Deputat Moskvadakı təxribatdan danışdı: "Həmin şəxslər məsuliyyətə cəlb edilməlidir"

 11:30 28.08.2026     800

"Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısında baş verən hadisəyə adi insident kimi yanaşmaq olmaz. Çünki burada söhbət iki ölkə arasında münasibətlərə xələl gətirə biləcək açıq təxribatdan gedir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov qeyd etdi.

"Son vaxtlar Rusiyanın bəzi media resurslarında Azərbaycan dövlətinə, dövlət rəsmilərinə, ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş və Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərməyə hesablanmış materialların artdığını müşahidə edirik. Bəzi hallarda bu informasiyaların Azərbaycan və Rusiya xalqları arasında qarşıdurma yaratmaq məqsədi daşıdığı açıq şəkildə hiss olunur. İndi isə bu tendensiyanın Moskvada Azərbaycan səfirliyinin qonaq evinin divarlarına təxribat xarakterli şəkillərin yerləşdirilməsi ilə davam etdiyini görürük. Təbii olaraq, burada ciddi sual yaranır: bunu kim edir və məqsəd nədir? Mən konkret sübutlar olmadan hər hansı dövlət qurumunu və ya xüsusi xidməti ittiham etməyin tərəfdarı deyiləm. Amma hadisənin baş verdiyi məkan və şərait ciddi suallar doğurur. Söhbət Rusiyanın paytaxtından gedir. Moskva hüquq-mühafizə orqanlarının ciddi nəzarətində olan şəhərdir. Belə bir şəhərdə diplomatik nümayəndəliyə məxsus obyektin qarşısında icazəsiz şəkildə təxribat xarakterli aksiyanın keçirilməsi, ən azı, çox ciddi şəkildə araşdırılmalıdır".

Millət vəkilinin fikrincə, əgər bunu ayrı-ayrı şəxslər edibsə, həmin şəxslər müəyyən olunmalı və məsuliyyətə cəlb edilməlidir:

"Əgər arxasında təşkilatlanmış qüvvələr dayanırsa, onların da kimliyi ortaya çıxarılmalıdır. Əks halda, cəmiyyətdə bu hadisənin kiminsə xüsusi tapşırığı ilə həyata keçirildiyi barədə şübhələrin yaranması təbiidir.
Burada bir məqamı da xüsusi vurğulamaq istəyirəm. Rusiya 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının iştirakçısıdır. Diplomatik nümayəndəliklərin və onların normal fəaliyyətinin qorunması qəbul edən dövlətin üzərinə düşən mühüm öhdəliklərdən biridir. Ona görə də Azərbaycan tərəfinin bu məsələyə aydınlıq gətirilməsi ilə bağlı tələbi tamamilə əsaslıdır. Azərbaycan Xarici İşlər Nazirliyi də hadisəyə münasibət bildirib və Rusiya tərəfini təxribatı törədən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasına çağırıb. İndi gözlənti Rusiya tərəfinin konkret addımlar atmasıdır. Çünki belə hadisələr cavabsız qaldıqda, onlar yalnız bir insident olaraq qalmır. Bu cür təxribatlar iki ölkə arasında qarşılıqlı etimadı sarsıda və münasibətlərdə yeni gərginlik dalğası yarada bilər".

Azər Badamov hesab edir ki, hazırda əsas məsələ qarşılıqlı ittihamlar irəli sürmək deyil:

"Əsas məsələ bu hadisənin arxasında hansı motivlərin dayandığını, kimlərin maraqlı olduğunu və belə təxribatların niyə məhz indi baş verdiyini müəyyənləşdirməkdir. Azərbaycan Rusiya ilə münasibətlərə hörmətlə yanaşır və münasibətlərin normal, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında inkişafında maraqlıdır. Ona görə də iki ölkə arasında süni gərginlik yaratmağa çalışan istənilən cəhdin qarşısı alınmalıdır. Hesab edirəm ki, Moskva bu məsələyə laqeyd qalmamalı, hadisəni obyektiv şəkildə araşdırmalı və nəticəsi barədə Azərbaycan tərəfinə aydın məlumat verməlidir. Çünki münasibətlərin qorunmasının ən vacib şərtlərindən biri məhz qarşılıqlı hörmət, etimad və diplomatik nümayəndəliklərin təhlükəsizliyinə təminatdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən