Ermənistan Qərbə gedərsə, Rusiya nə edəcək? - ŞƏRH

 13:37 03.09.2026     416

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı qərarını mümkün qədər tez verməli olduğunu bildirib. Putin qeyd edib ki, Moskva İrəvanın hansı istiqamətdə irəliləyəcəyini bilməlidir ki, bundan sonra Rusiya-Ermənistan münasibətlərinin necə inkişaf etdiriləcəyinə qərar versin. Bu açıqlama fonunda Ermənistanın Qərbə inteqrasiya siyasəti ilə Rusiya ilə mövcud əlaqələri arasında ziddiyyətlər yenidən gündəmə gəlib.

Putinin bu açıqlaması Rusiya tərəfindən Ermənistana ciddi siyasi mesaj və ya xəbərdarlıq kimi qiymətləndirilə bilərmi? Ermənistan Aİ-yə üzvlük istiqamətində real addımlar atacağı təqdirdə Rusiya-Ermənistan münasibətlərində hansı dəyişikliklər baş verə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Natiq Miri bildirdi ki, Vladimir Putinin bu açıqlaması Rusiya dövlətinin Ermənistan hökuməti ilə bağlı qərarıdır. Onun sözlərinə görə, bu qərardan görünür ki, Rusiya Ermənistana zaman tanımaq, özünü bərpa etmək və alternativ bazar yaratmaq imkanı vermək istəmir:

"Çünki bu zamanın uzanması Ermənistan hökumətinə yeni bazarlar, yeni maliyyə bazarları, eyni zamanda öz məhsullarını reallaşdırmaq imkanları yaradır. Belə bir vəziyyət isə əlbəttə, Rusiya hakimiyyətini qane edə bilməz. Yəni indiki Ermənistanın çətin vəziyyətindən Rusiya bir təzyiq vasitəsi kimi istifadə edir. Çünki bildiyiniz kimi, Ermənistan iqtisadiyyatının ticarət dövriyyəsinin 36 faizi Avrasiya İqtisadi Birliyi üzv dövlətləri ilədir ki, bunun da 30 faizi Rusiyanın, Rusiya bazarının payına düşür. Bunları qısa müddətdə kompensasiya etmək isə Ermənistan üçün çox çətindir. Bunun üçün zaman lazımdır və dolayısıyla, Nikol Paşinyan da məhz bu zamanı qazanmaq, eyni zamanda yeni alternativlər yarada bilmək üçün Rusiya ilə münasibətləri pozmaq və Avrasiya İqtisadi Birliyi ilə münasibətləri kəsmək istəmir. Avrasiya İqtisadi Birliyində qalmaqda davam etmək istəyir ki, bu münasibətlər, bu bazar qaldıqca, paralel olaraq yeni nəqliyyat-kommunikasiya imkanları qazanmaqla yeni ticarət bazarlarına çıxışı təmin etsin. Bunu Vladimir Putin çox gözəl anlayır. O baxımdan, Ermənistana bu zamanın verilməsi istənilmir. Ermənistanı tələsdirməklə çətin vəziyyətə salmaq istəyirlər ki, bu da Ermənistan hökuməti üzərində ən ciddi təzyiq hesab olunur".

Siyasi şərhçinin fikrincə, Ermənistan-Rusiya münasibətləri bundan sonra da gərgin müstəvidə davam edəcək:

"Çünki əgər Ermənistan üçün başqa çıxış yolu qoyulmursa və Rusiya bazarları Ermənistan məhsulları üçün bağlı olmaqda davam edirsə, eyni zamanda Avrasiya İqtisadi Birliyindən çıxarılma məsələsinin konkret qərara bağlanması üçün Ermənistana hər hansı bir zaman imkanı tanınmırsa, Ermənistanın da bu kontekstdə cavabları olacaq. Və bu cavablardan biri, əlbəttə, Ermənistan dəmir yolunun idarə edilməsini Rusiyadan almaq olacaq. Paralel olaraq, Rusiyanın iqtisadi, hərbi təsir imkanlarının, o cümlədən siyasi təsir imkanlarının Ermənistanda tamamilə bitirilməsi yönündə addımlar olacaq ki, biz bunu artıq açıq şəkildə hiss edirik. Yəni Rusiyanın Ermənistandakı "beşinci kolon" rəhbərlərinin tədricən həbs olunması Rusiyanın Ermənistanda siyasi cəhətdən bitirilməsi anlamına gəlir və bunu perspektivdə daha da inkişaf etdirə bilərlər. Və ən nəhayət, bir də hərbi yöndə addımlar atıla bilər ki, bir tərəfdə İran, digər tərəfdə Türkiyə ilə sərhəddə sərhədləri qoruyan rus sərhədçilərinin erməni əsgərləri vasitəsilə əvəz olunması və perspektivdə Gümrüdəki Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsi qoyula bilər".

Müsahibimiz bildirir ki, Bişkekdəki Paşinyan-Putin görüşündə Putinin Gümrü hərbi bazası məsələsini gündəmə gətirməsi təsadüfi deyil:

"O anlayır ki, hansısa mərhələdə bu mövzu onsuz da açılacaq. Bununla da Putin sözügedən məsələnin Rusiya üçün vazkeçilməz olmadığını ortaya qoydu. Regionda və Rusiya-Türkiyə münasibətləri kontekstində Ermənistanda böyük bir hərbi bazanın saxlanılması Rusiya üçün, sözün əsl mənasında, o qədər də strateji əhəmiyyət daşımır. Ancaq məsələnin Vladimir Putinin dilə gətirmədiyi başqa bir tərəfi də var: Rusiyanın Cənubi Qafqazdakı hərbi varlığı yalnız Ermənistandadır. Bu səbəbdən Gümrü hərbi bazasının bağlanması Rusiyanın Cənubi Qafqazdan həm hərbi, həm də iqtisadi cəhətdən tamamilə sıxışdırılıb çıxarılması anlamına gələcək. Rusiya mövcud siyasətini davam etdirərsə və Paşinyanla Putin arasında anlaşma əldə olunmazsa - ki bunun ehtimalı çox azdır - münasibətlərin gərgin müstəvidə davam edəcəyini düşünürəm".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən