“Köçəryan və Sarkisyanın arxasında maraqlı qüvvələr dayanır” - Polkovnikdən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Ermənistanın sabiq prezidenti, Qarabağda ləğv olunan separatçı rejimin liderlərindən biri olan Robert Köçəryan saxlanılıb. Xatırladaq ki, Köçəryan separatçı rejimin azadlıqda olan yeganə rəhbəri idi.
Qarabağ klanının əsas liderinin həbs olunması Ermənistandakı revanşist qüvvələrin fəaliyyətinə və sülh müqaviləsinin imzalanma tempinə necə təsir edəcək? Robert Köçəryanın saxlanılması Ermənistanın daxili siyasi çəkişməsidir, yoxsa bu, Paşinyan hakimiyyətinin Bakı ilə sülh danışıqları fonunda Qarabağ klanını tam neytrallaşdırmaq həmləsidir?
Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, Qarabağ klanının əsas liderlərinin həbsi, əlbəttə ki, Ermənistanın daxili işləri ilə bağlıdır:
"Bir qədər də bizim cəmiyyətdə belə bir illüziya yaranıb ki, Robert Köçəryan, Serj Sarkisyan həbs olunandan sonra guya onlar Azərbaycana veriləcək. Elə bir şey mümkünsüzdür və ümumiyyətlə, belə bir şeyin olmasını ağlımızın ucundan da keçirməyək. Ona görə də Robert Köçəryanın saxlanılması, sonra bu çəkişmələr – bunların hamısı, əslini yazsaq, bizim üçün xoş xəbərdir. Amma eyni zamanda bunu başa düşmək lazımdır ki, bunlar Ermənistanın daxildə olan siyasi çəkişmələrdir. Bilirsiniz ki, Robert Köçəryanın oğlu parlamentin ilk iclasında Nikol Paşinyanı təhqir etmişdi. Həm də onlar 20 iyun parlament seçkilərinin keçirilməsi zamanı Paşinyana müxtəlif təzyiqlər və təsirlər etmək üçün öz havadarları vasitəsilə bütün mümkün variantlardan istifadə etmişdilər".

Müsahibimiz əlavə etdi ki, bu sülh müqaviləsinin imzalanması ilə hər hansı birbaşa əlaqəsi olan məsələ deyil:
"Əlbəttə ki, haradasa cüzi də olsa, dolayısı ilə müəyyən əlaqəsi mümkündür. Amma mən birbaşa heç vaxt düşünmürəm ki, bu, sülh müqaviləsinin imzalanmasına hansısa təsir göstərər. Paşinyan çox rahat şəkildə daxildə bütün işlərini görür, həyata keçirir. Ona görə də mən düşünmürəm ki, o, hansısa bir sıxıntı keçirir və ya narahatçılığı var. Mən şəxsən Paşinyanın belə bir sıxıntısını və yaxud narahatçılığını görmürəm. Sözsüz ki, Paşinyan Bakı ilə sülh danışıqlarını təkcə Bakı ilə yox, o cümlədən qardaş Türkiyə ilə də münasibətlərin yaxşılaşdırılması üçün əlindən gələni edir. İndi baxaq görək, qarşıdakı günlərdə proseslər hansı istiqamətə gedəcək".
Ü.Cəfərovun sözlərinə görə, Robert Köçəryanın da, Serj Sarkisyanın da arxasında müəyyən maraqlı qüvvələr dayanır və o maraqlı qüvvələr çalışacaqlar ki, bu prosesə mane olsunlar, yəni prosesi dayandırmaq üçün müxtəlif yollarla əllərindən gələni etsinlər:
"Hətta bu gün Ermənistan rəhbərliyi silahlı çevrilişə cəhdlə bağlı bir xəbərdarlıq edib. Köçəryan, sonra Sarkisyan və tərəfdarlarının Rusiyanın müəyyən maraqlı qüvvələrinin iştirakı ilə... Amma düşünmürəm ki, onlardan nəsə alınsın. Nikol Paşinyan düz yoldadır. Nikol Paşinyan başladığı işi başa çatdırmaq istəyir və başa çatdıracaq".
Xədicə BAXIŞLI













