“Paşinyan tamamilə yeni siyasi xətt yürütməyə çalışır” - Deputat
"Ermənistanın siyasi həyatında baş verən proseslər faktiki olaraq 7 iyun tarixində keçirilən parlament seçkilərinin məntiqi nəticəsidir. Çünki məhz həmin parlament seçkilərində Nikol Paşinyanın partiyası 49,8 faiz səs qazanmaqla parlamentdəki 64 yerə sahib oldu, 64 yeri tuta bildi və bu da, nəticə etibarilə, imkan verdi ki, Paşinyan bu əsasda sərbəst şəkildə, yəni hər hansı bir koalisiyaya girmədən hökuməti formalaşdırsın. Düzdür, bu, konstitusion çoxluq olmasa da, parlamentdəki çoxluqdur. İstənilən halda, bu, çox ciddi bir mandatdır ki, Paşinyan bunu qazandı və avqustun 2-də yenidən ölkənin baş naziri vəzifəsinə təyin olundu. Bu da Konstitusiyada nəzərdə tutulan müddətə uyğun olaraq baş verdi. İndi belə bir vəziyyətdə Paşinyan indidən tamamilə yeni bir siyasi xətt yürütməyə çalışır və bu yeni siyasət də “Real Ermənistan” proqramı ilə bağlıdır. Çünki seçkiqabağı kampaniyada da, ondan sonrakı bir dövrdə də Paşinyan daha çox “Real Ermənistan” şüarını dilə gətirməklə, nəticə etibarilə, məhz bu siyasətin həyata keçirilməsində çox maraqlı olduğunu göstərmiş oldu. Bu da ölkənin daxilində “Real Ermənistan” konsepsiyasına zidd mövqe sərgiləyən istənilən siyasi qüvvəyə qarşı daha sərt davranmağı zəruri edir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov səsləndirdi.
"Robert Köçəryan da parlamentdə səs qazanmış ikinci ən böyük müxalifət blokunun rəhbəridir, bu da, təbii ki, Nikol Paşinyanı çox gərgin saxlayır. Çünki əgər bir tərəfdən Robert Köçəryan, digər tərəfdən də Samvel Karapetyan tandemi parlamentdəki qüvvələrini birləşdirsələr, bu çoxluq olmasa da, çox ciddi bir gücə sahib olmaq deməkdir. Çünki parlamentdə üçdə bir səs məhz həmin bloka mənsub ola bilər ki, bu da, nəticə etibarilə, Paşinyan üçün sonrakı mərhələdə baş ağrısına səbəb ola bilər".
Siyasətçinin sözlərinə görə, Robert Köçəryanla bağlı baş verən hadisələr daha çox hakimiyyət daxilində gedən siyasi çəkişmənin nəticəsidir:
"Burada da əsas məsələlər daha çox iqtisadi zəmində hüquq pozuntularının baş verməsi ilə əlaqədardır. Məsələn, burada çirkli pulların yuyulması, vəzifədən sui-istifadə və ya korrupsiya halları ilə bağlı maddələrdən irəli gələrək bu cinayət işinin açılmasına start verilib. Ehtimal olunur ki, digər şəxslərin də, təkcə Robert Köçəryanın oğlunun yox, eyni zamanda Qarabağ klanına mənsub olan şəxslərin də bu şəbəkədə iştirakına dair sübutlar əldə olunarsa, onlar da bu məsuliyyətə cəlb olunacaqlar. Nəticə etibarilə, iqtisadi zəmində törətdikləri cinayət tərkibli əməllərə görə, hansı ki, məhkəmə yolu ilə sübuta yetiriləcək, bundan sonrakı mərhələdə biz Qarabağ klanının bütövlükdə siyasi səhnədən gedəcəyini təxmin edə bilərik. Ən azından, Paşinyan üçün təhlükə yarada biləcək bir qüvvənin itirilməsi demək ola bilər həmin klan nümayəndələri üçün. Bu da, nəticə etibarilə, Paşinyanın hakimiyyətini daha da gücləndirmiş olacaqdır".
Müsahibimiz qeyd etdi ki, real olaraq Paşinyan “Real Ermənistan” siyasi konsepsiyasını daha da möhkəmləndirməyə çalışır:
"Bu səbəbdən də 2026–2031-ci illər üçün nəzərdə tutulan hökumət proqramında Ermənistanın Dördüncü Respublikasına mənsubiyyət məsələsini bir növ ön plana çıxarır. Bu isə tamamilə yeni siyasi konfiqurasiyanın formalaşdırılması, bütövlükdə siyasi sistemin yenidən qurulması kimi qiymətləndirilə bilər. Yeni siyasi sistemdə isə Qarabağ klanına, şübhəsiz ki, yer yoxdur. İndi gələcəkdə bu siyasi sistemin qorunmasında Qarabağ klanı hər hansı bir formada maneə törətməsin deyə, bu mərhələdə həmin Qarabağ klanının neytrallaşdırılmasına ehtiyac var. Bir tərəfdən “Real Ermənistan” konsepsiyası, o cümlədən Dördüncü Respublikanın hökumət proqramı, digər tərəfdən də Konstitusiyanın dəyişdirilməsi, xüsusilə də qonşulara qarşı olan ərazi iddialarının həmin Konstitusiyada yer alması və digər məsələlər bir daha onu göstərir ki, Qarabağ klanı yenə də çalışır ki, separatçılıq əhval-ruhiyyəsini əhalinin müəyyən qrupları arasında bir növ qoruyub saxlasın. Bu da, əslində, Paşinyan üçün baş ağrısına səbəb ola biləcək bir məsələdir. Ona görə də konkret olaraq bu qüvvənin siyasi səhnədən uzaqlaşdırılması lazımdır ki, baş verənlər də məhz bu şəkildə dəyərləndirilə bilər.
Onun fikrincə, Paşinyanın siyasi baxışı daha çox sülh, suverenliyin təmin olunması və yeni Ermənistanın qurulması üzərində formalaşır:
"Yeri gəlmişkən, bu, həm də erməni milli identikliyinin müəyyən mənada daha sərt şəkildə qurulmasını və formalaşdırılmasını tələb edir. Çünki əvvəlki identikliyə diqqət yetirsək, orada Qarabağ identikliyi elementi, xüsusilə də hakimiyyətdə təmsil olunan Serj Sarkisyan, ondan sonra Robert Köçəryan və Qarabağdan olan digər erməniəsilli şəxslərin Ermənistanın siyasi dairələrində, yüksək vəzifələrdə təmsil olunması bütövlükdə erməni identikliyinin içində Qarabağ identikliyinin daha qabarıq şəkildə büruzə verməsinə gətirib çıxarırdı. Bunun da qarşısı məhz həmin Qarabağ klanına qarşı, belə deyək də, radikal şəkildə atıla biləcək addımlarla alına bilər. Şübhəsiz, burada erməni kilsəsi də müəyyən mənada proseslərə öz təsirini göstərə bilir. İndi erməni kilsəsinin də biz paralel olaraq neytrallaşdırıldığını görürük. Əgər kənar müdaxilələr olmasa, Ermənistan, daha doğrusu, Nikol Paşinyan bu prosesdən uğurlu şəkildə çıxa bilər.
Nəticə etibarilə, bölgədə dayanıqlı sülhə təhlükə yarada biləcək Ermənistanın daxilindəki həmin klanların siyasi səhnədən çıxarılmasını zəruri edir. Bunun üçün də, təbii ki, bu gün həmin klanın rəhbərlərinə qarşı atılan addımlar onların əvvəlki fəaliyyətinə, hüquqa zidd fəaliyyətinə hüquqi qiymətin verilməsi üzərində köklənirsə, bu, həm də sırf dediyim kimi, gələcəkdə Paşinyanın hakimiyyətinin daha da möhkəmlənməsinə hesablanmış bir siyasətdir", - deyə Azər Allahverənov vurğuladı.
Xədicə BAXIŞLI













