“Bişkek görüşü sülh prosesinə yeni impuls verə bilər” - Deputat
"ŞƏT Sammiti, eyni zamanda, iştirakçı dövlətlərin rəhbərləri arasında ikitərəfli görüşlərin keçirilməsi üçün mühüm platformadır. Bu baxımdan Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və regionda davamlı sülhün təmin olunması baxımından xüsusi əhəmiyyətli hesab edirəm".
Bu fikirləri Redaktor.az-a İlham Əliyev və Nikol Paşinyanın Qırğızıstanın paytaxtı Bişkek şəhərində görüşündən danışan deputat Azər Badamov bildirdi. O əlavə etdi ki, 8 avqust 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflandıqdan sonra regionda çox mühüm dəyişikliklər baş verib:
"Ən əsası isə ondan ibarətdir ki, Azərbaycan-Ermənistan münasibətlərində qarşıdurmadan əməkdaşlığa keçid üçün real imkanlar yaranıb. Artıq biz sülh şəraitində yaşamağa və regionda yeni münasibətlər sisteminin formalaşmasına şahidlik edirik. Bu yeni reallıq, eyni zamanda, Azərbaycan və Ermənistan arasında praktiki əməkdaşlığın qurulması üçün də imkanlar yaradır. Bunun artıq konkret nümunələri var. Azərbaycan öz ərazisindən Ermənistana məxsus yüklərin tranzitinə şərait yaradıb. Bundan əlavə, 20 min tondan çox neft məhsulunun Ermənistana ixrac olunması iki ölkə arasında iqtisadi münasibətlərin yeni mərhələyə keçməsi baxımından mühüm hadisədir. Bütün bunlar göstərir ki, siyasi müstəvidə əldə olunan irəliləyişlər tədricən iqtisadi və praktiki əməkdaşlığa da çevrilə bilər. Hesab edirəm ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında keçirilən görüşdə sülh gündəliyinin inkişaf etdirilməsi ilə yanaşı, regionda kommunikasiyaların açılması, TRIPP layihəsinin reallaşdırılması, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, regional təhlükəsizliyin təmin olunması və iqtisadi əməkdaşlığın genişləndirilməsi kimi məsələlər də müzakirə mövzusu olub".
Millət vəkilinin sözlərinə görə, nəzərə almaq lazımdır ki, Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi hələ imzalanmayıb:
"Belə ki, yekun sülh sazişinin imzalanması istiqamətində əsas mane Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlıdır. Bu məsələ həllini tapdıqdan sonra sülh prosesinin hüquqi baxımdan da tamamlanması üçün daha geniş imkanlar yarana bilər. Hesab edirəm ki, dövlət başçılarının görüşündə məhz bu məsələlərin də müzakirə olunması mühüm əhəmiyyət daşıyır. Çünki əldə olunmuş razılaşmaların davamlı olması üçün siyasi iradə ilə yanaşı, qarşılıqlı etimadın gücləndirilməsi və bütün məsələlərin beynəlxalq hüququn prinsipləri əsasında həll edilməsi vacibdir. Ümumilikdə, Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında Bişkekdə keçirilən görüşü yüksək qiymətləndirirəm. Hesab edirəm ki, belə görüşlər Azərbaycan-Ermənistan münasibətlərində yaranmış yeni reallıqların möhkəmləndirilməsi, sülh prosesinin irəli aparılması və regionda kommunikasiyaların, iqtisadi əlaqələrin və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Əsas məqsədimiz regionda davamlı sülhün təmin olunması, ölkələr arasında etimadın möhkəmləndirilməsi və Cənubi Qafqazın təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməsidir. Bişkek görüşünün də bu istiqamətdə gedən prosesə yeni impuls verəcəyinə inanıram".
NURİYYƏ













