Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? - ŞƏRH
Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiya lideri Vldamir Putin Bikekdə görüşüblər. Paşinyan görüşü çox yaxşı qiymətləndirdiyini və yaxın zamanda Moskvaya səfər edəcəyini açıqlayıb.
Maraqlıdır, Paşinyanın Moskyava səfərində əsas məqsəd nə ola bilər?
Siyasi şərhçi Çingiz Şahbazi Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Paşinyanın Moskvaya yaxın gələcəkdə səfər edəcəyini bildirməsi təsadüfi deyil və hesab edirəm ki, bu səfər sadəcə protokol xarakterli səfər də olmayacaq:
"Sentyabrın 1-də Bişkekdə Putinlə görüşdən sonra Paşinyan bildirib ki, Moskvaya səfəri zamanı “səmimi və konstruktiv söhbət” davam etdiriləcək. O, xüsusilə də yeni şəraitdə Ermənistan-Rusiya münasibətlərinin yenidən formalaşdırılmasının zəruri olduğunu bildirib. Paşinyanın fikrincə, bu proses nəticəsində iki ölkə arasında münasibətlər daha konstruktiv, qarşılıqlı faydalı və isti ola bilər. Rusiya Prezidenti isə Paşinyanı Moskvaya özü dəvət edib və orada Ermənistanın gələcək inteqrasiya planlarını və ikitərəfli əlaqələrin konkret istiqamətlərini mütəxəssislərlə birlikdə maddə-maddə nəzərdən keçirmək istədiklərini bildirib. Yəni, Moskva görüşünün əsas məqsədi Ermənistanın ikibaşlı oyun oynamasına son qoymaq və aydınlıq gətiriləcəyi ilə bağlıdır. Ermənistanın mütləq şəkildə seçim etməsi lazımdır".
Politoloq hesab edir ki, Ermənistan-Rusiya münasibətlərində yeni siyasi çərçivənin yaradılması, növbəti görüşdə, proses zamanı müəyyənləşməsi qaçılmazdır.
.png)
"Maraqlısı isə odur ki, Putin Bişkekdə bildirdi ki, “Ermənistan Rusiya hərbi bazasının artıq lazım olmadığını hesab edirsə, Moskva sabah çıxmağa hazırdır”. Bu açıqlamanı Moskvanın mövqeyində dəyişiklik kimi qəbul etmək olar. Moskvanın mövqeyindəki dəyişiklik mesajını həmçinin Ermənistan üçün təhdid olaraq da qiymətləndirmək olar. Çünki Ermənistan hələ də iqtisadi baxımdan Rusiyadan asılılığı azalda bilməyib. “İstəyirsiniz, qalırıq, istəmirsiniz, gedirik” ritorikası, heç şübhəsiz ki, sonradan Ermənistana baha başa gələ bilər. Paşinyanın isə bununla bağlı “yeni mühitdə və yeni şəraitdə yenidən formalaşdırılmasına” ehtiyac olduğunu bildirməsi, görüşün gərgin olacağından xəbər verir.
Əlbəttə ki, Paşinyan münasibətlərin tamamilə qopmasının qarşısını almaq üçün alternativ variantlar axtarır. Hansı ki, Qərblə yaxınlaşmanı davam etdirməklə yanaşı, Rusiya ilə iqtisadi və müəyyən təhlükəsizlik əlaqələrini də qoruyub saxlamaq lazımdır. Rusiya isə öz növbəsində Ermənistanın Avropaya tərəf üz döndərməsinin və yaxınlaşmasının qarşısını almaq üçün əlində olan bütün mexanizmlərdən istifadə edəcək kimi görünür. Bunun üçün də Ermənistanın Qərbə inteqrasiyası fonunda Rusiya ilə siyasi və iqtisadi sərhədlərinin hansı həddə qədər qorunub saxlanılması müzakirə edilə bilər. Burada tərəflər arasında kompromis əsas rol oynayacaq desək, daha doğru olar. Bu baxımdan hesab edirəm ki, səfəri yeni qaydaların müəyyənləşdirilməsi istiqamətində başlanğıc kimi qəbul etmək olar", - deyə Çingiz Şahbazi yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI













