"Əlaqələrimiz elə səviyyəyə gəlsin ki, su içmək kimi canlara, ürəklərə yayılsın" - İranın keçmiş səfiri
"Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkianın görüşməsi və səmimi söhbət etmələri çox sevindirici haldır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymani Azərbaycan və İran prezidentlərinin Bişkek görüşündən danışarkən səsləndirdi.
Onun sözlərinə görə, özəlliklə İlham Əliyevlə Pezeşkianın görüşləri, demək olar ki, çox cəlbedici oldu:
"Əhali, yəni iki ölkədə əhali tərəfindən, kütləvi informasiya vasitələri tərəfindən bu görüş çox geniş yayıldı. Orada görünən səmimiyyət bir daha onu göstərdi ki, bizim, yəni iki ölkənin xalqları, demək olar, bir millətdirlər, əslində. Bu səmimiyyət də prezidentlərin simasında göstərilir. Özəlliklə onların ana dilində danışmaları, səmimi söhbət etmələri, su içmələri də demək olar ki, su kimi əlaqələrə aydınlıq gətirəcək və onları genişləndirəcək. Əlaqələrimiz də belə səviyyəyə gəlsin ki, o, su içmək kimi canlara, ürəklərə yayılsın. Bizim İran-Azərbaycan arasında olan əsas sərmayəmiz elə bu ənənələrdir. Yəni qonşuluqdan, qardaşlıqdan əlavə, bu ənənələrdir ki, keçmişdən, qədimdən qalıb. Həmin bu səmimiyyətimiz, dilimiz, öz dilimizdə danışmağımız, mehriban olmağımız böyük sərmayədir. Çox az ölkələrin arasında belə bir səmimiyyət ola bilər. Düzdür, məsələn, keçmişdə iki Almaniya birləşibdir, onlar bir olublar. Amma, məsələn, Cənubi Koreya, Şimali Koreya – onlar bir xalqdır, amma sistemlərinə görə hakimiyyət Şimali Koreyada başqadır. Belə bir səmimiyyət yoxdur. Hətta SSRİ-dən ayrılan respublikaların arasında da belə deyil".
Süleymaninin fikrincə, iki ölkənin yaxınlaşmasını istəməyənlər çalışacaqlar ki, hətta bunu da başqa yerə yozsunlar, ondan bir şeylər çıxartsınlar:
"Özəlliklə İranın indiki durumunda Pezeşkian da deyir: “Qonşu ölkələrlə əlaqələrimizi genişləndirməliyik”. O da tam düz sözdür. Burada söhbət yanlız ölkənin maraqlarınddan getmir. Bu əlaqələr həm lazımdır, həm də olmalıdır. Yəni burada söhbət sadəcə maraqdan getmir. Özəlliklə İran-Azərbaycan arasında sıx əlaqələr olmalıdır, gediş-gəliş çox olmalıdır, ortada olan problemlər həll olunmalıdır, əlaqələr dərinləşməlidir, bütün imkanlardan istifadə olunmalıdır, qarşılıqlı inam güclənməlidir. Yəni bunların hamısı olmalıdır. İran-Azərbaycan arasında o qədər qarşılıqlı inam çoxalsın ki, hətta sərhədləri götürsünlər. İki müstəqil ölkə olaraq gediş-gəliş sərbəst olsun".
Müsahibimiz qeyd etdi ki, onun arzusu iki ölkənin əlaqərəini sıx görməkdir:
"Yəni arzularımın biri həyata keçdi. O zamanlar söyləyirdim və bilirdim ki, Azərbaycan Qarabağı, yəni işğal olunmuş ərazilərini qaytaracaq və Qarabağa hamı gedəcək. Elə də oldu. Mən də inşallah gedəcəyəm.Düzdür, hələlik qismət olmayıb, gedib-gəlib oraları görməmişəm. Xalqlarımıza da Allahdan müvəffəqiyyətlər, salamatçılıq, uğurlar, inkişaf, rahatçılıq, rifah arzulayıram və dövlətlərə də bu istiqamətlərdə çalışmalarında uğurlar diləyirəm".
Xədicə BAXIŞLI













