"Dayanıqlı və etibarlı sülhün yaranmasında hər bir görüşün əhəmiyyəti var" - Elman Məmmədov

 13:03 04.09.2026     496

Avqustun 31-i və sentyabrın 1-də Qazaxıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra mühüm görüşlər keçirməsi diqqət mərkəzində olub. Görüşlər arasında ən çox diqqət çəkən məqamlardan biri isə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub. Görüş zamanı TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar müzakirə edilib.

Bu görüş Ermənistan-Azərbaycan arasında sülh prosesini sürətləndirə bilərmi?

Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədovun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Prezident İlham Əliyevin iştirakı bir sıra məsələlərə aydınlıq gətirməklə də özünü tanıtdı:

"Ümumiyyətlə, Ermənistanın üzərinə düşən öhdəliklərin yerinə yetirilib-yetirilməməsi məsələsi, təbii ki, hamını maraqlandırır. Azərbaycan bu istiqamətdə götürdüyü öhdəlikləri yerinə yetirir və davam edir. Ermənistanda olan ləngimələr, yəni müəyyən problemlər yaradır. Təbii ki, burada da həm şimaldan, həm cənubdan maneələr var. Buna baxmayaraq, Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Trampın iştirakı ilə öhdəliklər götürülüb və onlar yerinə yetirilməlidir".

Millət vəkilinin fikirincə, dayanıqlı və etibarlı sülhün yaranması məsələsində hər bir görüşün əhəmiyyəti var:

"Görüşdən-görüşə, bu məsələ daha da aktuallaşır və həllini tapmağa doğru gedir. Cənab Prezidentin orada səsləndirdiyi fikirlərdə də qeyd olunur ki, Ermənistana ərazimizdən tranzit yüklərin keçməsi ilə yanaşı, neft məhsullarımız da ixrac edilir və gələcəkdə bu iqtisadi əlaqələrin daha da genişləndirilməsi nəzərdə tutulur. Bunlar hamısı dayanıqlı, yəni etibarlı sülhün əldə olunması üçün lazım olan addımlardır. Eyni zamanda, cənab prezidentimiz öz çıxışında Birləşmiş Millətlər Təşkilatı ilə bağlı məsələlərə toxundu və Birləşmiş Millətlər Təşkilatının sədri susdu, cavab verə bilmədi. Çünki cənab prezidentimizin haqlı tələbləri var idi. Onlar 30 il ərzində öhdələrinə düşən, qəbul elədikləri qətnamələri icra etmədilər. Azərbaycan öz gücünə, ədalətli qaydada o qətnamələri icra elədi".

E.Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyev səsləndirib ki, Birləşmiş Millətlər Təşkilatının daha effektiv fəaliyyəti üçün o təşkilatın fəaliyyətində islahatların aparılmasına çox ciddi ehtiyac var:

"Cənab prezidentimizin bu fikirlərinə qarşı da Birləşmiş Millətlər Təşkilatı heç bir etiraz edəcək fikir söyləyə bilmədi, çünki səslənən fikirlər haqlı idi. Ermənistanla aramızda olan münasibətlərin getdikcə müsbət istiqamətdə inkişafı, bu görüşdən-görüşə öz əhəmiyyətini daha da artırır və bu, həm bizim üçün, həm Ermənistan üçün vacib məsələdir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən