Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? - AÇIQLAMA 

 11:00 26.08.2026     503

"ABŞ Prezidenti Donald Trampın qeyd etdiyi “İranda humanitar böhran dayandırılmalıdır” ifadəsi hazırkı vəziyyətdə təsadüfi ola bilməz. Burada həmçinin mühüm məqam var. Humanitar böhran dedikdə, bunu yalnız yardımların göndərilməsi kimi başa düşmək olmaz. Böhranın əsas səbəblərindən biri də müharibədir və onun nəticələrindən qaynaqlanan sanksiyalar, enerji və yanacaq çatışmazlığı, nəqliyyatın pozulması, iqtisadi tənəzzül və daxildə baş verən siyasi vəziyyətlə bağlıdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Çingiz Şahbazi qeyd etdi.

"ABŞ Prezidenti Donald Tramp İranı epik miqyasda humanitar böhran içində olmaqda ittiham etdi və eyni zamanda İran hakimiyyətinin etirazçılara qarşı edamları dayandırmasını tələb edib. Hazırda İranda bütün sahələrdə ciddi böhran yaşanır. İqtisadi böhran, yanacaq böhranı, müharibənin infrastruktura təsiri, dərman və tibbi təminat, ərzaq məhsullarının çatışmazlığı, qiymət artımı, işsizlik, gəlirlərin azalması, siyasi repressiya və s. Bütün bunları aradan qaldırmaq üçün ilk növbədə atəşkəs və mülki infrastruktura hücumları dayandırmaq lazımdır. Bu, ən vacib məsələdir. Enerji stansiyaları, su təchizatı və ehtiyatları, xəstəxanalar, ərzaq anbarları və nəqliyyat infrastrukturu hədəf alınmamalıdır. Çünki bir ölkənin elektrik və su sisteminin dağılması humanitar böhranı hərbi əməliyyatların özündən daha uzun müddət davam etdirir".

Onun sözlərinə görə, humanitar kanalın yaradılması gündəmdədir:

"BMT, ABŞ, İran, Oman, Qətər və Pakistanın iştirakı ilə xüsusi kanalın yaradılması gözlənilir və yardım İran xalqına sanksiyalardan kənar şəkildə sürətli olaraq çatdırılmalıdır. Əlbəttə ki, burada əsas prinsip yardımın İran hökumətinə yox, birbaşa xalqa çatması olmalıdır. Hesab edirəm ki, İrana qarşı sanksiyaların mühüm bir hissəsinə də yenidən baxılması və yumşaldılması lazım gələcək. Bu, çox mühüm məsələdir. Çünki bir tərəfdən böhranla bağlı yardım etmək planı çəkilir, digər tərəfdən isə ölkənin bank sistemi, enerji və ticarət kanalları tam bağlanırsa, bu, əlbəttə ki, ziddiyyət təşkil edir və bu istiqamətdə də addımlar atılmalıdır. Həmçinin tətbiq olunan sanksiyalar BMT-nin və beynəlxalq insan haqları konvensiyalarının müddəalarına ziddiyyət təşkil edir. Bu baxımdan tətbiq olunan sanksiyalarda istisnalar mütləq nəzərə alınmalıdır".

Çingiz Şahbazi vurğuladı ki, Trampın son bəyanatında yer alan əsas məsələlərdən biri də İranda tətbiq edilən, etirazçılara qarşı edam cəzası ilə bağlıdır:

"Humanitar yardım yalnız bombalanma və aclıqdan ibarət deyil. Hökumətin öz vətəndaşlarına qarşı kütləvi edam və zorakılıq tətbiq etməsi də humanitar problemdir. Buna görə də Tehranla danışıqlar prosesi zamanı belə bir şərtin qoyulması lazımdır. Əlbəttə ki, ən mühüm məsələ ABŞ və İran arasında siyasi baxımdan razılığa gəlmələridir. Bu, bütün problemləri həll etməyə imkan yarada bilər. Bu istiqamətdə Pakistanın böyük səyləri var. Həmçinin Hörmüz məsələsi də humanitar böhranın əsas hissəsini təşkil edir. Boğazdan keçən neft daşımalarının 20 milyon bareldən 4-5 milyon barelə düşməsi də burada böyük rol oynayır. Körfəzdəki vəziyyət, həmçinin Körfəz ölkələrinin iqtisadiyyatına və dünya enerji bazarına ciddi təsir edib. Milyardlarla dollar pul itirilir".

Politoloqun fikrincə, Hörmüzün açılması bu səbəbdən humanitar tədbir olmaqla yanaşı, qlobal iqtisadi sabitliyin qorunub saxlanması istiqamətində atılan tədbirdir:

"Bu istiqamətdə də danışıqlar davam edir və minaların təmizlənməsi ilə bağlı İran və Oman arasında müzakirələr aparılır. Hesab edirəm ki, Trampın çağırışını İrana qarşı yeni danışıqlar təklifinin siyasi çərçivəsi olaraq da görmək olar. Bu baxımdan humanitar böhranın mövcudluğu realdır, amma Trampın çağırışının hansı məqsədlərə hesablandığı artıq tamamilə siyasi məsələdir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən