"Moskvadakı təxribata görə birbaşa Rusiya dövləti məsuliyyət daşıyır" - Fazil Mustafa
Milli Məclisin deputatı Fazil Mustafa Moskvada Azərbaycanın səfirliyinin qonaq evi qarşısında törədilən təxribatla bağlı açıqlama verib.
Redaktor.az xəbər verir ki, deputat bu barədə özünün feysbuk səhifəsində paylaşım edib.
Fazil Mustafa hadisəyə görə birbaşa Rusiya dövlətinin məsuliyyət daşıdığını bildirib. O, Rusiyada müstəqil dövlətlərin mövcudluğunun şovinist dairələri narahat etdiyini qeyd edib.
"Moskvada səfirliyimizin qonaq evi qarşısında törədilən təxribata görə birbaşa Rusiya dövləti məsuliyyət daşıyır. Tam başlarını itirmişlər. Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir. İmkanları olsa, bütün dünya xalqlarına savaş elan edərlə", - deyə deputat yazıb.
O, Rusiyanın Ukraynaya qarşı müharibəsinə də toxunaraq, bu ölkənin Ukrayna dövləti və xalqına yaşatdığı zülmün məsuliyyətini hələ də anlamadığını vurğulayıb.
Deputat Azərbaycanın da hədəf seçilməsinin səbəbsiz olmadığını bildirib:
"Çünki bölgədə ən müstəqil siyasət yeridən dövlət kimi onları yetərincə narahat edirik. Alışa bilmirlər buna".
Fazil Mustafa, eyni zamanda, Azərbaycan-Rusiya münasibətlərində ehtiyatlı və təmkinli siyasətin davam etdirilməsinin vacibliyini qeyd edib.
"Bütün hallarda etirazlarımızı ortaya qoymaqla yanaşı Rusiya ilə ehtiyatlı və təmkinli siyasət aparmağa davam etməliyik", - deyə deputat əlavə edib.













