Azərbaycan ŞƏT platformasında: İlham Əliyevin sammitə dəvətinin ƏHƏMİYYƏTİ
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qırğız Respublikasına işgüzar səfərə yola düşüb. Səfərin əsas məqsədi dövlət başçısının Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etməsidir.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən deputat Tahir Rzayev bildirdi ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə dəvət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə beynəlxalq aləmdə göstərilən diqqət və etimadın bir ifadəsidir:
"Çünki bu təşkilat ətrafında inkişaf etmiş ölkələri birləşdirir və iqtisadi əməkdaşlığın genişləndirilməsində çox böyük rola malikdir. Azərbaycan da dünyada baş verən proseslərə diqqətlə yanaşır və ən mötəbər tədbirlərdə iştirak etməklə əməkdaşlığın genişləndirilməsinə, münasibətlərin yaxşılaşdırılmasına imkan yaradır. Sözsüz ki, əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın milli maraqlarına uyğundur və ölkə rəhbəri hər bir görüşündə bunu ifadə edir və bildirir ki, Azərbaycanın müstəqilliyi, suverenliyi, iqtisadi inkişafı, xalqın rifahının yaxşılaşdırılması birinci dərəcəli vəzifədir. Keçirilən bütün görüşlərin məğzində, əsasında da elə bu prinsip dayanır.

Qırğız Respublikasına səfər həm də qırğızlarla əlaqələrin möhkəmləndirilməsi üçün çox vacibdir. Çünki bu gün müstəqil dövlətlər özlərinin iqtisadi imkanlarını genişləndirmək, beynəlxalq aləmə çıxmaq, nəqliyyat, logistika, mədəniyyət və ticarət əlaqələrini möhkəmləndirmək üçün yollar axtarırlar. Qırğız Respublikası da bu baxımdan son illər özünün inkişaf tempinə görə fərqlənir və sözsüz ki, belə bir tədbirin bu ölkədə keçirilməsi də bunun bir nümunəsidir. Hər bir səfər uğurludur, çünki bu səfərlər zamanı qarşılıqlı görüşlər keçirilir, müəyyən sənədlər imzalanır, beynəlxalq aləmdə baş verən hadisələrə qiymət verilir və gələcək perspektivlər müəyyənləşdirilir. Ölkəmizin rəhbəri cənab İlham Əliyevin Qırğız Respublikasına səfəri və Şanxay Əməkdaşlıq Təşkilatının yığıncağında iştirakı da bu baxımdan çox əhəmiyyətlidir".
Millət vəkili Tural Gəncəliyev də Redaktor.az-a vurğuladı ki, cənab prezidentin belə tanınmış, Mərkəzi, Şərqi və Cənub-Şərqi Asiyanı əhatə edən və demək olar ki, bu coğrafiyada ən böyük beynəlxalq təşkilat sayılan Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısına dəvət edilməsi o deməkdir ki, ölkəmiz və liderimiz həmişə olduğu kimi diqqət mərkəzindədir:
"Böyük platformalarda Azərbaycanın iştirakına, Azərbaycanın fikrinə, Azərbaycanın həyata keçirdiyi siyasətə, istər regional layihələr, istərsə də qlobal layihələr olsun, həmişə maraq və istək var. Azərbaycanı bu platformalarda görmək istəyirlər. Qırğızıstan Respublikası, bildiyimiz kimi, hazırda Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci zirvə toplantısına sədrlik edir. Qırğızıstan Mərkəzi Asiyada, həmçinin Türk Dövlətləri Təşkilatında və Türk dünyasında çox önəmli bir ölkəyə çevrilməkdədir. Baxmayaraq ki, Türk dünyasında ən kiçik ölkə hesab olunur, Qırğızıstanın son zamanlar çoxvektorlu və çoxsahəli diplomatiya aparması, böyük geosiyasi layihələrdə və siyasətdə iştirak etməsi diqqət çəkir. Bu baxımdan Azərbaycanın təcrübəsindən yararlanması, Azərbaycana xüsusi dəvət göndərməsi və Azərbaycanın həm Qırğızıstanla ikitərəfli münasibətlər, həm də Şanxay Əməkdaşlıq Təşkilatındakı tədbir çərçivəsində dəvət edilməsi ölkəmizin çəkisini göstərir. Fürsətdən istifadə edərək Azərbaycanın Qırğızıstanla qardaşlıq münasibətlərini də qeyd etmək lazımdır.
Qırğızıstan, həmçinin 2027-2028-ci illərdə Mərkəzi Asiyadan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi iki illik müddətə seçilmiş ölkədir. İki il ərzində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərəcək. Qırğızıstan son zamanlar böyük diplomatiyada və böyük geosiyasət məkanında Prezident Sadır Japarovun liderliyi altında çox ciddi addımlar atmaqdadır. Bu, bir növ Azərbaycanın keçdiyi yola bənzəyir. Xatırlayırsınızsa, 2012-2013-2014-cü illərdə Azərbaycanın diplomatik və siyasi yüksəlişi məhz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə iki illik müddətə seçilməklə başlamışdı. Sonradan Azərbaycanın artan gücü, böyük layihələrdə iştirakı, mühüm layihələri həyata keçirməsi və nəhayət, Qarabağda zəfər qazanması, böyük qələbələr əldə etməsi ilə bu proses daha da möhkəmləndi".
.jpg)
Deputat nəzərə çatdırdı ki, Şanxay Əməkdaşlıq Təşkilatı çox böyük bir təşkilatdır. Azərbaycanın orada iştirakı həqiqətən də ölkəmizin gücünə güc qatır. Şanxay Əməkdaşlıq Təşkilatının əhatə etdiyi coğrafiyada yüz milyonlarla, hətta milyardlarla insan yaşayır. Çin, Hindistan, Rusiya, Pakistan və Mərkəzi Asiya ölkələri bu təşkilatda təmsil olunur. Azərbaycanın oraya dəvət edilməsi çox böyük əhəmiyyət daşıyır. Bu təşkilat, sanki, dünyanın əsas güc mərkəzlərindən biridir.
"Bu baxımdan çox təqdirəlayiqdir ki, Azərbaycan həm də Şanxay Əməkdaşlıq Təşkilatının coğrafiyasına nəzər saldıqda, Şərqdən Qərbə, Asiyadan Avropaya, Sakit okean hövzəsindən böyük Avrasiya regionuna, oradan da Cənubi Qafqaz və Xəzər hövzəsi vasitəsilə Avropaya çıxan marşrutların üzərində yerləşir. Azərbaycan Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi istiqamətləri ilə böyük nəqliyyat və logistika imkanlarına malikdir. Sakit okeandan üç böyük dənizə və Avropaya çıxan coğrafiyanın ən əsas və funksional marşrutlarından birinin üzərində yerləşməsi Azərbaycanı burada açar rola çıxarır. Ölkəmizin böyük potensialı nəqliyyat, logistika və coğrafi mövqeyi istər dəniz daşımaları, istərsə də quru daşımaları baxımından Azərbaycanı bu gün Şanxay Əməkdaşlıq Təşkilatının ehtiyac duyduğu və əməkdaşlıq etmək istədiyi çox önəmli bir aktora çevirir. Prezidentimizin dünya liderləri arasında qazandığı rəğbət və hörmət, liderlik qabiliyyətləri də ölkəmizi böyük beynəlxalq təşkilatlar üçün çox cəlbedici və önəmli edir. Biz cənab Prezidentin Qırğızıstanda keçirəcəyi görüşləri diqqətlə izləyəcəyik və əminəm ki, bu, tarixi bir səfər və tarixi bir zirvə olacaq", - deputat yekunlaşdırdı.
NURİYYƏ
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.














