“TRIPP layihəsinin həyata keçirilməsi sürətləndirilməlidir” – Akif Nağı

 17:45 31.08.2026     511

"Bişkek görüşü çərçivəsində, Şanxay Əməkdaşlıq Təşkilatı səviyyəsində Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında görüş gözlənilirdi. Təbiidir ki, bu görüşlə bağlı biz əsasən Azərbaycanın maraqları mövqeyindən yanaşırıq. İstəyərdik ki, Azərbaycanın regionda, regionun da sabitliyinin əldə olunması ilə bağlı mövqeyi Ermənistan tərəfindən birmənalı şəkildə qarşılansın və Azərbaycanın şərtlərinə əməl olunsun".

Bu fikirləri Redaktor.az-a açıqlama verən politoloq Akif Nağı bildirdi.

O bildirdi ki, şərtlərdən biri Ermənistanda Konstitusiyanın dəyişdirilməsi, orada Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı bəndin çıxarılmasıdır:

"Bu, delimitasiya ilə bağlıdır. Azərbaycanın 90-92-ci illərdə işğal olunmuş ərazilərindən bir hissəsi hələ də Ermənistanın nəzarətində qalır. Söhbət Qazax rayonunun 3 kəndindən Yuxarı Əskipara, Barxudarlı, Sofulu kəndlərindən, eyni zamanda Naxçıvanın Sədərək rayonunun Kərki kəndindən gedir. Bu kəndlər Azərbaycana qaytarılmalıdır. Bununla bağlı son günlərdə Paşinyan müəyyən açıqlamalar verib, amma yarımçıq açıqlamalardır. Tam konkret şəkildə mövqeyini ortaya qoymur. Həm də bu günə qədər Azərbaycanın tarixi, hüquqi qədim ərazisi olan Başkəndlə bağlı da bir şərt ortaya qoyur. Bu məsələlər, əlbəttə, orada müzakirə olunurdu və Ermənistan başa düşməlidir, Paşinyan başa düşməlidir ki, Azərbaycanın mövqeyi haqlı mövqedir və bu mövqe qəbul olunmalıdır.

Digər tərəfdən, Vaşinqton görüşündən artıq bir ildən çox vaxt keçir. Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərləri arasında Zəngəzur dəhlizi ilə bağlı, TRIPP layihəsi ilə bağlı sənəd imzalandı. Ən azından bu prosesdə fəal şəkildə Amerika Prezidenti Tramp da iştirak edir. Bu layihənin həyata keçirilməsi sürətləndirilməlidir. Bu məsələnin Paşinyanın diqqətinə çatdırıldığını hesab edirəm. Ləng hərəkət edirdilər. Azərbaycan artıq demək olar ki, işlərin 70-80 faizini yerinə yetirib, amma hələ Ermənistan tərəfindən bir hərəkət yoxdur. Ermənistan hələ də kimlərləsə öz payını bölüşməyə, kimlərdənsə vəsait almağa çalışır ki, bu işləri həyata keçirsin".

O vurğuladı ki, bu görüşlə bağlı verilən məlumatda göstərilir ki, bu məsələlər orada müzakirə olunub:

"Bununla bağlı olan layihələrin həyata keçirilməsi, yəni TRIPP layihəsi ilə bağlı, təbiidir ki, müəyyən infrastruktur tədbirləri də həyata keçiriləcəkdir. Bununla bağlı da hesab edirəm ki, hər şey Azərbaycanla razılaşdırılmalıdır. Bütövlükdə, mən bu görüşü müsbət dəyərləndirərdim. Birincisi, yenə də vasitəçisiz olduğuna görə. Azərbaycan həmişə deyirdi ki və o təşəbbüs artıq Ermənistan tərəfindən müdafiə olunub, vasitəçisiz biz danışıqlar aparmalıyıq. Vaxt var idi ki, Ermənistanın lideri, rəhbəri deyirdi ki, “yox, kimsə zəmanətçi olmalıdır bizim razılaşmalarımıza, kimsə bizim danışıqlarda iştirak etməlidir”. Azərbaycan Prezidentinin mövqeyi isə belə idi ki, vasitəçiyə ehtiyac yoxdur, özümüz öz aramızda məsələləri müzakirə edib qərar qəbul etməliyik. Həmin istiqamətdə də proseslər gedir. İstər delimitasiya ilə bağlı, istərsə də demarkasiya ilə bağlı istiqamətdə proseslər davam edir.

TRIPP layihəsi də birbaşa, yəni müəyyən mənada, müəyyən şərtlər daxilində, birbaşa bir razılaşma kimi nəzərə alınmalıdır. Amerika Birləşmiş Ştatları özünün şərtini ortaya qoymadı, danışıqlarda, demək olar ki, iştirak etmədi. Azərbaycan və Ermənistan bu layihənin şərtlərini öz aralarında razılaşdırıblar, təbii ki, Amerika Prezidentinin iştirakı ilə. Ona görə də indi bu proses də davam edir və burada vasitəçisiz görüşün olması, birbaşa görüşlərin keçirilməsi yaxşı əlamət kimi dəyərləndirilməlidir. Eyni zamanda, orada bu məsələlərin müzakirə olunması, məsələlərin detallaşdırılması, hesab edirəm ki, müsbət tendensiya kimi dəyərləndirilməlidir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən