzalanıbmı?

Redaktor.az-a danışan konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədov qeyd etdi ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün çox mühüm bir hadisədir:

"Yadıma gəlmir ki, tarixdə hansısa dövlətlər arasında əbədi dostluq müqaviləsi imzalansın. Bildiyim qədəri ilə, bu, ilk elə bir addımdır ki, iki qardaş ölkə atdılar. Bu, təkcə iki ölkə – Azərbaycan və Özbəkistan arasında deyil, eyni zamanda bütün Türk dünyası, Türk dövlətləri üçün bir örnək olacaq. Eyni zamanda da bütövlükdə Türk dövlətləri arasında həm inteqrasiyanın, həm əməkdaşlığın genişlənməsi üçün böyük bir fundamentdir.

İnşallah, mən ümid edirəm ki, o biri Türk dövlətləri də analoji əbədi dostluq olmasa da, amma daha böyük, əhəmiyyətli ikitərəfli və çoxtərəfli müqavilələr imzalayacaqlar. Yəni bu, digər dövlətlər üçün də bir örnək olacaq. Onsuz da Türk dövlətlərinin əməkdaşlığını və dərin inteqrasiyasını istəməyən kifayət qədər dövlətlər var və hər addımda buna qısqanclıqla baxırlar. Amma elə o düşüncələri də darmadağın etmək üçün bu, çox mühüm bir addımdır və təqdirəlayiqdir. Ümid edirəm ki, bundan sonra da əməkdaşlığımız və qardaşlığımız, dostluğumuz daha da inkişaf edəcək. Həmçinin də Çindən Avropanın mərkəzinə qədər bütün dəhliz, Orta Dəhliz gəlib buradan keçir. Yəni bu, Türk dünyasının həmin o dəhlizin açılması ilə bağlı, fəaliyyəti ilə bağlı mühüm addımdır. Eyni zamanda da Türk dövlətlərinin gələcəkdə əməkdaşlığı daha da inkişaf etdirməsi üçün çox böyük bir ilkin addımdır ki, təqdirəlayiqdir və alqışlamaq lazımdır. Digər dövlətlər də buna qoşulsalar, daha yaxşı olar".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən