“Paşinyan Ermənistanın məhv olmaması üçün realist siyasət aparır” - Akif Nağı

 17:19 25.08.2026     617

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin qonşu dövlətlərin ərazisində “vətən” axtarmamalı olduğunu bildirib. O, Ermənistanın ərazi bütövlüyünün qorunmasının və qonşuların ərazi bütövlüyünün tanınmasının vacibliyini vurğulayıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Akif Nağı bildirdi  ki, Ermənistanda Paşinyanın siyasətini və hakimiyyətini müxtəlif cür şərh edirlər:

"Mənim də səsləndirdiyim fikirlərdən biri onun realist siyasətçi, realist hakimiyyət nümayəndəsi olması ilə bağlıdır. Yəni o, hər şeyə, tarixə də realist mövqedən yanaşır. Eyni zamanda, indi baş verən hadisələrə real vəziyyəti dərk edərək yanaşır. Azərbaycanın gücü ilə hesablaşır. Reallıq bundan ibarətdir. Azərbaycanın müharibədə qalib gəldiyini qəbul edir, Azərbaycanın mövqeyinin haqlı olduğunu nəzərə alır və bunu başa düşür. Yəni realist siyasətçidir. Ona görə tarixə də baxır və hesab edir ki, bu yalanlardan qurtarmaq lazımdır. Hətta bilirsiniz ki, o, ölkə daxilində, Ermənistanda qondarma erməni soyqırımı ilə bağlı proseslərin aparılmasının da əleyhinədir. Bununla bağlı müəyyən qanunvericilik bazası da hazırlayırlar ki, həmin gün ümumiyyətlə indiyə qədər olan formada qeyd olunmasın. Eyni zamanda, o, buna qarşı çıxır və dəfələrlə açıqlama verib ki, hansısa başqa dövlətlər, beynəlxalq və regional təşkilatlar, müxtəlif mərkəzlər bu qondarma soyqırımı məsələsindən alət kimi istifadə etməsinlər. Yəni məsələlərə açıq və aydın baxır.

Eyni zamanda, bu vətən axtarışı məsələsinə də münasibət bildirir. Deyir ki, ermənilər artıq bu yalanlardan qurtulmalıdırlar. XVIII əsrdən başlayaraq bu yalanların formalaşdırılması təsadüfi deyildi. Onlar həmin dövrdə də alət kimi istifadə olunurdular. Bir sıra Qərb dövlətləri həm Osmanlıların hakimiyyətdə olduğu Türkiyəyə qarşı, eyni zamanda Səfəvilərin hakimiyyətdə olduğu Azərbaycana qarşı həmin dövrdən etibarən təxribat və tarixin saxtalaşdırılması prosesini aparırdılar. Erməniləri Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları xəttinə qoşdular. Onların məqsədi Azərbaycana və Türkiyəyə qarşı öz maraqları naminə təzyiq göstərmək, daxildən müəyyən proseslər aparmaq üçün ermənilərdən istifadə etmək idi. Ermənilər də həmişəki kimi həmin dövrdən başlayaraq aldadılaraq bu ssenariləri həyata keçirməyə başladılar və heç nəyə nail ola bilmədilər. Alət kimi qaldılar. Xarici dövlətlər ola bilsin ki, müəyyən məqsədlərinə nail oldular, amma ermənilərin özləri heç nəyə nail olmadılar".

Müsahibimiz diqqətə çatdırdı ki, heç vaxt onların dövləti və vətəni olmayıb:

"İndiki vətənlərinin də onların tarixi vətəni olmadığını Paşinyan çox yaxşı başa düşür. Hazırda yaşadıqları 29,7 min kvadratkilometr ərazinin də onların tarixi vətəni olmadığını anlayır. Amma hər halda həmin ərazidə yaşayırlar, dünya birliyi onları tanıyıb və Paşinyan da həmin ərazini qorumağa çalışır. Başa düşür ki, başqa yerlərdə, Azərbaycan ərazisinə, Gürcüstana, hətta Rusiya istiqamətində, Rusiyanın cənubu ilə bağlı ərazi iddiaları irəli sürmək Ermənistan üçün təhlükəlidir. Onlar guya tarixdə 7, 8, 9, 10 erməni dövlətinin olduğunu iddia edirlər. Paşinyan isə erməniləri bu cür xülyalardan, yalanlardan və həmin yalanlar üzərində alət olmaq praktikasından geri çəkilməyə çağırır. Deyir ki, vətən axtarışından çəkinmək lazımdır, heç kəsə qarşı artıq ərazi iddianız olmamalıdır.

Ermənilərin ərazi iddiası olmamalıdır. O ərazi ki, hazırda Ermənistanın yerləşdiyi ərazidir, Azərbaycan torpaqları olub. Azərbaycan həmin torpaqları onlara verib və rusların da köməyi ilə orada dövlətlərini yaradıblar. Tarixdə ilk dəfə, deyək ki, 1918-ci ildə yaranan qurumu da tam formalaşmış dövlət adlandırmaq çətindir. Çox qeyri-sabit vəziyyətdə idi və cəmi 9-10 min kvadratkilometr əraziyə malik idi. Həmin ərazini də Azərbaycan onlara vermişdi. Yəni onlar dövlətləşə bilməmişdilər. Sonra sovetlər gəldi, ruslar gəldi, orada sovet hakimiyyəti quruldu və onlara da dövlət yaradıldı. Azərbaycanın hesabına həmin ərazilər bir qədər də genişləndirildi və 29,7 min kvadratkilometrə çatdırıldı. Paşinyan bunu başa düşür və həmin ərazidə qalmağa, o dırnaqarası vətəni qoruyub saxlamağa bütün səyi ilə çalışır. Əgər bu şəkildə davam etsə, Paşinyanın xətti qalib gəlsə və bu siyasət davamlı olsa, Ermənistan, deyək ki, xilas olacaq. Yox, əgər revanşistlər hansısa formada Samvel Karapetyan, hazırda həbsə göndərilənlər, Köçəryan və ya Sarkisyanın təmsil etdiyi xətt üstünlük qazanarsa, Ermənistan məhvə doğru gedəcək. Azərbaycanın onlara verdiyi, bəxş etdiyi bu dövləti itirəcəklər. Paşinyan məhz bu mövqedən çıxış edir və bu, ermənilərin maraqlarına cavab verən bir mövqedir. Ermənilərin əksəriyyəti bunu başa düşsələr, özləri üçün yaxşı olacaq. Başa düşməsələr, faciəyə doğru yollarını davam etdirəcəklər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən