13 sənəd imzalandı, amma əsas diqqət bu müqaviləyə yönəldi - Deputat səbəbini AÇIQLADI

 13:05 25.08.2026     646

"Azərbaycan Prezidentinin qardaş Özbəkistana səfəri zamanı 13 sənəd imzalandı. Amma bunların içərisində ən mühüm sənəd, şübhəsiz ki, əbədi dostluq haqqında imzalanan sənəddir. Bu, iki qardaş xalqın ortaq tarixi keçmişindən gələn ənənələrinin, dəyərlərinin, mənəviyyatının təsbit edilərək yenidən qəbul edilməsi, hazırkı tarixi şəraitdə bunların davam etdirilməsi zərurətinin qeyd olunması və tarixdən gələn bu dostluğun gələcək nəsillərə ötürülməsi, onun təbliğ edilməsi baxımından olduqca vacib bir sənəddir".

Redaktor.az-a bu fikirləri Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndəsi Hikmət Babaoğlu Azərbaycan ilə Özbəkistan arasında Əbədi dostluq haqqında Müqaviləsinin imzalanmasından danışarkən səsləndirdi.

O əlavə etdi ki, bundan sonra imzalanan digər sənədlər heç şübhəsiz hər iki ölkənin sosial-iqtisadi inkişafı və əhalisinin rifahının yaxşılaşdırılması məqsədini daşıyır:

"Bu, əlbəttə ki, həm Azərbaycanın, həm də qardaş Özbəkistanın inkişafı üçün mühüm perspektivlər yaradır. Əgər məsələyə bir qədər sahələr üzrə baxsaq, görərik ki, burada nəqliyyat və kommunikasiya qovşaqları ayrıca bir məsələdir. Transxəzər marşrutu ilə Özbəkistandan gələn yüklərin Azərbaycana daşınması da mühüm istiqamətlərdən biridir. Azərbaycan Prezidenti Özbəkistan üçün nəzərdə tutulan limanın qısa müddətdə başa çatdırılması ilə bağlı göstəriş verdi. Zəngəzur dəhlizi, yəni Orta dəhlizin etibarlı marşrutu üzrə əməkdaşlıq da ayrıca əhəmiyyət daşıyır. Turizm sahəsində əməkdaşlıq, elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişafı da digər mühüm istiqamətlərdir. Göründüyü kimi, məhz “əbədi dostluq” ifadəsinin məzmununu ehtiva edən çoxsaylı istiqamətlər üzrə imzalanan bu sənədlər, demək olar ki, əbədi dostluğu iqtisadi müstəvidə də, geoiqtisadi müstəvidə də, geosiyasi müstəvidə də zəruri edən şərtə çevrilir", - deyə millət vəkili yekunlaşırıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən