"Azərbaycan və Özbəkistanı ortaq tarix, türk kimliyi, dil və zəngin mədəni irs birləşdirir" - Deputat

 14:58 25.08.2026     591

"Azərbaycan Prezidentinin Özbəkistana səfəri fonunda diqqət çəkən əsas məqam iki ölkə arasında münasibətlərin artıq ənənəvi diplomatik əlaqələr çərçivəsindən çıxaraq uzunmüddətli strateji tərəfdaşlıq müstəvisinə keçməsidir. Bu münasibətlərin arxasında ilk növbədə siyasi etimad dayanır. Bakı ilə Daşkənd arasında son illərdə formalaşan qarşılıqlı etimad bu gün konkret qərarlar, sənədlər və birgə layihələrlə möhkəmlənir. Səfər zamanı "Əbədi Dostluq Müqavilə"sinin imzalanması da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır".

Bu fikirləri Redaktor.az-a İlham Əliyevin Özbəkistan səfərindən danışan deputat Azər Badamov bildirdi.

Millət vəkili nəzərə çatdırdı ki, bu sənədi yalnız diplomatik sənəd kimi qiymətləndirmək doğru olmaz:

"Müqavilə Azərbaycan və Özbəkistanın münasibətlərə uzunmüddətli perspektivdən yanaşdığını, qarşılıqlı hörmət və etimadı gələcək nəsillərə də ötürmək niyyətində olduğunu göstərir. Başqa sözlə, bu, iki ölkənin siyasi münasibətlərinin davamlılığını təmin edən mühüm hüquqi-siyasi çərçivədir. Əslində, bu yaxınlığın təməli yalnız müasir siyasi münasibətlərlə məhdudlaşmır. Azərbaycan və Özbəkistan xalqlarını ortaq tarix, türk kimliyi, dil və zəngin mədəni irs birləşdirir. Bu mənəvi yaxınlıq dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm zəmin yaradır.

Lakin münasibətlərin əhəmiyyəti yalnız siyasi və humanitar sahələrlə bitmir. Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm dövlətlərindəndir. Bu iki ölkənin imkanlarının bir araya gəlməsi regionlararası əlaqələrin genişlənməsi baxımından ciddi perspektivlər açır. Xüsusilə nəqliyyat və logistika sahəsində əməkdaşlıq diqqət çəkir. Orta Dəhlizin imkanlarının genişləndirilməsi, Xəzər üzərindən daşımaların artırılması və Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışının şaxələndirilməsi Azərbaycan və Özbəkistanın maraqlarını bir-birinə daha da yaxınlaşdırır. Bu əməkdaşlıq təkcə iki ölkənin iqtisadi maraqlarına deyil, bütövlükdə regional ticarət və tranzit imkanlarına xidmət edir.

Digər tərəfdən, humanitar əlaqələrin inkişafı da xüsusi məna daşıyır. Daşkənddə Azərbaycanla bağlı həyata keçirilən mədəni və təhsil layihələri, Nizami Gəncəvinin adının yaşadılması iki xalq arasında mövcud mənəvi bağların dövlət siyasəti səviyyəsində dəstəkləndiyini göstərir. Bütün bunların fonunda Prezident İlham Əliyevin Özbəkistana səfərini münasibətlərin sadəcə növbəti mərhələsi deyil, yeni keyfiyyət mərhələsi kimi qiymətləndirmək olar. Bu gün Azərbaycan-Özbəkistan münasibətlərinin inkişaf məntiqi kifayət qədər aydındır: qardaşlıqdan strateji tərəfdaşlığa, strateji tərəfdaşlıqdan müttəfiqliyə və müttəfiqlikdən Əbədi Dostluğa doğru. Bu yolun davamlı olması isə təkcə Bakı və Daşkənd üçün deyil, bütövlükdə Türk dünyasının həmrəyliyi, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin güclənməsi və regionda yeni əməkdaşlıq imkanlarının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən