Paşinyan həm Rusiyadan, həm də Qərbdən istifadə etmək niyyətindədir - AÇIQLAMA
"Biz də, elə Rusiya tərəfi də çox gözəl bilir ki, Robert Köçəryan, Serj Sarkisyan artıq nəinki siyasi fiqurdur, əslində siyasi meyitdirlər. Onlara bu gün Ermənistan cəmiyyətində zərrə qədər belə inam, etibar yoxdur, rəğbət yoxdur. Bundan istifadə edən Ermənistanın Baş naziri Nikol Paşinyan addım atır. İndi Nikol Paşinyanın atdığı bu addımların bir tərəfdən oyun olduğunu da dilə gətirənlər var ki, bunun üçün də kifayət qədər əsaslar var".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Xəyal Bəşirov Rusiya-Ermənistan münasibətlərindən danışarkən qeyd etdi.
Onun sözlərinə görə, Nikol Paşinyan bir görüntü yaradır ki, qərbyönümlü siyasət yürüdür, əslində həm Rusiyadan, həm də Qərbdən istifadə etmək niyyətini ortaya qoyur:

"Ukrayna Prezidenti Volodimir Zelenskinin etdiyi bir sıra səhvləri təkrarlamaq istəmir. Həm Rusiyanın hədəfinə gəlmək istəmir, həm Avropanın hədəfinə gəlmək istəmir. Bu şəkildə müəyyən müddət davam etdirir və bunun üçün də müəyyən addımlar atmalıdır. Təbii ki, Rusiya üçün, Rusiyanın adamları hesab olunan bu şəxslərə qarşı təqiblər ilk öncə elə o prosesi gündəmə gətirir ki, Ermənistan Rusiya ilə münasibətləri korlamaq və qərbyönümlü siyasət yürütmək istəyir. Əslində Ermənistanın Rusiya ilə münasibətləri korlayıb qərbyönümlü siyasət yürütməsi üçün ilk öncə Rusiyaya aid olan hərbi bazanı Ermənistandan çıxarmağa ehtiyac var. Yəni hərbi baza bir gücdür, bir qüvvədir, orada hərbçilər fəaliyyət göstərir və bu, istənilən an Ermənistan üçün, Ermənistanın hazırkı hakimiyyəti üçün bir problem yarada bilər. Amma Robert Köçəryan, Serj Sarkisyan — illər göstərdi ki, onların zərrə qədər olsun belə Nikol Paşinyan hakimiyyəti üçün və yaxud da qərbyönümlü siyasət üçün bir təhlükəsi yoxdur. Onlar seçkilərdə iştirak etdilər, etiraz aksiyaları keçirdilər, təbliğat-təşviqat mərhələsində iştirak etdilər. Onların arxasınca gedən insanlar elə əvvəllər onlara aid olan, onlarla bir komandada olan, onların qohum-əqrəbalarından başqa insanlar olmadı".
Siyasi şərhçi düşünür ki, bu, görüntü xarakterli də ola bilər və əslində Nikol Paşinyan bunu həm də Rusiyaya müəyyən addımlar atmaq üçün atdığı bir addım kimi də hesab oluna bilər:
"Yəni bu addımı atıb, bunu Robert Köçərryan və yaxud digər şəxslərə qarşı təqibləri dayandırmaq üçün Rusiyanın təklifləri ilə bağlı bazarlıq etmək niyyətini ortaya qoya bilər. Bu proseslər heç də Nikol Paşinyanın tam şəkildə Rusiyadan imtina etməsi anlamına gəlmir və yaxud qərbyönümlü siyasət yürütmək anlamına gəlmir. Bəli, deyir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından bizi çıxarsalar, sevinərik və yaxud Avrasiya İqtisadi İttifaqından. Bunu, mən düşünürəm ki, Nikol Paşinyanın özü də edə bilər. Niyə etmir? Sadəcə bir addımı atıb o görüntünü yaratmaq, sonra da geri çəkilməkdən başqa bir şey deyil.
Nikol Paşinyan təbii ki, oyun oynayır, amma hər bir halda bu oyunun bizim üçün əsas məqsəd, əsas niyyət, əsas istək odur ki, bu oyunun Cənubi Qafqazdakı sülh prosesinə maneçiliyi olmasın. Digər bütün məsələlərin bizim üçün elə bir ciddi əhəmiyyəti yoxdur. Cənubi Qafqaz üçün təhlükə yaratmaq, sülh üçün təhlükə yaratmaq problemi və yaxud da prosesi bizim üçün, belə deyim, narahatverici məqam ola bilər. O baxımdan mən düşünürəm ki, Rusiya ilə Ermənistan arasında, mən hesab etmirəm ki, gizli bir danışıq yoxdur və yaxud pərdəarxasında hansısa bir anlaşmalar yoxdur. Tərəflər bir-birlərinə qarşı ittihamlar səsləndirirlər, amma bu ittihamlara uyğun real addımların şahidi olmayınca, mən düşünürəm ki, bunlar yalnız və yalnız görüntü xarakteri daşıyır".
Aytəkin TOFİQQIZI













