ŞƏT sammiti Azərbaycan üçün yeni perspektivlər yaradır - Fazil Mustafa

 11:18 31.08.2026     591

Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.

İlham Əliyevin ŞƏT sammitində iştirakı Azərbaycan üçün hansı siyasi və strateji əhəmiyyət daşayır?

Redaktor.az-a mövzu haqda danışan Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, Azərbaycan çalışır ki, bütün platformalarda özünün mövqeyini, problemlərini, yaxud üstünlüklərini doğru istiqamətdə istifadə eləsin:

"Şanxay Əməkdaşlıq Təşkilatı geniş ölkələr spektrini əhatə edir. Burada təkcə beynəlxalq hansısa bir müzakirə mühitindən söhbət getmir, ayrı-ayrılıqda bura daxil olan ölkələrlə də iqtisadi və siyasi əməkdaşlığın genişlənməsindən gedir. Aparıcı Çin kimi, Rusiya kimi dövlətlərin olması da burada onun əhəmiyyətini kifayət qədər böyük edir. Eyni zamanda, burada Uzaq Şərq ölkələrinin, Cənub-Şərqi Asiya ölkələrinin mövcudluğu da bizim üçün yeni perspektivlər yaradır".

Millət vəkili vurğuladı ki, əməkdaşlığın bütün platformalarını doğru istiqamətdə istifadə etmək hər bir dövlətin prioritetidir:

"Prezident İlham Əliyev xarici siyasətdə bu xətti əsas götürərək Avropa İttifaqı, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlarla münasibətləri balanslı şəkildə qurmağı və inkişaf etdirməyi bacardığı üçün Azərbaycan xarici siyasət sahəsində böyük uğurlar əldə edir. Qırğızıstanda da bu tədbirin keçirilməsi həm də elə Qırğızıstan kimi bir qardaş ölkə ilə, onların rəhbəri ilə də perspektiv fəaliyyət planlarımız barədə müzakirə aparmaq fürsəti verəcək. Bu fürsəti də doğru dəyərləndirmək hər halda Azərbaycanın maraqlarına tamamilə uyğundur".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən