"Rusiyadakı bəzi dairələr Azərbaycanın müstəqil siyasəti ilə barışa bilmir" - Deputat
"Azərbaycan-Rusiya münasibətləri strateji xarakter kəsb edib və müttəfiqlik münasibətləri kimi səciyyələnib. 2022-ci ildə imzalanmış mühüm hüquqi sənəd də bu reallığı şərtləndirib. Amma təəssüf hissi ilə qeyd edirik ki, xüsusilə son zamanlar Rusiyanın ayrı-ayrı kütləvi informasiya vasitələrində Azərbaycana qarşı təxribat xarakterli çıxışlar təşkil olunur, ayrı-ayrı aparıcılar Azərbaycan əleyhinə fikirlər səsləndirir, Azərbaycanın daxili işlərinə müdaxilə edilir. Eyni zamanda, hətta ayrı-ayrı vəzifəli şəxslərin dilindən də anti-Azərbaycan təbliğatının aparıldığı diqqətdən yayınmır".
Bu fikirləri Redaktor.az-a Rusiyada Azərbaycana qarşı baş verən təxribatdan danışan deputat Elman Nəsirov bildirdi.
Onun sözlərinə görə, bütün bu reallıqlar fonunda baş verən başqa bir hadisə də çoxlu suallar doğurub:
"Söhbət Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən ölkəmizə qarşı təxribat xarakterli şəkillərin yerləşdirilməsindən və onların sonradan sosial şəbəkələrdə yayılmasından gedir. Burada müəyyən sinxronluq diqqətdən yayınmır. Sanki vahid bir mərkəzdən bütün bu proseslər idarə olunur. Əvvəlcə mətbuat Azərbaycana qarşı fəaliyyətini intensivləşdirir, sonra naməlum şəxslər belə bir təxribatçı addım atırlar. Bütün bunların xaotik şəkildə, koordinasiya və əlaqələndirmə olmadan baş verdiyini söyləmək çətindir. Əksinə, yəqin ki, bu proseslərin hamısı məqsədyönlü şəkildə təşkil edilir. Buradan da sual yaranır ki, bütün bunlar nə üçün baş verir? Axı münasibətlərimiz, söylədiyim kimi, strateji xarakter kəsb edir və fundamental məsələlərdə Azərbaycanın mövqeyi ilə Rusiyanın mövqeyi arasında heç bir ciddi fərq qeydə alınmır. Biz Rusiya əleyhinə heç bir Qərb sanksiyasına qoşulmamışıq və Rusiya ilə çox ciddi iqtisadi-ticarət əlaqələrimiz mövcuddur. Bütün bu reallıqlar fonunda baş verənlərin səbəbi nədir?"
Millət vəkilinin sözlərinə görə, bunun əsas və dürüst cavabı ondan ibarətdir ki, Azərbaycan dövləti müstəqil siyasət həyata keçirir:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasəti xalqın milli mənafeyinə söykənir, müstəqildir və müəyyən dairələr bunu həzm edə bilmirlər. Moskvadakı bəzi siyasi dairələr bu reallıqla barışmaq istəmirlər. Onlar imperiya təfəkküründən hələ də tam xilas ola bilməyiblər və düşünürlər ki, Azərbaycan müstəqil deyil, Rusiyanın cızdığı xətt üzrə davranışını və addımlarını müəyyən etməlidir. Bu, çox yanlış yanaşmadır. Azərbaycan dövləti və onun ali siyasi rəhbərliyi hər zaman müstəqil siyasət həyata keçirib. Bu müstəqil siyasət heç bir halda üçüncü dövləti hədəf almayıb. Məsələn, bizim Vaşinqtonla münasibətlərimizin inkişaf etməsi Moskva əleyhinə deyil. Moskva ilə münasibətlərimizin inkişaf etməsi və 4 il bundan qabaq imzalanmış məlum hüquqi sənəd də Vaşinqton və Brüssel əleyhinə deyil. Bunu çox gözəl bilirlər. Sadəcə, dediyim kimi, Rusiyadakı müəyyən siyasi dairələr hələ də öz düşüncə tərzlərini dəyişə bilmirlər və köhnə əyyamların düşüncələri ilə yaşayırlar. Azərbaycan müstəqil dövlətdir, onun güclü siyasi lideri var. Xalq öz lideri ətrafında monolit qüvvə kimi birləşib və Azərbaycan öz milli maraqlarından irəli gələn siyasəti həyata keçirir. Bu reallıqla Rusiyadakı qeyd etdiyim müəyyən siyasi dairələrin barışmasının vaxtı gəlib çatıb".
NURİYYƏ













