“ABŞ təzyiqi Kanadanı Çinə daha da yaxınlaşdırır” - Politoloq

 17:15 26.08.2026     382

"ABŞ Prezidenti Donald Trampın Kanada siyasəti iki ölkə arasındakı münasibətləri qonşuluqdan-düşmənçiliyə keçirib desək yanılmarıq. Kanada Şimali Amerika üçün xüsusi əhəmiyyətə malik ölkədir. Zəngin mineral resursları, sənayesi, qitənin təchizat zəncirlərindəki rolu və enerji potensialı Kanadanın geosiyasi əhəmiyyətindən xəbər verir".

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bu fikirləri Redaktor.az-a ABŞ-Kanada münasibətlərindən danışarkən səsləndirib.

"ABŞ-nin Kanada ilə bağlı sərt ritorikası və hücum diplomatiyası ölkənin Çinlə genişlənən iqtisasi əlaqələrindən irəli gəlir. Bir müddət öncə ABŞ xarici siyasətini müəyyənləşdirən “Tramp doktorinası”nın qəbulu Çinin qitədəki nüfuzunu azaltmaq məqsədini ifadə edirdi. Kanada isə cari ilin əvvəlində Çinlə iqtisadi əlaqələri genişləndirib və yeni ticarət razılaşmaları əldə edib. Razılaşmaya əsasən Kanada illik 49 000 ədəd Çin istehsalı elektrik avtomobili üçün kvota müəyyən edib. Tariflərdə də dəyişiklik olunub belə ki, əvvəlki 100%-lik əlavə tarifin əvəzinə bu avtomobillərə 6,1% tarif tətbiq ediləcək. Çin isə Kanada kanola toxumuna tətbiq etdiyi ümumi tarifləri təxminən 85%-dən 14,9%-ə endirib. Həmçinin kanola unu, noxud, lobster və kraba qarşı tətbiq olunan ayrı-seçkilik xarakterli tarifləri 2026-cı ilin sonunadək dayandırıb. Beləliklə də Kanada ixrac və idxal bazarlarını genişləndirməklə ABŞ təsirini azaltmağa çalışır. Bu da öz növbəsində Kanada-ABŞ münasibətlərinə təsirsiz qalmır".

Üzeyir Mustafayev (@uzeyir.mustafayev.77) • Facebook

Müsahibimiz əlavə etdi ki, ABŞ Kanada mallarına tarifləri yüksəldir və paralel olaraq məcburetmə diplomatiyasını tətbiq etməyə çalışır:

"Vaşinqton Kanadanın ən böyük iqtisadi tərəfdaşı kimi ABŞ-nin olmasını istəyir. İqtisasi təsirləri genişləndirməklə nəticə əldə etməyə ümid edir. Əslində isə böyük paradoks yaranır. ABŞ-nin artan təzyiqi Kanadanın Çinlə iqtisadi dövriyəsinin artmasına səbəb olur. Təsir özü-özlüyündə əks-təsirə bərabərdir - əgər ABŞ ritorikasını dəyişməsə və tarifləri artırmağa davam etsə iqtisadi asılılıq əvəzinə tamamilə ABŞ iqtisadiyyatından uzaq bir Kanada ilə qarşılaşa bilər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən