"Azərbaycan Avropa ilə Asiyanın birləşdirici bir dövləti kimi görünür" - Mübariz Göyüşlü

 12:04 31.08.2026     323

"Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilməsi gözlənilən idi, 17 ölkənin liderlərinin, eləcə də BMT-nin Baş katibi Antonio Quterreşin qatılması gözlənilən sammit çox mühüm bir məsələdir. Azərbaycan da Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşıdır və səhv etmirəmsə, təxminən 10 ilə yaxındır bu statusu əldə edib. Həmin vaxtdan Azərbaycan bu təşkilatla çox sıx əməkdaşlıq edir — istər təhlükəsizlik, iqtisadiyyat, regional əməkdaşlıq və digər istiqamətlərdə".

Bu sözləri Redaktor.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri, crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü bildirdi.

Müsahibimiz vurğuladı ki, Şanxay Əməkdaşlıq Təşkilatı platformasının son dövrlərdə təşkilatın özünün də əhəmiyyəti artıb, Azərbaycanın oradakı çalışmalarının da əhəmiyyəti, səviyyəsi artıb:

"Azərbaycan burada Avropa ilə Asiyanın birləşdirici bir dövləti kimi görünür. Təbii ki, Şanxay Əməkdaşlıq Təşkilatının orada aparıcı gücü Çindir. Çinin ətrafında formalaşmış bir təşkilatdır. Çin də kiçik bir dövlət deyil, dünyanın supergüclərindən biridir və çox sürətlə investisiya, logistika, texnologiya sahələrində inkişaf edir. Azərbaycan Çinlə bu dediyim sahələrdə əməkdaşlıq edir. Çin-Azərbaycan əməkdaşlığı da yüksək səviyyədə inkişaf edir. Bu əməkdaşlıq həm də Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın fəaliyyətində özünü göstərir. Orta Dəhlizlə bağlı, Şanxay Əməkdaşlıq Təşkilatının ən mühüm nəqliyyat məsələlərindən biri — layihələrinə Azərbaycan burada çox aktiv rol alır. Şanxay Əməkdaşlıq Təşkilatı ilə çalışmalarda Mərkəzi Asiya məsələsi ön plandadır. Azərbaycan da bu istiqamətdə çoxvektorlu siyasət yürüdür, Mərkəzi Asiya ilə əməkdaşlıq məsələsində".

Həmsöhbətimiz diqqətə çatdırdı ki, Ermənistan da bu platformada var:

"Azərbaycan ŞƏT-də iştirakı ilə Azərbaycan-Ermənistan münasibətlərində baş verən məsələləri,  Azərbaycan-Ermənistan arasında dialoq məsələlərinin burada da reallaşdırılması — burada öz yerini, əksini tapır. Bütövlükdə ümumiləşdirsək, Azərbaycan Cənubi Qafqazın sıradan bir ölkəsi deyil, orta gücdür artıq. Avrasiyanın nəqliyyat, enerji, təhlükəsizlik əlaqələrində, proseslərində mühüm aktorlardan biridir. Bu baxımdan Bişkek sammiti Azərbaycan üçün mühüm əhəmiyyət daşayır. Eyni zamanda, Azərbaycanın orada iştirakı Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizlərində mühüm yer alması, Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrə verdiyi töhfə baxımından Azərbaycanın da çox mühüm əhəmiyyəti var. Azərbaycan bu sammitdə dediyim istiqamətlərin inkişafı, Mərkəzi Asiya ilə münasibətlər, Orta Dəhlizin gücləndirilməsi, yeni iqtisadi imkanlar, çoxvektorlu xarici siyasət, Ermənistanla dialoq, Çinlə əməkdaşlığın inkişafı və s. istiqamətdə bu platformadan geniş istifadə etməkdədir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən