"Ermənistanla münasibətlərimiz tamamilə ikitərəfli format çərçivəsindədir" - Sahib Alıyev
"Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin gündəliyi Azərbaycanın maraqlarına tam cavab verən bir gündəlikdir. Eyni zamanda, Azərbaycan Prezidentinin demək olar ki, burada bir neçə ikitərəfli mühüm görüşləri olur. Azərbaycan, Rusiya və Ermənistan tərəflərinin arasında görüş ola biləcəyi məsələsi də var. Mən bunu açıq istisna edirəm, çünki bizim Ermənistanla münasibətlərimiz artıq tamamilə ikitərəfli format çərçivəsindədir və burada hər hansı bir üçtərəfli formata ehtiyac yoxdur".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev qeyd etdi.
"Çin ekspertlərinin, politoloqlarının və ümumiyyətlə, Çinin rəsmi mövqeyini əks etdirən mediada yazılanlara dayanaraq deyirəm ki, onlar 25 illik dövrü üç mərhələyə bölürlər: 2001-dən 2020-yə, 2020-dən 2025-ə və indini artıq üçüncü mərhələnin başlanğıcı dövrü adlandırırlar. Bu mərhələdə əsas olan bağlantı, nəqliyyat, texnologiya və təhlükəsizlikdir. Bu məsələlərin hamısında Azərbaycana ehtiyac duyulacaq xeyli məqamlar var. Birində az, birində çox var. Hətta ilk baxışda təhlükəsizlik məsələsində belə ehtiyac var. Xatırladım ki, bundan əvvəlki mərhələlərin hamısında təhlükəsizlik məsələsi birinci yerdə idi. 2001-ci ildə bu təşkilat yaradılanda, bu təşkilat sərhədlər boyu təhlükəsizliyin təmini və ümumiyyətlə, bununla bağlı irəli çıxa biləcək mübahisələrin dinc yolla həlli məqsədilə yaradılmışdı - həm Mərkəzi Asiya dövlətləri ilə Rusiya arasında, həm Mərkəzi Asiya dövlətlərinin bir-biri ilə, həm də Mərkəzi Asiya dövlətləri ilə Çin arasında".
Millət vəkili vurğuladı ki, 25 ildə proseslərin gedişatına baxsaq, maraqlı mənzərə var:
"Sərhəd problemlərinin həlli məsələsi var idi, bu sərhəd problemlərinin həlli məsələsində Çin qarşısına hansı məqsədləri qoymuşdusa, hamısına çatdı. Bütün sərhəd boyu dövlətlərin hamısından torpaq aldı. Yəni bu, diplomatik yolla reallaşdırıldı. Rusiya isə bu məsələdə çox reaksiyalı idi. Nəticədə, səhv etmirəmsə, hardasa 74 kvadrat kilometr ərazini Çinə verməyə məcbur oldu. Amma mən fikirləşirəm ki, bunun davamı da var, çünki o anlaşmaya görə Böyük Ussuri adasının yarısı Rusiyaya verilmişdi, yarısı Çində qalmışdı. Amma 2023-cü ildə Çinin Təbii Sərvətlər və Ekologiya Nazirliyinin xəritəsində o ada tamamilə Çininki kimi göstərilir. Çin öz məqsədlərinə qədim Çin filosofu Lao Tszının dediyi kimi, dinc yollarla çatır".
Aytəkin TOFİQQIZI













