Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyənin gələcəyinə yönəlmiş mühüm investisiyadır - ŞƏRH

 19:26 03.09.2026     414

TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin səhiyyə sahəsinə və bu sistemin əsas dayağı olan insan kapitalına diqqətinin növbəti mühüm göstəricisidir.

Redaktor.az xəbər verir ki, bunu "Trend"ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı əsasında həyata keçirilən bu əməkhaqqı islahatı yalnız tibb işçilərinin gəlirlərinin artırılması kimi qiymətləndirilməməlidir:

“Bu qərarın səhiyyə sisteminin keyfiyyətinə, kadr potensialına və gələcək inkişafına daha geniş təsirləri olacaq.

Əməkhaqqının artırılması ilk növbədə tibb işçilərinin sosial rifahının yüksəldilməsinə və onların əməyinə verilən dəyərin daha dolğun ifadə olunmasına xidmət edir. Həkimlərin, orta və kiçik tibb heyətinin gündəlik fəaliyyətinin yüksək məsuliyyət tələb etdiyini nəzərə alsaq, onların maddi və sosial təminatının gücləndirilməsi həm peşə motivasiyasına, həm də işə münasibətə müsbət təsir göstərə bilər.

Bu baxımdan xüsusilə vacib məqam əməkhaqqı artımlarının vahid yanaşma ilə deyil, işçinin vəzifəsi, ixtisası, iş yükü, fəaliyyət göstəriciləri və regionlardakı kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılmasıdır. Belə yanaşma əməyin nəticəsi ilə gəlir arasında daha aydın əlaqə yaradır və peşəkarlığın, məsuliyyətin və göstərilən xidmətin keyfiyyətinin stimullaşdırılması üçün əlavə imkan yaradır.

Bu islahatın digər mühüm nəticələrindən biri tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yarada biləcəyi töhfədir. Tibb işçisinin iş şəraiti və sosial təminatı nə qədər güclü olarsa, onun peşəkar inkişafına, bilik və bacarıqlarını artırmasına, pasiyentlərlə daha keyfiyyətli işləməsinə də daha əlverişli mühit yaranır. Nəticədə əməkhaqqı siyasəti təkcə işçinin rifahına deyil, birbaşa vətəndaşa göstərilən tibbi xidmətin səviyyəsinə təsir edən amilə çevrilir”.

Vumart və Güvən reklamı Vumart Güvən