“Prezidentin Bişkek səfəri Azərbaycanın artan regional rolunu göstərir” - ŞƏRH

 11:25 01.09.2026     344

"Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək məqsədilə Qırğızıstana işgüzar səfəri Azərbaycanın Avrasiya məkanında getdikcə genişlənən siyasi və iqtisadi rolunu bir daha nümayiş etdirir.  Azərbaycan son illərdə Mərkəzi Asiya ölkələri ilə münasibətlərini əhəmiyyətli dərəcədə intensivləşdirib və bu əməkdaşlıq artıq ikitərəfli əlaqələrin hüdudlarını aşaraq daha geniş regional məzmun qazanır".

Bunu Redaktor.az-a açıqlama verən siyasi şərhçi Ülviyyə Zülfüqar bildirdi.

O əlavə etdi ki, ŞƏT kimi böyük siyasi, iqtisadi və coğrafi məkanı birləşdirən platformalarda Azərbaycanın yüksək səviyyədə təmsil olunması da ölkəmizin bu regionda formalaşan yeni əməkdaşlıq arxitekturasında güclü mövqeyə malik olmasından xəbər verir:

"Səfərin mühüm məqamlarından biri Prezident İlham Əliyevin müxtəlif dövlətlərin liderləri ilə keçirdiyi görüşlər və apardığı müzakirələrdir. Belə çoxtərəfli platformalar dövlətlər arasında qarşılıqlı maraq doğuran məsələlərin birbaşa müzakirəsi, mövcud tərəfdaşlıqların dərinləşdirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bişkekdə keçirilən görüş də səfərin diqqətçəkən siyasi məqamlarından biridir. Liderlər arasında birbaşa təmasların artıq müxtəlif beynəlxalq platformalar çərçivəsində də davam etməsi Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin praktik müstəviyə keçməkdə olduğunu və tərəflərin normallaşma prosesinin konkret məsələlərini bilavasitə müzakirə etmək imkanlarının genişləndiyini göstərir.

Bu, eyni zamanda, Cənubi Qafqazda uzunmüddətli sabitliyin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyan məqamdır. Digər mühüm istiqamət Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika xəritəsində artan roludur. Mərkəzi Asiyadan Xəzər dənizi və Azərbaycan üzərindən Türkiyə və Avropaya uzanan Orta Dəhlizin əhəmiyyəti sürətlə artır və Azərbaycan bu sistemin əsas bağlantı nöqtələrindən biridir. Azərbaycanın uzun müddətdir təşviq etdiyi yanaşma da məhz regionda sülhün iqtisadi əməkdaşlıq, ticarət, tranzit və qarşılıqlı maraqlarla möhkəmləndirilməsindən ibarətdir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən