Putin-Paşinyan görüşündə nələr müzakirə olunacaq? - Qafar Çaxmaqlıdan AÇIQLAMA

 15:10 31.08.2026     364

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla sentyabrın 1-də görüşəcək. Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib. O bildirib ki, ikitərəfli formatda keçiriləcək görüşdə əsas müzakirə predmeti İrəvanın Avropaya inteqrasiyasıvə müxalifətçilərin həbsi məsələsi olacaq. 

Redaktor.az-a görüşün necə keçəcəyini şərh edən politoloq Qafar Çaxmaqlının fikrincə, yüksək səviyyədə bir görüş olacaq.

"Şübhəsiz ki, Rusiya ilə Ermənistan arasında problemlər var. Bu problemlərin həlli məsələləri görüşdə  yer alacaq. Ən birinci məsələ ondan ibarətdir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqınımı, yoxsa Avropa Birliyinimi seçəcək? Bu suala aydınlıq gətiriləcək. Çünki Rusiyanın mövqeyi belədir ki, Ermənistan ya Avrasiya İqtisadi Birliyində qalmalıdır, ya da Avropa Birliyini seçməlidir. Rusiya təklif edir ki, Ermənistan referendum keçirsin və seçimini eləsin. Rusiyanın başqa Ermənistanla bağlı planları da var. Bu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın qalıb-qalmaması məsələsidir. Ermənistan Prezidenti parlamentdə hökumətin 2026-2031-ci il proqramında çıxışında da qeyd edib ki, əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Ermənistanı çıxartsalar, çox məmnun olardılar. Yəni Ermənistan faktiki olaraq bu təşkilatda iştirak etmir, onların heç bir tədbirinə qatılmır. Bu məsələlərə də müəyyən mənada aydınlıq gətiriləcək. Rusiya Prezidenti ilə görüşdə şübhəsiz ki, Ermənistandakı Rusiya yönümlü müxalif qüvvələrə qarşı aparılan siyasət də ələ alınacaq".

Müsahibimiz vurğuladı ki, xüsusən də Robert Köçəryanın həbsi ilə bağlı ciddi bir mövqe ortaya qoyulacaq:

"Mən belə düşünürəm ki, Ermənistan Prezidenti geri addım ata bilməz, çünki geri addım atarsa, ölkədəki nüfuzunu itirə bilər. Həqiqətən də Köçəryan öz hakimiyyəti dövründə çox böyük qanunsuzluqlar edib. Artıq üç maddə ilə ona qarşı cinayət işi qaldırılıb və bu cinayət işinin xarakteri belədir ki, Köçəryan ölkədə sabitliyin pozulması, Ermənistan Prezidentinin və Ermənistan hökumətinin qarşıya qoyduğu məsələlərə qarşı çıxıb. Bu xüsusən də Ermənistanın sülh proqramına qarşı getməkdir, TRIPP layihəsinin həyata keçirilməsinə maneçilik törətməkdir. Bu məsələlər şübhəsiz ki, Rusiya Prezidenti ilə müzakirələrdə ələ alınacaq".

Qafar Çaxmaqlının sözlərinə görə, Moskva da istəyir ki, həmin TRIPP layihəsində Rusiyanın da iştirakı təmin olunsun və şübhəsiz ki, Paşinyana təzyiq edəcəklər ki, TRIPP layihəsində Rusiyanın iştirakı da təmin olunsun:

"Çünki Rusiyanın Avropaya öz mallarını, qazını, neftini satmaq üçün ayrı yolu yoxdur və Rusiya da bundan yararlanmaq istəyir. İndi başqa məsələlərə baxarsaq, yəni başqa yöndən baxarsaq bu məsələlərə, Amerikanın da burada mövqeyi nəzərə alınmalıdır. Amerika bu TRIPP layihəsinin 64 faizinə malikdir və əgər Amerikanı da razı salarlarsa, burada Rusiyanın iştirakı mümkün olacaq. Amma bu məsələlər çox ciddi şəkildə müzakirə tələb edir və Avropaya inteqrasiya məsələlərindən tutmuş ta Ermənistandakı daxili siyasətə, Rusiyanın Ermənistandakı varlığına qədər hər bir detal bu görüşdə müzakirə olunacaq. Çünki Ermənistanla Rusiya arasında müqavilə mövcuddur və müqaviləyə əsasən Ermənistanın sərhədlərini Rusiya qoşunları qoruyur və onların da durumunu,  statusunu  yaxın vaxtlarda müəyyən etmək mümkündür. Yəni Rusiyanın Ermənistanla bağlı başqa planları, təzyiq vasitələri də mövcuddur. Təzyiq vasitələrini işə salarsa, Ermənistan daha ağır vəziyyətə düşə bilər. Bu qazın qiyməti ilə bağlı məsələdir, Metsamor atom elektrik stansiyasına yanacağın verilməsindən bağlı məsələlərdir və çoxlu Rusiyanın təzyiq rıçaqları var ki, burada Ermənistan üçün bunlar əgər tətbiq olunarsa, çətin vəziyyət yarana bilər. Paşinyan isə elə əvvəldən bu yolu tutub ki, bu diversifikasiya, yəni hər bir ölkə ilə Ermənistanın siyasəti məsafəli olsun. Həm Rusiya ilə, həm Avropa ilə, həm də Amerika ilə siyasətində balanslaşdırılmış bir mövqe ortaya qoymağa çalışacaq. Buna nə dərəcədə nail olacaq, görüşün xarakterindən asılı olacaq. Yəni mənə elə gəlir ki, Rusiya ilə Ermənistan arasındakı bu dialoq bəzi məsələlərə aydınlıq gətirəcək. Rusiyanın özü də istəmir ki, Ermənistanı itirsin. Bu mənada görüşün konstruktiv olacağı düşüncəsindəyəm".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən