"Şərq üçün də Azərbaycan daha cəlbedici bir ölkəyə çevrilir" - ŞƏRH
"Şanxay Əməkdaşlıq Təşkilatı inkişaf etməkdə olan və çox böyük potensialı olan bir təşkilatdır. Bu təşkilatın beynəlxalq münasibətlər sistemində, xüsusən iqtisadi platformada perspektivləri çox böyükdür. Çünki nəticə etibarilə, 10 üzvü olmasına baxmayaraq, Şanxay Əməkdaşlıq Təşkilatının sadəcə iki üzvünün əhalisi dünya əhalisinin üçdə ikisi qədərdir. Yəni bu, özü-özlüyündə iqtisadiyyat, istehsal və istehlak deməkdir. Əgər digər 8 üzvü də üstünə gəlsək, Şanxay Əməkdaşlıq Təşkilatı çox böyük bazardır, çox böyük istehsal mərkəzidir, çox böyük istehlak mərkəzidir və iqtisadi gücdür. Ona görə, əlbəttə ki, Azərbaycanın bu təşkilatla əməkdaşlığı Azərbaycanın maraqlarına da uyğundur. Ona görə də 2015-ci ildə Azərbaycan bu təşkilata dialoq tərəfdaşı kimi bu təşkilatla əməkdaşlığa başladı".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu səsləndirdi.
Siyasətçi əlvə etdi ki, hazırda isə təşkilatın növbəti sammiti Bişkekdə keçirilir. O qeyd etdi ki, görüşlərdə mühüm qərarların qəbul olunacağı gözlənilir:
"Təşkilatdaxili institutlaşmada yeni mərhələnin başlanğıcı ehtimal edilir. Bu isə özlüyündə təşkilatın daha dinamik və səmərəli bir təşkilata çevriləcəyindən xəbər verir. Azərbaycan, əslində, Şərqin təşəbbüsündən yaranmış ŞƏT-in ayrı-ayrı ölkələri ilə çox sıx əlaqələrə meyillidir. Bura, ilk növbədə, Çinin özü, ikinci olaraq Pakistan, sonra Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası və digər ölkələr daxildir. Əlbəttə ki, hazırkı tarixi mərhələdə, 2015-ci ildən fərqli olaraq, Azərbaycan daha geniş reallıqlar əsasında bu təşkilatla əməkdaşlığı genişləndirmək imkanlarına sahibdir. Bu da əldə etdiyimiz tarixi zəfərdən sonra TRIPP marşrutunun açılması perspektivləri və Transxəzər marşrutunun işə düşməsi perspektivləri ilə bağlıdır".

Millət vəkilinin sözlərinə görə, Şərq üçün də Azərbaycan daha cəlbedici bir ölkəyə çevrilir və strateji əhəmiyyət qazanır:
"Dünyada baş verən hadisələr kontekstində dünyanın hərbi-siyasi güc mərkəzləri dəyişir, kommunikasiya yolları dəyişir. Arktikanın əriməsindən meydana çıxacaq və Şimal marşrutu adlandırılacaq yolun perspektivləri Trampın Qrenlandiya məsələsindən sonra artıq müzakirə edilmir. Hindistan üzərindən Hind okeanına çıxan yol boyu müharibələr davam edir. Belə olan halda, əlbəttə ki, Azərbaycanın coğrafi əhəmiyyəti, həm də tərəfdaş kimi strateji əhəmiyyəti artır. Bütün bunlar, əlbəttə ki, Azərbaycan Prezidentinin Astanaya səfərində müzakirə ediləcək, gündəmdə olan məsələlərdən olacaq. Bu da Azərbaycana, demək, yeni iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradacaq".
Xədicə BAXIŞLI













