Azərbaycanla Özbəkistanın yeni müttəfiqliyi Türk dünyasına necə təsir edəcək? - Deputat AÇIQLADI

 13:36 26.08.2026     536

"Azərbaycanla Özbəkistan arasında Əbədi dostluq haqqında imzalanan müqavilə olduqca vacib bir sənəddir. Xüsusilə iki dövlət arasındakı münasibətlərin müttəfiqlik səviyyəsində qərarlaşması ilə yanaşı, onu daha da möhkəmləndirmək və perespektivə hesablanacaq bir fəaliyyət spektrinin müəyyən olunması baxımından olduqca vacibdir. Biz o sənədin mahiyyətinə diqqət yetirsək, görərik ki, elə bir sahə yoxdur ki, o sənəddə təsbit olunmasın. Nəticə etibarilə, bu da ondan xəbər verir ki, Əbədi dostluq haqqında müqavilə dostluq münasibətlərini elan etməklə yanaşı, həm də Azərbaycan-Özbəkistan əlaqələrini siyasi, təhlükəsizlik, iqtisadi, nəqliyyat, texnoloji və humanitar sahələri əhatə edən uzunmüddətli strateji müttəfiqlik sisteminə çevirməkdədir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov səsləndirdi.

O əlavə etdi ki, bu sənəd həm də Türk Dövlətləri Təşkilatının bütövlükdə inkişafına birbaşa olaraq təsir edə biləcək müttəfiqlik münasibətləridir:

"Çünki Türk Dövlətləri Təşkilatının fəaliyyət spektrinə, xüsusilə də Türk Dövlətləri Təşkilatının bu gün diqqət mərkəzində saxlanılan məsələlərin demək olar ki, hamısı Əbədi dostluq haqqında müqavilə ilə təsbit olunub. Biz burada siyasi və diplomatik əməkdaşlığın dərinləşdirilməsini, xüsusilə də qarşılıqlı etimadı, sonra strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə sadiqliyi, bundan da başqa, milli inkişaf modellərinin seçilməsində bir-birinin dəstəklənməsi və milli maraqlara toxunan məsələlərdə qarşılıqlı siyasi dəstəyin göstərilməsini, o cümlədən parlamentlərarası əlaqələrin genişləndirilməsini görürük. Bu, siyasi və diplomatik əməkdaşlıq spektrini tam şəkildə müəyyənləşdirməklə yanaşı, həm də çox rahat şəkildə Türk Dövlətləri Təşkilatının üzv ölkələri arasındakı siyasi və diplomatik əməkdaşlıq müstəvisinə proyeksiya olunur".

Millət vəkili vurğuladı ki, Əbədi dostluq haqqında müqavilə hələ nə Azərbaycan, nə də Özbəkistan tərəfindən kiminləsə bağlanmamışdı:

"Bu, beynəlxalq münasibətlər sistemində tamamilə yeni bir formatdır. Bu format həm də müəyyən mənada Türk Dövlətləri Təşkilatının institusional və siyasi inkişafını şərtləndirə biləcək yeni bir nüvənin, yeni bir mərkəzin formalaşmasına gətirib çıxarır. Nəzərə alsaq ki, Əbədi dostluq haqqında müqavilənin digər bir çox vacib müddəası təhlükəsizlik və müdafiə ilə bağlı olan məsələdir ki, burada da bir-birinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuracağı blok və ittifaqlarda iştirak etməmək məsələsi, ərazilərin üçüncü ölkələr tərəfindən digər tərəfə qarşı istifadə edilməsinə yol verməmək və digər məsələlər sırf bu kontekstdə, şübhəsiz ki, olduqca vacibdir və bu gün təhlükəsizlik və müdafiə məsələləri Türk Dövlətləri Təşkilatı üçün çox mühüm əhəmiyyətə malik olan məsələlərdən biri kimi dəyərləndirilir".

Müsahibimiz qeyd etdi ki, regional və qlobal təhlükəsizlik məsələlərində BMT-nin rolunun gücləndirilməsinə sadiqliyi ifadə edən fikrin bu sənəddə yer alması, bütövlükdə beynəlxalq hüququn təməl prinsiplərinə hörmətdən irəli gələrək çox vacib bir əməkdaşlıq vektorunu müəyyənləşdirir:

"Ticarət, investisiya və sənaye sahəsindəki əməkdaşlıq münasibətləri də Türk Dövlətləri Təşkilatı üçün mahiyyət daşıyan və olduqca aktual olan sahələri əhatə edir. Nəzərə alsaq ki, burada, məsələn, 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulur, yəni söhbət sırf iki dövlət arasında olan ticarət dövriyyəsindən gedir. Bu, eyni zamanda daha geniş kontekstdə Azərbaycanın Türk Dövlətləri Təşkilatının digər üzvləri ilə, eləcə də Özbəkistanın digər üzv dövlətlərlə bu istiqamətdə əməkdaşlıq sahələrinin inkişaf etdirilməsini şərtləndirir. Bütövlükdə bu, iki dövlət arasında müəyyən olunmuş məqsədlərə uğurlu şəkildə nail olunmasına imkan yaradır. Nəqliyyat və logistika məsələlərinə, misal üçün, Orta Dəhliz məsələsinə nəzər salsaq, yenə də bəlli olur ki, Azərbaycan-Özbəkistan əməkdaşlığı həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz arasında logistika bağlantılarını gücləndirmiş olur. Bu da nəticə etibarilə Türk Dövlətləri Təşkilatının əksər üzvlərinin ərazisindən keçən logistika marşrutlarının inkişafı deməkdir. Nəzərə alsaq ki, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Türkiyə də bu prosesin müxtəlif istiqamətlərində iştirak edir, bu, gələcəkdə məhz nəqliyyat və logistika sahəsi üzərindən yeni bir əməkdaşlıq arxitekturasının formalaşmasını şərtləndirir. Rəqəmsal texnologiyalar və innovasiyalar, kənd təsərrüfatı, elm, təhsil və innovasiya sahələrində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Xüsusilə rəqəmsal transformasiya şəraitində bu istiqamətdə fəaliyyətlərin inkişaf etdirilməsi, eyni zamanda Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələrin genişləndirilməsinin aktuallığını nəzərə alsaq, bu müqavilə çox yaxşı bir presedent və əməkdaşlıq modeli kimi çıxış edir".

Siyasətçinin fikrincə, bu model sonrakı mərhələdə digər Türk Dövlətləri Təşkilatı üzvləri arasındakı münasibətlərə də rahat şəkildə tətbiq oluna bilər:

"Humanitar və mədəni sahədə əməkdaşlıq baxımından da görürük ki, bu istiqamət Türk Dövlətləri Təşkilatının əsas prioritet məsələlərindən biridir. Burada humanitar əməkdaşlığın, o cümlədən mədəni irsin qorunması və inkişaf etdirilməsinin xüsusi əhəmiyyəti var. İstənilən halda, çox maraqlı müddəaları özündə ehtiva edən Əbədi dostluq haqqında müqavilə bütövlükdə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əbədi dostluq modelinin təşviq olunması üçün olduqca uğurlu və əlverişli bir mühit formalaşdırır. Bu baxımdan düşünürəm ki, gələcəkdə digər üzvlər arasında istər ikitərəfli, istər üçtərəfli, istərsə də çoxtərəfli formatda buna bənzər sənədlərin imzalanacağına şahidlik edəcəyik. Bu da nəticə etibarilə Türk Dövlətləri Təşkilatının bütövlükdə geosiyasi əhəmiyyətini artıran çox vacib bir nailiyyət kimi dəyərləndiriləcəkdir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən