"Bişkek görüşünün siyasi mahiyyəti dialoqla məhdudlaşmır" - Rövşən Muradov

 16:19 31.08.2026     363

"Bişkek görüşünün siyasi mahiyyəti Azərbaycan və Ermənistan arasında dialoqun davam etməsi ilə məhdudlaşmır. Görüş göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan postmünaqişə siyasəti sülh anlayışını diplomatik ifadələr çərçivəsindən çıxararaq enerji təchizatı, yükdaşımalar, ticarət, sərhəd idarəçiliyi və beynəlxalq bağlantılar kimi konkret sahələrə keçirir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüş keçirməsindən danışarkən qeyd etdi.

Onun sözlərinə görə, Azərbaycanın yanaşmasında sabitlik sadəcə müharibənin başa çatması anlamı daşımır:

"Sabitlik dövlətlərin gündəlik münasibətlərini tənzimləyən, iqtisadi maraqları uzlaşdıran və gələcək təhdidlərin yaranma imkanlarını məhdudlaşdıran bütöv idarəçilik sisteminə çevrilir. Bu sistemin siyasi müəllifi və əsas hərəkətverici qüvvəsi Prezident İlham Əliyevdir. Azərbaycan mənşəli neft məhsullarının Ermənistana ixracı və digər ölkələrdən göndərilən taxılın ərazimizdən tranziti regionda yaranan qüvvələr nisbətinin iqtisadi ifadəsidir. Ermənistanın xarici bazarlara çıxışı və enerji təminatı üçün Azərbaycan imkanlarından faydalanması ölkəmizin Cənubi Qafqazdakı mərkəzi mövqeyini daha aydın göstərir. Bu xətt güzəşt məntiqindən uzaq, dövlət mənafelərini qoruyan və Azərbaycanın mövcud üstünlüklərini uzunmüddətli təsir resursuna çevirən hesablanmış siyasətdir".

Millət vəkili vurğuladı ki, Prezident İlham Əliyev qarşı tərəfə sülhün real faydasını göstərməklə yanaşı, əməkdaşlığın əsas şərtinin Azərbaycanın suverenliyinə, hüquqlarına və yaratdığı siyasi reallığa hörmət olduğunu da təsbit edir:

"TRIPP layihəsi bu strategiyanın ən geniş geoiqtisadi ölçüsünü təşkil edir. Marşrutun həyata keçirilməsi Naxçıvanın ölkənin əsas hissəsi ilə əlaqəsini möhkəmləndirəcək, Azərbaycanın ərazi və iqtisadi bütövlüyünə əlavə dayanıqlıq qazandıracaq, eyni zamanda Şərqlə Qərb arasındakı yük axınları üçün yeni imkanlar açacaq. Vaşinqton razılaşmalarından sonra bu təşəbbüsün beynəlxalq gündəliyin tərkib hissəsinə çevrilməsi Prezident İlham Əliyevin illər ərzində ardıcıl müdafiə etdiyi bağlantı konsepsiyasının qəbul olunduğunu göstərir. Belə bir layihə Azərbaycanın coğrafi mövqeyini sadəcə xəritə üstünlüyündən qlobal ticarət üçün funksional zərurət səviyyəsinə yüksəldir. Dövlət sərhədinin delimitasiyası danışıqlarının davamı münasibətlərin hüquqi aydınlığını təmin edir, parlamentarilər və vətəndaş cəmiyyəti arasında təmaslar isə siyasi razılaşmaların ictimai müstəviyə daşınmasına xidmət göstərir. Bu elementlərin eyni gündəlikdə birləşdirilməsi Prezident İlham Əliyevin sülhə çoxşaxəli dövlət quruculuğu prosesi kimi yanaşdığını nümayiş etdirir. Bişkekdə görünən mənzərə Azərbaycanın hərbi meydanda qazandığı üstünlüyün diplomatik iradə, iqtisadi cazibə və nəqliyyat imkanları vasitəsilə qorunduğunu təsdiqləyir. Prezident İlham Əliyevin liderliyinin tarixi miqyası da burada üzə çıxır. O, bir dövrün münaqişəsini başa çatdırmaqla kifayətlənməyərək regionun növbəti inkişaf mərhələsinin qaydalarını müəyyənləşdirir və Azərbaycan xalqının qələbəsini davamlı təhlükəsizlik, rifah və beynəlxalq nüfuza çevirir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən