Bişkek: atəşkəs protokolundan qalib Azərbaycanın sülh gündəliyinə - Zahid Oruc yazır...
Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə iştirak üçün Qırğızıstana səfəri mühüm siyasi əhəmiyyət daşıyır. Dünən təntənəli açılış mərasimi keçirilən 6-cı Dünya Köçəri Oyunları türk və Avrasiya xalqlarının ortaq tarixi-mədəni yaddaşını qoruyub saxlamağa xidmət edən mühüm hadisədir. Tədbirin ardınca keçirilən ŞƏT Zirvə toplantısı və “ŞƏT plyus” görüşü dünya iqtisadiyyaının dörddə birinə malik olan böyük bir coğrafiyanın siyasi və iqtisadi gələcəyinin müzakirə edildiyi platformadır.
İlham Əliyevin eyni səfər çərçivəsində Nikol Paşinyan, Rəcəb Tayyib Ərdoğan, Məsud Pezeşkian, Kasım-Jomart Tokayev və digər liderlərlə təmasları Azərbaycanın bir-birindən fərqli maraq mərkəzləri arasında apardığı uğurlu xarici siyasəti nümayiş etdirir.
Ermənistan rəhbəri və son seçkilərdə sülh və müharibə arasında xalqından birinci yola dəstək qazanan Nikol Paşinyanla görüş artıq barışın yalnız sənədlər üzərində əksini tapması ilə məhdudlaşmadığını, 8 avqust Ağ Ev Zirvəsinin qərarlarının həyata keçirdildiyini sübut edir. İndi İrəvanla birgə ticarət, tranzit, enerji və TRIPP layihəsi üzərindən iqtisadi əlaqələrin gələcəyi, o cümlədən çoxəsrlik düşmənçiliyin aradan qaldırılması üçün aparılacaq müxtəlif xalq diplomatiyası tədbirlərinə danışıqlarda xüsusi yer ayrılır.
Göründüyü kimi, Bişkek səfərində də dövlət başçısı Azərbaycanın qazandığı tarixi Qələbənin nəticələrini möhkəmləndirir və ölkənin yeni geosiyasi statusunu daha böyük Avrasiya məkanına daşıyır. Bişkekin Azərbaycan tarixində ayrıca siyasi yaddaşı var. 1994-cü ildə Qarabağ müharibəsində atəşkəsə aparan Bişkek protokolu qəbul edilmiş, mayın 12-dən cəbhədə hərbi əməliyyatlar dayandırılmışdı. Uzun illər münaqişənin simvollarından birinə çevrilən həmin sənəd işğal reallığının hökm sürdüyü ağır tarixi mərhələnin siyasi möhürünü daşıyırdı. O zaman məğlubiyyət silsiləsinin qarşısını almaq, dövlətçiliyi qorumaq və ordunu yenidən qurmaq üçün Ulu Öndər Heydər Əliyev ağır hərbi şərtlərin siyasi kapitulyasiyaya çevrilməsinə imkan vermədən müharibəni dayandırmaq barədə tarixi qərar vermişdi. 26 il sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi Ulu öndərin uzaqgörənliyinin tarixi nəticəsini ortaya qoydu: Azərbaycan torpaqlarını azad edildi, 2023-cü ilin sentyabrında isə bütün ərazisində suverenliyini tam bərpa olundu. 1994-cü ildə müharibəni dayandırmağa məcbur olan Azərbaycanla 2026-cı ildə Bişkekə gələn Azərbaycan eyni dövlət , lakin tamam başqa güc və siyasi status sahibidir. İndi Bişkek protokolunun yaratdığı köhnə hərbi-siyasi reallığı döyüş meydanında aradan qaldıran qalib Azərbaycanın Prezidenti məhz həmin şəhərdə Ermənistanın Baş naziri ilə müharibə səhifəsini qapadır, sülhün, ticarətin və yeni kommunikasiya xətlərinin şərtlərini müzakirə edir. Bişkek Azərbaycan məğlubiyyət kimliyini artıq ifadə etmir, Qələbədən sonrakı sülhün siyasi ünvanlarından birinə çevrilir.
Cənubi Qafqazın gələcəyinə dair Azərbaycanın apardığı müstəqli strateji kurs indi Orta Asiya coğrafiyasına qədər uzanır.
Qardaş Türkiyə lideri Ərdoğanla təmas Bakı–Ankara strateji xəttinin Avrasiya siyasətində uzlaşmasını, Pezeşkianla görüş cənub sərhədlərində sabitliyin və İranla münasibətlərin qorunmasını, Tokayevlə danışıqlar isə Orta Dəhlizin Xəzərin iki sahilində vahid nəqliyyat siyasətinə çevrilməsini gücləndirir. Aparılan intensiv diplomatik görüşlərin ortaq nəticəsi Azərbaycanın müxtəlif güc mərkəzləri ilə faydalı əməkdaşlığına töhvə verir, yeni strateji təşəbbüslərə yol açır. Bişkekdə bir tərəfdən tarixi-mədəni birlik nümayiş olunur, digər tərəfdən yeni Avrasiyanın yolları, sülhü və iqtisadi əlaqələri müzakirə edilir. Azərbaycan hər iki platformada öz coğrafiyası və müstəqil siyasəti ilə iştirak edir.
25 illik yubileyi qarşısında Şanxay Əməkdaşlıq Təşkilatı dünya siyasətində Qərb institutlarından kənarda formalaşan ən böyük siyasi məkanlardan birinin hansı istiqamətə getdiyini yenidən gündəmə gətirir. Çin, Rusiya, Hindistan, Pakistan, İran, Belarus və Mərkəzi Asiya dövlətlərini birləşdirən təşkilat artıq yarandığı dövrün sərhəd təhlükəsizliyi platformasından daha böyük iqtisadi və siyasi gücə çevrilir. Enerji, nəqliyyat, ticarət, rəqəmsallaşma, təhlükəsizlik və yeni maliyyə institutları ŞƏT-in gündəliyində getdikcə daha böyük yer tutur.
Prezident İlham Əliyevin avqustun 31-də ŞƏT tədbirlərində iştirak etmək üçün Bişkekə səfəri Azərbaycanın Avrasiya məkanındakı mövqeyinə yeni rakursdan baxmağa imkan verir. Sentyabrın 1-də keçiriləcək sammitə təşkilatın üzvləri ilə yanaşı Azərbaycan, Türkiyə, Ermənistan, Monqolustan, Laos, Vyetnam və digər dövlətlərin rəhbərləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri qatılır. ŞƏT artıq öz formal sərhədlərindən kənarda daha geniş tərəfdaşlıq coğrafiyası yaradır.
Azərbaycan 2015-ci ildən ŞƏT-in dialoq tərəfdaşıdır. On bir il əvvəl Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq siyasi imkanlarını genişləndirməyə çalışan dövlət idi.
İndi milli iradəsi və güclü ordusu ilə ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycan Qələbəsinin legitimliyini qlobal məkanda möhkəmləndirir, sülh gündəliyi ilə yerləşdiyi regiona və dünyaya müharibədən çıxış modelini təqdim edir. Bakı artıq beynəlxalq təşkilatlara yalnız milli problemin həlli üçün siyasi dəstək axtaran paytaxt kimi getmir. Ölkəmizin siyasi çəkisinin artması, Cənubi Qafqazı Orta Asiya və Yaxın Şərqlə birləşdirməsi Azərbaycanı etibarlı tərəfdaşa və vacib regional vasitəçiyə çevirir.
ŞƏT qarşısında ölkəmizin üstünlüyü qlobal embarqoların genişləndiyi və ənənəvi təchizat zəncirlərinin qırıldığı dövrdə Bakının ötürücü körpü rolunun artmasıdır. Otuz il əvvəl dünyadan işğala qarşı siyasi qərar və hüquqi dəstək gözləyən dövlət indi təhlükəsizlik ixracatçısı kimi çıxış edir və beynəlxalq sülh platformalarında söz sahibi olur.
ŞƏT xəritəsində böyük Avrasiya coğrafiyasının Qərbə çıxışı üçün vacib arteriyalardan biri məhz Azərbaycandır.
Çindən və Mərkəzi Asiyadan çıxan yük Xəzəri keçərək Azərbaycana, buradan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya gedir. Şimaldan gələn yol Azərbaycan üzərindən İrana, oradan Hind okeanı istiqamətinə uzanır.
Prezident İlham Əliyev 2025-ci ildə Tianjində keçirilən “ŞƏT Plus” toplantısında Azərbaycanın Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biri olduğunu xüsusi vurğulayaraq Orta Dəhlizlə 2022-ci ildən bəri ölkəmiz üzərindən yükdaşımaların təxminən 90 faiz artdığını bildirmişdi. Ələt limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması nəzərdə tutulur. Azərbaycan Şərq–Qərb və Şimal–Cənub xətlərinin hər ikisinə böyük infrastruktur sərmayələri yatırır.
Dünya Bankının Orta Dəhlizlə bağlı araşdırmasına görə, 2030-cu ilə qədər yük dövriyyəsinin üç dəfə artırılması və daşınma müddətinin yarıya endirilməsi mümkündür. Bankın hesablamalarında Azərbaycan, Qazaxıstan və Gürcüstan dəhlizin üç əsas dövləti kimi götürülür. Yolun ətrafında yeni istehsal, logistika, liman, enerji və sənaye infrastrukturu yaranır.
ŞƏT məkanının ən böyük üstünlüklərindən biri onun nəhəng coğrafiyasıdır. Əsas problemi isə dünya bazarları ilə yetərincə əlaqələnə bilməməsidir.
Mərkəzi Asiya dövlətlərinin dünya okeanına birbaşa çıxışı yoxdur. Çin Avropaya gedən marşrutlarını şaxələndirməyə çalışır. Rusiya sanksiyalardan sonra alternativ iqtisadi yollar axtarır. İran Şimal–Cənub dəhlizinin genişlənməsində maraqlıdır.
Azərbaycanın 1990-cı illərin məğlubiyyəti üzərində yaradılmış inhisarçı geosiyasi arxitekturanı dəyişməsi və regionu dünyaya açması Zəfərimizin coğrafiyasını genişləndirərək ona yeni strateji tərəfdaşlar qazandırır. Lakin istər ABŞ, istərsə də Çinlə münasibətlərində ölkəmiz heç bir dövlətin forpostuna çevrilmədən əməkdaşlıq, ticarət, mübadilə və qarşılıqlı fayda prinsipini qoruyur.
2024-cü ildə Astana ŞƏT sammiti çərçivəsində Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul edildi. Cəmi doqquz ay sonra, 2025-ci ilin aprelində Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı münasibətlər hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi.
Si Cinpinin 2025-ci ildə Tianjində İlham Əliyevə “əziz dostum” deyə müraciət etməsi iki lider arasındakı münasibətin protokol sərhədlərini aşdığını göstərirdi.
Azərbaycan son otuz ildə Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars, Ələt limanı və başqa layihələri dəyişən siyasi gündəmlərdən qoruyaraq uzunmüddətli dövlət strategiyasına çevirib.
Çin “Bir kəmər, bir yol” layihəsində məhz belə tərəfdaşlar axtarır.
Azərbaycan da təşəbbüsü ilk dəstəkləyən dövlətlərdən olub. Son illər Orta Dəhlizin əhəmiyyətinin artmasını Rusiya–Ukrayna müharibəsi ilə izah etmək geniş yayılıb. Lakin Bakı Şərq–Qərb infrastrukturu üzərində Ukrayna müharibəsindən çox əvvəl işləyirdi.
Əvvəlki onilliklərin investisiyaları indi yeni beynəlxalq şəraitdə strateji üstünlüyə çevrilir.
Rusiya üzərindən Şimal marşrutunun siyasi riskləri artıb. İran üzərindən yollar sanksiya və təhlükəsizlik problemləri ilə üzləşir. Süveyş istiqaməti daha uzun dəniz yoludur. Orta Dəhliz isə Çini Qazaxıstan, Xəzər, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya bağlayır.
Azərbaycanın rəsmi nəqliyyat məlumatlarına görə, Çinlə Avropa arasındakı bu xətt təxminən 8–10 min kilometr təşkil edir və yüklərin 12–18 gün ərzində daşınmasına imkan verir.
Qarabağdan sonra yol siyasəti
Azərbaycanın ŞƏT qarşısındakı mövqeyini dəyişdirən ən mühüm hadisə Qarabağ Zəfəridir.
2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni nəqliyyat bağlantısının yaradılması üçün tarixi imkanlar açır. Bakı–İrəvan sülhünün perspektivə çevrilməsi ilə Çin və Mərkəzi Asiyadan Xəzər vasitəsilə gələn yüklərin Azərbaycan–Naxçıvan–Türkiyə istiqamətində əlavə çıxış qazanması Cənubi Qafqazın kommunikasiya xəritəsini köklü şəkildə dəyişə bilər.
Prezident ƏliyevinTianjində həmin bağlantını həm Orta Dəhlizin, həm də Şimal–Cənub xəttinin gələcək mühüm hissəsi adlandırması təsadüfi deyildi.
Qarabağ Zəfərinin regional iqtisadi nəticələri artıq görünür. Peşəkar beynəlxalq araşdırmalara görə, yaxın on ildə Orta Dəhliz boyunca üç Qafqaz ölkəsinin birlikdə ÜDM-i 35 faizə qədər arta, yeni iş yerlərinin sayı isə 2 milyona çata bilər.
Otuz il münaqişənin ayırdığı coğrafiya sülhdən sonra Avrasiyanı birləşdirən platformaya çevriləcək.
Ermənistan da barışdan qazanmaq fürsəti əldə edir. İrəvan ərazi iddiaları və blokada siyasətinin yaratdığı qapalı vəziyyətdən çıxaraq Azərbaycan və Türkiyə üzərindən daha böyük iqtisadi məkana çıxa bilər. Sülhün iqtisadi dayağı nə qədər güclü olarsa, yeni müharibələrin də qarşısı bir o qədər alınar.
Bakı ŞƏT-ə yeni iqtisadi-siyasi mərkəzin orbitinə daxil olmaq üçün getmir. Azərbaycan nə KTMT-yə qoşulub, nə Avrasiya İqtisadi İttifaqına, nə NATO üzvlüyünü dövlət strategiyasına çevirib, nə də Avropa İttifaqına daxil olmaq üçün müraciət edib.
Lakin onların hər biri ilə müxtəlif səviyyələrdə əməkdaşlıq edir.
Uzun illər Azərbaycanın xarici siyasəti haqqında sual belə qoyulub: Bakı Qərbə gedir, yoxsa Şərqə?
Coğrafiyası eyni zamanda Rusiya, İran, Türkiyə, Mərkəzi Asiya və Avropa məkanına açılan dövlət üçün belə seçim süni olardı.
Azərbaycanın üstünlüyü müxtəlif siyasi və iqtisadi mərkəzləri öz ərazisində birləşdirmək bacarığındadır.
Türkiyə Azərbaycanın hərbi və siyasi qardaşıdır. Çinlə hərtərəfli tərəfdaşlıq qurulub. Pakistanla münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Mərkəzi Asiya dövlətləri ilə Xəzərin iki sahili vahid geosiyasi və geoiqtisadi regiona çevrilir. Avropa Azərbaycan qazını alır və Orta Dəhlizin inkişafında maraqlıdır. Rusiya və İran Şimal–Cənub xəttinin tərəfləridir. ABŞ Ermənistanla Azərbaycan arasında sülh prosesinin yeni mərhələsində mühüm siyasi rol oynayır.
Azərbaycan üçün təhlükəsiz xarici siyasət modeli rəqib güc mərkəzlərinin heç birindən birtərəfli asılılığın yaranmamasıdır.
Qarabağ Zəfəri Azərbaycanın siyasi coğrafiyasını dövlət sərhədlərindən qat-qat böyük miqyasda genişləndirib.
Zahid Oruc,
Milli Məclsiin deputatı













