"Pakistanın ABŞ və İranı məcbur edəcək təsir mexanizmi yoxdur" - Yusif Bağırzadə
Xarici medianın məlumatına görə, Pakistan ABŞ və İranı daha 60 günlük atəşkəs elan etməyə razı salmağa çalışır.
Maraqlıdır, bəs Pakistan istəyinə nail ola bilərmi?
Redaktor.az-a danışan politoloq Yusif Bağırzadənin sözlərinə görə, Pakistanın bu cəhdi ilk növbədə İslamabadın son aylarda formalaşdırdığı vasitəçilik rolunu qorumaq istəyini göstərir:
"Son məlumatlara görə, Pakistan tərəflərə bir tərəfdən birbaşa danışıqların bərpasını, digər tərəfdən Hörmüz boğazının açılması və İrana qarşı sanksiyaların yumşaldılması istiqamətində paralel addımlar atılmasını təklif edib. Təklif hələ nə Vaşinqton, nə də Tehran tərəfindən rəsmi şəkildə təsdiqlənməyib. İlk baxışdan belə bir perespektiv indiki şərtlər daxilində kifayət qədər mürəkkəb görünür. Çünki əvvəlki 60 günlük çərçivə avqustun ortalarında başa çatıb və tərəflər yekun razılaşmaya nail ola bilməyiblər. Üstəlik, İran həmin müddətin formal olaraq atəşkəs üçün son tarix olmadığını bildirərək bu müddətin danışıqlar üçün pəncərə olduğunu vurğulayıb. Bu isə onu göstərir ki, yeni 60 günlük mexanizm təkcə texniki uzatma yox, tamamilə yeni siyasi çərçivə tələb edir".
Onun fikirincə, Pakistanın müəyyən üstünlükləri var:
"İslamabad həm Vaşinqtonla, həm də Tehranla danışa bilən dövlətdir. Trampın Pakistanın ordu rəhbəri Asim Münirlə Tehran səfərindən əvvəl danışaraq İranı danışıqlara qaytarmaq üçün Pakistanın təsirindən istifadə etməsini istəməsi də bu vasitəçilik rolunun Vaşinqton tərəfindən müəyyən qədər qəbul edildiyini göstərir. Münirin Tehrana səfərindən sonra Pakistan rəsmiləri danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunduğunu da bildiriblər. Əsas problem isə ABŞ və İranın prioritetlərinin hələ də bir-birinə zidd olmasıdır. Vaşinqton danışıqların bərpası ilə yanaşı Hörmüz boğazının açılmasını istəyir. Tehran isə əvvəlcə İsrailin, xüsusilə Livanın cənubundakı atəşkəs pozuntularının dayandırılmasını tələb edir. Bundan əlavə, İran sanksiyaların yumşaldılmasını danışıqların əsas şərtlərindən biri hesab edir".
Siyasi şərhçi hesab edir ki, Pakistanın tam və uzunmüddətli siyasi razılaşmaya nail olmaq şansı hazırda aşağı olsa da amma yeni müvəqqəti atəşkəs yaratmaq şansı var:
"Düzdür tərəflərin bir-birinə etimadı çox zəifdir və əvvəlki razılaşmanın da davamlı olmaması bunu göstərdi. Lakin hər iki tərəfin müharibənin iqtisadi və siyasi yükünü azaltmağa ehtiyacı var. Xüsusilə Hörmüz boğazında gərginliyin davam etməsi yalnız İran və ABŞ-yə deyil, dünya enerji bazarlarına da ciddi təsir göstərir. Odur ki, Pakistanın təşəbbüsünün uğur qazanması prinsipcə mümkündür, amma bu, daha çox tərəflərin müharibəni davam etdirməyin xərclərinin danışıqların siyasi qiymətindən yüksək olduğunu düşünməsindən asılıdır. İslamabadın vasitəçilik imkanları realdır, lakin onun əlində ABŞ və İranı məcbur edəcək təsir mexanizimi yoxdur. Buna görə Pakistan üçün ən real hədəf indiki şəraitdə sülhü təmin etmək yox, ən azından yeni eskalasiyanın qarşısını almaq və diplomatiyaya ikinci şans qazandırmaqdır".
Aytəkin TOFİQQIZI













