“Bakı Avrasiyada yalnız müşahidəçi deyil, strateji subyektdir” - Bəhruz Məhərrəmov

 14:02 31.08.2026     360

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək üçün Qırğız Respublikasına reallaşan işgüzar səfəri Avrasiya geosiyasi məkanında baş verən keyfiyyət dəyişiklikləri fonunda Bakının strateji xarici siyasət kursunun məntiqi davamı kimi ilk növbədə Azərbaycanın beynəlxalq hüququn subyekti kimi çoxvektorlu və balanslaşdırılmış xarici siyasət doktrinasına sadiqliyini, eyni zamanda dəyişən qlobal təhlükəsizlik və iqtisadiyyat arxitekturasında öz milli maraqlarını suveren şəkildə reallaşdırmaq əzmini nümayiş etdirir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib.

Onun sözlərinə görə, səfərin konseptual məqsədi Azərbaycanın ŞƏT ilə mövcud olan "Dialoq tərəfdaşı" statusu çərçivəsindəki institutlaşmış əlaqələrini daha yuxarı pilləyə qaldırmaq və bu platformanın təmin etdiyi siyasi-iqtisadi imkanlardan maksimal dərəcədə yararlanmaqdır:

"Beynəlxalq hüquqi müstəvidə ŞƏT-in nizamnamə prinsipləri — dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət və daxili işlərə qarışmamaq öhdəliyi Azərbaycanın xarici siyasət prioritetləri ilə tam üst-üstə düşür. Bu baxımdan, Bişkek sammitində iştirak Bakının Şərq və Avrasiya güc mərkəzləri ilə münasibətlərini hüquqi bərabərlik və qarşılıqlı maraqlar əsasında inkişaf etdirmək niyyətini təsdiqləyir. Bundan əlavə, tədbir çərçivəsində nəzərdə tutulan ikitərəfli və çoxtərəfli yüksəksəviyyəli təmaslar regionun əsas güc mərkəzləri olan Çin, Rusiya, eləcə də Mərkəzi Asiya dövlətləri ilə energetika, rəqəmsallaşma və təhlükəsizlik sahələrində yeni normativ-hüquqi çərçivələrin və sazişlərin formallaşdırılmasına xidmət edir.

Geniş siyasi-hüquqi təhlil göstərir ki, müasir beynəlxalq münasibətlər sistemində nəqliyyat və loqistika dəhlizlərinə nəzarət geosiyasi nüfuzun əsas göstəricilərindən birinə çevrilmişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub transkontinental nəqliyyat marşrutlarının kəsişməsində yerləşən strateji coğrafi mövqeyini institusional diplomatik platformalarda legitimləşdirir. Çinin "Bir Kəmər, Bir Yol" təşəbbüsü və Orta Dəhliz layihəsi çərçivəsində ŞƏT üzvü olan dövlətlərin Azərbaycanın tranzit infrastrukturuna inteqrasiyası həm geoiqtisadi dividendlər gətirir, həm də ölkənin Avrasiya təhlükəsizlik sistemindəki əvəzsiz rolunu bərkidir".

Millət vəkili əlavə etdi ki, Mərkəzi Asiya regionu ilə sıx tarixi, mənəvi və siyasi bağlara malik olan Azərbaycanın bu coğrafiyadakı təşkilatlanma proseslərində fəal iştirakı Türk Dövlətləri Təşkilatı ilə ŞƏT arasındakı sinergiyanın artırılmasına da dolayısı ilə töhfə verir:

"Bakı özünün Qoşulmama Hərəkatındakı uğurlu sədrlik təcrübəsindən və neytrallıq prinsipindən çıxış edərək, hər hansı hərbi-siyasi bloka birbaşa inteqrasiya olunmadan, Avrasiyanın nəhəng bazar və resurs imkanlarından milli inkişaf naminə istifadə etmək taktikasını yürütməkdədir. Bu mənada Prezident İlham Əliyevin Qırğızıstana səfəri Azərbaycanın regionda yalnız passiv müşahidəçi deyil, beynəlxalq hüququn prinsiplərinə söykənən, Avrasiya məkanında sülhün, sabitliyin və loqistik inteqrasiyanın formalaşmasında aktiv iştirak edən strateji subyekt olduğunu növbəti dəfə sübut edir", - deyə müsahibimiz vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən