“Artıq bu, Rusiya-Ukrayna müharibəsi deyil” – Deputatdan sensasion AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istədiyini bildirib. O, belə bir görüşün Ukraynadakı münaqişənin sona yaxınlaşdığı mərhələdə mümkün olacağını düşünür.
Maraqlıdır, yaxın zamanda tərəflərin görüşü mümkün ola bilərmi?
Milli Məclisin deputatı Tural Gəncəliyev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Ukrayna müharibəsinin sona çatması ilə bağlı son zamanlar ABŞ və Rusiya prezidentlərinin görüş keçirə biləcəyi barədə xəbərlər yayılıb:
"Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Ratkliffin bir neçə gün əvvəl Moskvaya bir neçə saatlıq səfəri də çox böyük ehtimalla Ukrayna münaqişəsinin sonlandırılması məqsədilə ABŞ, Rusiya və hətta, ola bilsin, Ukrayna prezidentlərinin də müştərək görüşünün keçirilməsi ilə bağlı təkliflərin nəzərdən keçirilə biləcəyi barədə müxtəlif beynəlxalq media qurumlarında xəbərlərin yayılmasına, siyasi ekspertlərin, politoloqların yazmasına və şərhlər verməsinə səbəb olub.
Ancaq mən yaxın zamanda sırf ABŞ və Rusiya prezidentlərinin görüş keçirilməsi ilə bağlı yayılan xəbərlərə skeptik yanaşıram. Çünki, birincisi, Ratkliffin Moskvaya son səfərindən sonra Rusiya-Ukrayna müharibəsində eskalasiyanın kəskin şəkildə artdığının şahidi olduq. Ratkliff Moskvadan ayrılan kimi Rusiyanın, xüsusilə də Ukraynaya, Kiyevə çox güclü zərbələr endirdiyini və əvvəlki kimi təkcə hərbi obyektləri deyil, enerji infrastrukturunu da hədəf aldığını gördük. Eyni zamanda, Ukraynanın da, təbii ki, cavabları çox kəskindir, Rusiyanın enerji və mülki obyektlərini hədəfə alır. Qarşılıqlı şəkildə bir-birlərini sanki məhv etməyə və eskalasiyanın növbəti mərhələsinə keçməyə şahid oluruq.
Rusiyanın dünən axşam Almaniyanın Leypsiq aeroportuna, bir neçə müddət əvvəl oraya səfər etmiş Ukrayna yük təyyarəsinə pilotsuz uçuş aparatı göndərdiyi və məhz Almaniya ərazisinə, NATO ərazisinə Rusiyanın hücum etdiyi ilə bağlı Almaniya hökumətinin qərarı oldu. Beləliklə də, Almaniya hökuməti bu məsələnin NATO-da müzakirəyə çıxarılacağını qeyd etdi. Biz ilk dəfədir ki, Rusiya tərəfindən NATO üzvü olan ölkəyə, xüsusilə də NATO-nun ən böyük və güclü ölkələrindən biri sayılan Almaniyaya hücum edilməsi ilə bağlı iddiaların şahidi olduq.
İndi bunun nə qədər doğru olub-olmadığını, sadəcə olaraq, Almaniya hökumətinin bununla bağlı araşdırma apardığını və araşdırmanın nəticəsi olaraq bu hücumun məhz Rusiya tərəfindən edildiyini təsdiqləyən sübutların olduğunu və beləliklə, bununla bağlı məlumat verdiyini qeyd edirik".
Müsahibimiz vurğuladı ki, Rusiyanın pilotsuz uçuş aparatları Baltikyanı ölkələrə – Estoniyaya, Latviyaya, Litvaya, hətta Rumıniyaya qədər gedib çıxırdı:
"Rumıniya və Polşa ərazilərində insidentlər baş verirdi. Ancaq Almaniya qədər uzaq bir yerə, yəni sərhəddən uzaq, Rusiya-Ukrayna müharibəsi teatrından uzaq bir yerə pilotsuz aparatın çıxması onu deməyə əsas verir ki, eskalasiya, müharibə artmaqdadır və bu, artıq Rusiya-Ukrayna müharibəsi deyil, Rusiya-NATO, Rusiya-Avropa qarşıdurmasıdır. Ona görə də bax, bu eskalasiyanın artdığı bir dövrdə mən Rusiya ilə Amerika prezidentləri arasında görüş keçiriləcəyinə yaxın vaxtlarda inanmıram.
Əksinə, Rusiya-ABŞ deyil, Amerika ilə Çin prezidentlərinin oktyabrda, səhv etmirəmsə, Amerikada görüş keçirilməsi ilə bağlı gündəm formalaşır, hazırlıq gedir. Bildiyiniz kimi, Çin Prezidenti Si Cinpin cavab səfəri çərçivəsində Amerikaya səfər etməlidir. Necə ki, Amerika prezidenti bir neçə ay bundan öncə Çinə səfər etmişdi. İndi isə payızda Si Cinpinin Amerikaya səfər etməsi plandadır.
Hesab edirəm ki, Amerika bu səfər öncəsi öz əlini, öz gücünü, Trampın dili ilə desək, öz kartlarını möhkəmləndirməyə çalışır. Həm iki gün əvvəl İrana endirilən yeni zərbələr, həm də Ukrayna-Rusiya münaqişəsi istiqamətində artan eskalasiya onu göstərir ki, oktyabrda Si Cinpinin səfəri öncəsi Amerika danışıqlar masasında öz mövqeyini, öz gücünü artırmaq istəyir ki, Çinlə keçirilən görüşdə daha güclü mövqeyə sahib olsun".
Onun sözlərinə görə, Con Ratkliffin Moskvaya son səfərindən sonra, çox təəssüflər olsun ki, dünyanın nüvə eskalasiyası təhlükəsi ilə də üz-üzə qaldığı barədə xəbərlər yayılır:
"Çünki bu məlumatdan dərhal sonra dünyanın tanınmış informasiya agentlikləri Rusiyanın Ukraynaya qarşı nüvə zərbəsi endirə biləcəyini şərh edirlər və yaxud da eyni məsələlərlə bağlı, həmçinin Yaxın Şərqdəki qarşıdurma kontekstində taktiki nüvə zərbəsinin endirilə biləcəyi ehtimallarını müzakirə edirlər.
Yəni bütün bunlar onu göstərir ki, Rusiya-Amerika prezidentlərinin görüşü gözlənilmir. Görüş olsa belə, belə bir çətin vəziyyətdə görüşün keçirilməsi nə qədər effektiv olacaq, o məsələ var. Burada xüsusilə də Amerika-Çin görüşündən sonra hadisələrin necə inkişaf edəcəyinin şahidi olacağıq. Si Cinpinin Amerikaya səfəri öncəsi Amerika daha çox üstünlük əldə etməyə çalışacaq – həm Yaxın Şərqdə, həm də Rusiya-Ukrayna münaqişəsi kontekstində. Ona görə də bu, daha çox eskalasiyanın güclənməsinə səbəb ola bilər".
Aytəkin TOFİQQIZI













