"Rusiya-Ukrayna müharibəsində davamlı atəşkəs hələ real görünmür" - Politoloq

 17:36 27.08.2026     567

"Hazırkı vəziyyət göstərir ki, qısamüddətli və məhdud atəşkəs ehtimalı tamamilə aradan qalxmayıb, lakin yaxın perspektivdə hərtərəfli və davamlı atəşkəs əldə olunması hələ ki, real deyil. Bunun əsas səbəbi tərəflərin danışıqlara yanaşmasında hələ də ciddi fərqlərin qalmasıdır. Əsas problem ondan ibarətdir ki, Moskva atəşkəsi mövcud cəbhə xəttinin sadəcə dondurulması kimi qəbul etmək istəmir".

Bu fikirləri Redaktor.az-a Rusiya Ukrayna haqqında danışan politoloq Yusif Bağırzadə bildirdi. O vurğuladı ki, Rusiya tərəfi bildirir ki, istənilən razılaşma “yerdəki reallıqları” nəzərə almalıdır:

"Moskvanın hazırkı mövqeyinə görə, danışıqlar Ukraynanın ərazi məsələsində güzəştləri və Rusiyanın təhlükəsizlik tələblərinin nəzərə alınması ilə müşayiət olunmalıdır. Rusiya rəsmiləri eyni zamanda müvəqqəti atəşkəsin Moskvanın strateji məqsədlərinə cavab vermədiyini də açıq şəkildə bildiriblər. Kiyevin yanaşması isə fərqlidir. Ukrayna əvvəlcə atəşkəsin təmin edilməsini, daha sonra siyasi məsələlərin müzakirəsini istəyir. Prezident Zelenski avqustun 25-də ABŞ vasitəçiliyi ilə mümkün razılaşma üçün 2027-ci ilin yayına qədər diplomatik pəncərə gördüyünü bildirib. ABŞ və Avropa ilə hazırlanmış yeni təkliflər arasında atəşkəs və Donbasda üçüncü tərəfin idarə edəcəyi xüsusi iqtisadi zona ideyası da var. Lakin Kreml bu variantı qəbul etmir və Donbası Rusiya ərazisi hesab edir.

Amma buna baxmayaraq kiçikmiqyaslı və sektorlar üzrə atəşkəsin əldə edilməsi mümkündür. Ukrayna buna hazırdır. Qara dənizdə mülki gəmilərə hücumların dayandırılması ilə bağlı Kiyevin təklifi buna nümunədir. Lakin problem Rusiya tərəfdədir. Rusiya bu atəşkəs təşəbbüsünü də hələ ki, öz maraqlarına uyğun hesab etmir. Amma düşünürəm ki, Ukrayna tərəfinin Rusiyanın dərinliklərinə hücumları, Qərbin təzyiqi və ən əsası ABŞ-nin müdaxiləsi ilə kiçikmiqyaslı da olsa atəşkəs mümkün olacaq. Lakin davamlı atəşkəs üçün əsas düyün, yəni ərazi məsələsi, Ukraynanın təhlükəsizlik təminatları və Rusiyanın müharibənin strateji məqsədlərindən nə dərəcədə geri çəkiləcəyi hələ açılmayıb. Bu düyün açılmayınca davamlı atəşkəsdən və sülhdən danışmaq mümkün deyil".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən