Sahib Alıyev Moskvadakı təxribatdan yazdı: "Bu, özfəaliyyət deyil"

 15:58 28.08.2026     353

Milli Məclisin deputatı Sahib Alıyev Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısında baş verdiyi bildirilən təxribatla bağlı fikirlərini bölüşüb.

Redaktor.az xəbər verir ki, o, bu barədə feysbuk hesabında paylaşım edib.

Deputat qeyd edib ki, sözügedən təxribat “qətiyyən özfəaliyyət deyil”.

"İmperiya mərəzindən, strateji baxış kasadlığından, proseslərin gedişini düzgün dəyərləndirməməkdən və gücsüzlükdən, bəli məhz gücsüzlükdən doğan dövlət tərbiyəsizliyidir", - deyə Sahib Alıyev bildirib.

Deputat hesab edir ki, bu cür metodlarla Azərbaycanın əvvəlki vəziyyətə qaytarılacağını düşünənlər yanılırlar.

"Kim düşünürsə ki, belə metodlara əl atmaqla Azərbaycanı torpaqlarımızı işğal altında saxladıqları dönəmə qaytaracaq, regionun geosiyasi subyektliyi və türk dünyasının qlobal güclərdən birinə çevrilməsi yönündə dövlətimizin göstərdiyi səylərin qarşısını alacaq, yanılır, həm də çox", - deyə o vurğulayıb.

Sahib Alıyev Azərbaycanın ən ağır vaxtlarda belə iradəsinin sındırıla bilmədiyini qeyd edib. Deputat Azərbaycanın həyata keçirdiyi enerji siyasətinə də toxunaraq, Xəzərin karbohidrogen ehtiyatlarının alternativ yollarla dünya bazarına çıxarıldığını və bunun Mərkəzi Asiyadakı türk dövlətləri üçün də imkanlar yaratdığını bildirib.

Millət vəkili hazırkı siyasətin yeni geosiyasi reallıqlar çərçivəsində əvvəlki siyasətin davamı olduğunu qeyd edib. O, bu geosiyasi reallığın Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti nəticəsində formalaşdığını vurğulayıb.

Sahib Alıyev paylaşımının sonunda "Allah Ulu Öndərimizin ruhunu şad etsin, Müzəffər Ali Baş Komandanımızı qorusun!" ifadələrini yazıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən