“Azərbaycan müxtəlif siyasi qütbləri birləşdirən dövlətə çevrilib” - Jalə Əliyeva
"Prezident İlham Əliyevin Qırğızıstana növbəti işgüzar səfərini bütövlükdə çox uğurlu və diplomatik baxımdan son dərəcə məhsuldar qiymətləndirmək olar. Bu səfərin əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan bir platforma çərçivəsində həm çoxtərəfli, həm də ikitərəfli diplomatiya imkanlarından maksimum istifadə etdi".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva səsləndirdi.
O qeyd etdi ki, Bişkekdə keçirilən “ŞƏT plyus” formatındakı görüşdə Prezident İlham Əliyevin iştirakı Azərbaycanın artıq regional məsələlərlə məhdudlaşmayan, geniş Avrasiya məkanında söz sahibi olan dövlət kimi qəbul edildiyini nümayiş etdirdi:
"Şanxay Əməktaşlıq Təşkilatı (ŞƏT) məkanı siyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik baxımından dünyanın ən mühüm geosiyasi platformalarından biridir və Azərbaycanın bu müzakirələrdə fəal iştirakı ölkəmizin artan beynəlxalq çəkisinin göstəricisidir. Səfərin digər mühüm tərəfi Prezident İlham Əliyevin müxtəlif ölkələrin liderləri ilə keçirdiyi görüşlər oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti, Qazaxıstan Prezidenti və Ermənistanın Baş naziri ilə təmaslar Azərbaycanın xarici siyasətinin çoxşaxəli və balanslı xarakterini açıq şəkildə göstərdi. Rəsmi proqramda bu görüşlərin ardıcıl şəkildə keçirilməsi Bişkekin Azərbaycan diplomatiyası üçün mühüm siyasi dialoq məkanına çevrildiyini təsdiqləyir".
Millət vəkili vurğuladı ki, bu görüşlərin hər biri Azərbaycanın fərqli strateji istiqamətlərinə xidmət edir:
"Türkiyə ilə münasibətlər strateji müttəfiqliyin daha da möhkəmləndirilməsi baxımından, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri ilə əlaqələr Orta Dəhliz, nəqliyyat və iqtisadi inteqrasiya baxımından, İranla görüş regional əməkdaşlıq və qarşılıqlı maraqlar baxımından, Ermənistanla təmaslar isə postmünaqişə dövründə sülh gündəliyinin irəlilədilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu səfər bir daha göstərdi ki, Azərbaycan artıq yalnız regional proseslərə reaksiya verən dövlət deyil. Azərbaycan regional və beynəlxalq gündəliyin formalaşmasında iştirak edən, müxtəlif siyasi mərkəzlərlə eyni zamanda konstruktiv dialoq qura bilən ölkəyə çevrilib. Prezident İlham Əliyevin Bişkekdəki çıxışında Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi, yeni nəqliyyat kommunikasiyalarının yaradılması və əməkdaşlıq perspektivlərinə diqqət yetirməsi də Azərbaycanın gələcəyə yönəlmiş siyasətini nümayiş etdirdi.
Ümumi nəticə olaraq, Bişkek səfərini Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi, Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi, Türk dünyası daxilində əməkdaşlığın güclənməsi və Cənubi Qafqazda yeni siyasi reallıqların möhkəmləndirilməsi baxımından mühüm diplomatik uğur kimi qiymətləndirmək olar".
J.Əliyevanın fikrincə, ən əsas nəticələrdən biri isə budur:
"Azərbaycan bu gün müxtəlif siyasi qütbləri birləşdirən, Şərqlə Qərb, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında etibarlı tərəfdaş və mühüm əlaqələndirici dövlət kimi çıxış edir. Bişkek görüşləri də bu mövqenin getdikcə daha da gücləndiyini nümayiş etdirdi".
Xədicə BAXIŞLI













