Trampın dünya liderlərinə müraciəti nəticə verəcək? - Şərh

 17:04 25.08.2026     463

ABŞ-nin Maliyyə naziri Skott Bassent bildirib ki, ABŞ Prezidenti Donald Tramp dünya liderləri ilə telefon danışıqlarına başlayıb. Nazirin sözlərinə görə, Tramp danışıqlar zamanı dünya liderlərinə konkret müraciət edir və onlardan İranla qarşılıqlı əlaqələri dayandırmağı xahiş edir.

Maraqlıdır, bəs Trampın müraciəti yerinə yetirilə bilərmi?

Redaktor.az-a danışan politoloq Azər Qasımovun sözlərinə görə, İrana qarşı iqtisadi sanksiyalar üzərindən təzyiq etmək istəyən ABŞ Prezidenti Donald Trampın dünya ölkələrindən İranla qarşılıqlı əlaqələri dayandırmağı xahiş etməsi siyasi və diplomatik baxımdan yeni addım olsa da, reallıqlar nəzərə alınarsa, ciddi effekt alınması mümkünsüz bir gedişdir:

"Məsələ ondadır ki, Rusiya və Çin faktoru buna maneədir. Ərəb ölkələri müəyyən qədər buna razı olsa da, Türkiyənin buna razı olacağı da mümkünsüzdür. Türkiyə Rusiya ilə olduğu kimi, İranla da iqtisadi əlaqələrini kəsməz. Azərbaycanın da belə bir addıma gedəcəyi mümkünsüzdür. Hesab edirəm ki, Tramp Azərbaycana bunu təklif belə etməz".

Siyasi şərhçinin fikrincə, İranla problemi olan Trampın digər ölkələrə bunu təklif etməsi diplomatik zəiflikdir:

"ABŞ kimi supergücün ilk dəfə olaraq belə bir addım atması fikri ancaq Trampın ağlına gələrdi. Hesab edirəm ki, bundansa, ABŞ İranla diplomatik münasibətlərini sivil şəkildə həll edə bilərdi. Amma arxa plandakı müəyyən proseslər bunu mümkünsüz edir. Fikrimcə, iqtisadi təzyiq uzun müddətdə effekt verə bilər. Sadəcə, Tramp ABŞ-nin müttəfiqlərini özündən uzaqlaşdırmaq siyasətindən əl çəkərsə".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən