“Azərbaycan artıq sadəcə coğrafi körpü deyil, mühüm regional gücə çevrilib” - Fəzail İbrahimli

 14:23 01.09.2026     367

“Prezident İlham Əliyevin Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirakı Azərbaycanın balanslı və çoxvektorlu xarici siyasətinin mühüm nəticəsidir. Sammitin sülh, inkişaf və əməkdaşlıq mövzusu Azərbaycanın xarici siyasət prioritetləri ilə səsləşir”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli bildirdi.

O əlavə etdi ki, geosiyasi qarşıdurmaların dərinləşdiyi bir dövrdə Azərbaycan dövləti Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmağı və milli maraqlarını qorumağı bacarıb:

"Prezident İlham Əliyevin ŞƏT sammitində iştirakı bu siyasətin məntiqi davamıdır. Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, daha geniş Avrasiya məkanında əməkdaşlıq proseslərinin mühüm iştirakçısına çevrilib. Bakı Cənubi Qafqazı Mərkəzi Asiya, Mərkəzi Asiyanı Avropa, Avropanı isə daha geniş Avrasiya və Yaxın Şərq məkanı ilə birləşdirən mühüm platformalardan biridir. Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində əməkdaşlığın genişlənməsi, Orta Dəhlizin əhəmiyyətinin artması və Xəzər üzərindən Mərkəzi Asiya ilə əlaqələrin möhkəmlənməsi Azərbaycanın geosiyasi çəkisini artırır. Azərbaycanın qovşaq rolunu yalnız dəmir yolları, limanlar və avtomobil magistralları ilə izah etmək olmaz. Ölkəmiz eyni zamanda siyasi dialoqun, iqtisadi əməkdaşlığın və təhlükəsizlik məsələləri üzrə qarşılıqlı anlaşmanın qovşağına çevrilir".

Millət vəkili vurğuladı ki, Bakının əsas uğuru müxtəlif siyasi maraqlara malik dövlətləri qarşıdurmaya deyil, əməkdaşlığa yönəltməsidir. Onun sözlərinə görə, Azərbaycan bloklaşmanı deyil, açıq tərəfdaşlığı, geosiyasi rəqabəti deyil, qarşılıqlı faydanı ön plana çıxarır.

"Bu baxımdan ŞƏT sammiti Azərbaycanın genişlənən geosiyasi rolunun göstəricisidir. Prezident İlham Əliyevin sammitdə iştirakı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin daha geniş platformada ifadə olunması və ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan artıq sadəcə coğrafi körpü deyil, siyasi dialoqun, nəqliyyat-logistika əməkdaşlığının, enerji təhlükəsizliyinin və iqtisadi inteqrasiyanın formalaşmasında mühüm aktora çevrilir. Prezident İlham Əliyevin balanslı və çoxvektorlu xarici siyasəti nəticəsində Azərbaycan müxtəlif güclər və siyasi mərkəzlər arasında əməkdaşlığın formalaşmasına töhfə verən ölkə kimi qəbul olunur. Bu siyasət Azərbaycanın siyasi çəkisini artırmaqla yanaşı, daha geniş coğrafiyada sülhə, sabitliyə və inkişafa xidmət edir”, - deyə Fəzail İbrahimli yekunlaşdırdı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən