“Bir gün ərzində bu qədər liderlə təmas təsadüfi proqram deyil” – Deputat
"Avqustun 31-i Bişkek üçün adi gün deyildi. Şanxay Əməkdaşlıq Təşkilatının 25 illiyinə həsr olunmuş sammiti, Qırğızıstanın müstəqilliyinin 35-ci ildönümü və VI Dünya Köçəri Oyunlarının açılışı, üç fərqli miqyaslı hadisə eyni şəhərdə, üst-üstə düşdü. Prezident İlham Əliyevin bu simvolik sıxlıqdan optimal istifadə etməsi, bir günün içində dörd fərqli formatda çox sayda liderlə təmasa çıxması, təsadüfi proqram deyil, hesablanmış diplomatik strategiyanın nümunəsidir".
Bu fikirləri Redaktor.az-a açıqlama verən deputat Naqif Həmzəyev bildirdi.
O əlavə etdi ki, bu, Prezident Əliyevin cəmi bir ay ərzində Qırğızıstana ikinci səfəridir:
"Bu il İyulun 30-31-də Bişkekə dövlət səfəri baş tutmuş, həmin vaxt Çolpon-Atada Müttəfiqlik Münasibətləri haqqında müqavilə imzalanmışdı. Belə tezlikdə təmasların baş verməsi Bakı-Bişkek xəttinin artıq ənənəvi "dostluq və qardaşlıq" ritorikasından çıxıb konkret institusional əməkdaşlığa keçdiyini göstərir. ŞƏT sammiti bu mənada yalnız çoxtərəfli platforma deyil, ikitərəfli əlaqələrin sınaq meydançasına da çevrilib. Günün ən çox izlənən hadisəsi, şübhəsiz, Baş nazir Nikol Paşinyanla görüş oldu. Tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni və sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasını xüsusi vurğuladılar. Bu o deməkdir ki, proses kağız üzərində qalmayıb, liderlər arasında canlı təmasla dəstəklənir. Üçüncü tərəfin (bu halda ŞƏT platformasının) "neytral zəmin" rolu oynaması, Bakı üçün həm daxili, həm beynəlxalq auditoriyaya "danışıqlar davam edir" siqnalını vermək baxımından əhəmiyyətlidir".
Millət vəkili nəzərə çatdırdı ki, Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşü strateji tərəfdaşlığın davamlılığının təsdiqi baxımından əhəmiyyətli oldu:
"İran Prezidenti Məsud Pezeşkianla görüş isə regiondakı gərginlik fonunda Bakı-Tehran dialoqunun qorunması, xüsusilə sərhəd təhlükəsizliyi və nəqliyyat dəhlizləri baxımından diqqət çəkdi. Azərbaycanın İsti Suyunun Pezeşkiana təqdim edilməsi də Prezident İlham Əliyevin simvolik diplomatik addımı kimi qiymətləndirildi. VI Dünya Köçəri Oyunlarının açılışı ərəfəsində İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Pezeşkianla protokoldan kənar görüşü Türk dünyası ilə əlaqələr və regional əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıdı. Bu cür “kuluar” təmasları rəsmi danışıqlardan əlavə siyasi mesajlar verir.
Gün ərzində Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva BMT Baş katibi Antonio Quterreş, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emoməli Rahmon və Pakistanın Baş naziri Şəhbaz Şəriflə də ayaqüstü söhbətlər aparıblar. Xüsusilə Putinlə təmas Bakı-Moskva münasibətlərində normallaşma prosesinin davam etdiyinə dair siqnal kimi qiymətləndirilə bilər. Ümumilikdə, bir gün ərzində müxtəlif ölkələrin liderləri və beynəlxalq təşkilatların nümayəndələri ilə çoxsaylı təmaslar Azərbaycanın Mərkəzi Asiya istiqamətində diplomatiyasının ardıcıl və çoxşaxəli xarakter aldığını göstərir. ŞƏT platforması Azərbaycan üçün artıq yalnız iqtisadi əməkdaşlıq deyil, regional təhlükəsizlik, siyasi dialoq və böyük güclərlə təmas baxımından da mühüm platformaya çevrilir".
NURİYYƏ













