Paşinyanın sinəsindəki “real Ermənistan” xəritəsi nə deməkdir? – AÇIQLAMA

 15:53 01.09.2026     402

"Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilmiş ikitərəfli görüş tarixin böyük fərqlərlə və yeni reallıqlarla təkrarlanmasını göstərir. Təxminən 32 il öncə Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan və Ermənistan nümayəndə heyətləri yenidən görüşdə idilər və həmin görüşün əsas motivində Azərbaycan-Ermənistan arasında sülhün təmin olunması dayanırdı. Sadəcə, fərq ondan ibarət idi ki, həmin dövrdə, yəni 32 il öncə, Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etmişdi. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və ümumbəşəri cinayətlər fonunda erməni separatçıları işğal faktını əbədiləşdirməyə çalışırdılar".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev Bişkekdə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşündən danışarkən səsləndirdi.

"Əgər 32 il öncə Bişkekdə Azərbaycan nümayəndə heyəti Ermənistanla atəşkəsə nail olunmasına çalışırdısa, 32 il sonra Bişkekdə Azərbaycan Prezidenti Ermənistan Baş naziri ilə sülh gündəliyi çərçivəsində görüş keçirir. Burada motiv və reallıq fərqi ondadır ki, 32 il sonra Azərbaycan Bişkekdə yenidən Ermənistanla görüş keçirəndə artıq bu dəfə Ermənistan tərəfindən torpaqları işğal olunmuş bir dövlət kimi yox, dünyada və yaxın tarixdə öz suverenliyini və ərazi bütövlüyünü tam təmin etməyə nail olan, bunu əldə edə bilən unikal və nadir bir dövlət kimi iştirak edir", - deyə o vurğuladı.

Siyasi şərhçi əlavə etdi ki, Azərbaycan Prezidentinin Bişkek səfəri və bu səfər çərçivəsində Nikol Paşinyanla görüşündəki xüsusi məqamlardan biri də Paşinyanın öz sinəsinə taxdığı, Ermənistanın real xəritəsini əks etdirən broşla bağlıdır:

"Bir nüansa xüsusi diqqət yetirmək lazımdır ki, həmin broş bu gün Ermənistanın coğrafi vəziyyətini və real xəritəsini simvolizə edir. İlk dəfə deyil ki, Paşinyan bu aksesuardan istifadə edir. O, indiyə qədər bir sıra beynəlxalq tədbirlərdə də həmin broşu sinəsinə taxıb. Son parlament seçkilərində də o, bir sıra görüşlərində və seçicilərlə ünsiyyətində bu detaldan istifadə edib. Amma bunlar o demək deyil ki, Paşinyan bu qənaətə elə birbaşa şəkildə gəldi ki, Qarabağın Azərbaycana məxsusluğu tanınsın və Ermənistanın real sərhədlərindən kənara çıxmasın.

Xatırlatmaq istəyirəm ki, 2022-ci ildə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində ilkin görüşlər keçiriləndə və müqavilə mətninin bəndlər üzrə razılaşdırılması prosesi başlayanda Ermənistan baza prinsiplərindən biri kimi Azərbaycanın Qarabağ ərazisindəki erməni əhalisinin gələcək statusu məsələsini ortaya çıxartmışdı və bunun müəyyənləşdirilməsi üçün ATƏT-in Minsk qrupundan dəstək istəmişdi. Xüsusi məsələsi ondan ibarət idi ki, Azərbaycanın inzibati sərhədləri daxilində olan heç bir ərazinin ayrıca, müstəqil əhalisi ola bilməz. 2023-cü ildə bir gün ərzində baş tutan, 1 gün davam edən antiterror tədbirləri bu gün Paşinyanın sinəsinə taxdığı həmin broşun bu formada yerləşdirilməsinə gətirib çıxardı. Məhz antiterror tədbirlərindən sonra Ermənistan başa düşdü ki, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə bundan sonra heç bir halda müdaxilə edə bilməz, Azərbaycanla diplomatik və sülh mövqeyindən kənar hər hansı formada dialoq və ünsiyyət qura bilməz. Təqribi həmin dövrdən sonra da Paşinyan bu aksesuardan istifadə etməyə və real Ermənistanın xəritəsi çərçivəsində ermənilərin öz varlıqlarını və yaşamlarını sülh şəraitində davam etdirməli olduqları qənaətinə gəldi".

Üzeyir Mustafayev: “Sülh Sazişin paraflanmış mətni prinsipial mövqenin və  diplomatik qalibiyyətin təcəssümüdür” - İnformasiya.az

Müsahibimizin sözlərinə görə, Ermənistandankı son parlament seçkiləri də göstərdi ki, erməni əhalisinin böyük qismi bu və ya başqa səbəbdən Paşinyanla eyni fikirdədir.

"Namizədlər arasında separatizm mövqeyindən və yenidən müharibənin başlaması istəyindən çıxış edənlər olsa da, erməni xalqı məntiqli seçim edərək Paşinyanı dəstəklədi. Bişkek görüşü və ümumilikdə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları onu göstərir ki, Azərbaycan həm Ermənistanla, həm də Cənubi Qafqaz regionundakı digər dövlətlərlə uzunmüddətli sülhün və təhlükəsizliyin formalaşdırılmasının əsasını qoyubdur. Məhz Azərbaycan tərəfindən irəli sürülmüş baza prinsipləri əsasında müəyyənləşdirilmiş müddəalar və həmin müddəaların reallaşması Vaşinqtonda, keçən il avqustun 8-də Azərbaycan, Ermənistan və Amerika Birləşmiş Ştatları rəhbərlərinin birgə bəyannaməsi ilə nəticələndi və sülh müqaviləsinin mətni paraflandı. Bütün bunlar onu göstərir ki, biz Cənubi Qafqazın sülh gündəliyinin müəllifiyik və bugünkü dövrdə Azərbaycanla, onun uğurlu xarici siyasəti və müdrik siyasi lideri ilə heç bir halda məhz bu gündəlikdən kənar bir formada ünsiyyətə, dialoqa girmək mümkün deyil", - deyə Üzeyir Mustafayev vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən