“Azərbaycanın ŞƏT-ə üzvlüyünə mane olan ölkə bəllidir” - Politoloq

 16:57 31.08.2026     451

"Şanxay Əməkdaşlıq Təşkilatının Qırğızıstanda keçiriləcək 26-cı sammiti təşkilatın yaranmasının 25 illiyinə həsr olunub. İlk növbədə, bu 25 illik yola üzv dövlətlər nəzər salacaqlar. Görülən və gələcəkdə görüləcək işlər müzakirə olunacaq. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatında islahatlar məsələsinin də gündəlikdə olduğu söylənilir. Bu da çox mühüm məsələdir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında daha aktiv rol almaq istəyən dövlətlərdəndir və Azərbaycan bu təşkilatın üzvü olmaq istəyir. Ancaq çox təəssüf ki, hələ ki, buna imkan vermirlər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politolq Abutalıb Səmədov Prezident İlham Əliyevin Qırğızıstana səfərindən danışarkən səsləndirdi.

O qeyd etdi ki, Hindistan Azərbaycanın bu təşkilatda daha aktiv iştirakına mane olur.

"Bu tədbirdə hansı ikitərəfli görüşlərin nəzərdə tutulduğu, Azərbaycan Prezidentinin orada hansı ölkələrin rəhbərləri ilə görüşəcəyi və bu görüşlərdə hansı məsələlərin müzakirə olunacağı, təbiidir ki, çox mühüm əhəmiyyətə malikdir. Çünki orada Çin lideri iştirak edəcək. Azərbaycan üçün Çin mühüm əhəmiyyətə malikdir. Çin də Azərbaycana mühüm rol ayırır və Orta Dəhliz vasitəsilə Avropaya çıxış məsələsinə mühüm əhəmiyyət verir. Türkiyə lideri ilə də, yəqin ki, Azərbaycan Prezidentinin görüşü keçiriləcək. Başqa hansı ikitərəfli görüşlərin keçiriləcəyi hələ elan olunmayıb".

İki “ruh ekizi”, iki “təbii müttəfiq” - Abutalıb Səmədov ...

Müsahibimiz qeyd etdi ki, Özbəkistana səfərdən sonra Azərbaycan Prezidentinin Qırğızıstana səfəri Mərkəzi Asiya ölkələri ilə əlaqələrin daha da sıxlaşmasına və yaxınlaşmasına imkan yaradacaq:

"Bu, Özbəkistan, Qırğızıstan və Azərbaycan dövlətlərinin müxtəlif sahələrdə əməkdaşlığının inkişafına imkan verəcək. Eyni zamanda, bu dövlətlərin Türk Dövlətləri Təşkilatında rolunun daha da artmasına, təşkilatın daha da güclənməsinə şərait yaradacaq. İki ölkə arasında daha hansı məsələlərin müzakirə olunacağı və hansı qərarların qəbul ediləcəyi sammit başa çatdıqdan sonra aydın olacaq. Ancaq bir şey aydındır ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına mühüm əhəmiyyət verir, ancaq onu Qərb istiqamətinə qarşı qoymur. Əksinə, çoxvektorlu siyasət yürütmək istəyir. Azərbaycan müstəqil siyasət yürüdür, bəzilərinin xoşuna gəlməsə də. Ümid edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının bu sammitində iştirak Azərbaycan üçün mühüm qərarların qəbul olunmasına gətirib çıxaracaq".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən