Rusiya 102-ci bazanı Ermənistandan çıxara bilər? - Generaldan AÇIQLAMA
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın 102-ci hərbi bazasının ölkədən çıxarılması məsələsinə münasibət bildirərək, Moskva belə bir qərar qəbul edərsə, İrəvanın buna etiraz etməyəcəyini açıqlayıb. Paşinyanın sözlərinə görə, Ermənistan Rusiya hərbi bazasının ölkə ərazisində mövcudluğunu həyati zərurət hesab etmir.
Rusiyanın 102-ci hərbi bazanı Ermənistandan çıxarması nə qədər realdır? Paşinyanın bu açıqlaması Ermənistanın Rusiyanın hərbi mövcudluğuna münasibətində ciddi dəyişiklikdən xəbər verir?
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Redaktor.az-a bildirdi ki, Rusiyanın 102-ci hərbi bazasını yaxın müddətdə Ermənistandan çıxarması az real görünür:
"Lakin Ermənistanın Baş naziri Nikol Paşinyanın bu istiqamətdə verdiyi açıqlama ölkənin Moskvanın hərbi mövcudluğuna münasibətində ciddi psixoloji və siyasi dönüşün baş verdiyini göstərir. 102-ci baza Rusiya üçün Cənubi Qafqazda qalan ən mühüm hərbi dayaqlardan biridir. Gümrüdə yerləşən baza Rusiyaya həm Ermənistan üzərində təsir imkanlarını qorumağa, həm Türkiyə sərhədi yaxınlığında hərbi mövcudluğunu saxlamağa, həm də regiondakı geosiyasi mövqelərini gücləndirməyə imkan verir. Bu baxımdan, bazanın yaxın müddətdə Ermənistandan çıxarılması Moskva üçün ciddi geosiyasi itki olardı".
Generalın sözlərinə görə, bazanın Ermənistanda qalması ilə bağlı hüquqi çərçivə hələ Rusiyanın xeyrinədir:
"Bazanın fəaliyyət müddətinin 2044-cü ilə qədər uzadıldığı bildirilir. Buna görə də onun çıxarılması sadə siyasi bəyanatla deyil, ciddi hüquqi və diplomatik proses nəticəsində mümkün ola bilər. Paşinyan hökumətinin mövqeyi də hələlik birbaşa “Rusiya Ermənistandan çıxarılsın” formasında deyil. Daha çox “Rusiya özü çıxmaq istəsə, biz bunu faciə saymarıq” mesajı verilir. Bu isə Moskvanı birbaşa qıcıqlandırmadan Ermənistanın Rusiyadan asılılığını azaltmaq xəttinin davam etdirildiyini göstərir".
Müsahibimiz qeyd etdi ki, Paşinyanın açıqlaması Ermənistanın təhlükəsizlik düşüncəsində ciddi dəyişiklikdən xəbər verir:
"Əvvəllər Rusiya hərbi bazası Ermənistanın təhlükəsizliyinin əsas təminatlarından biri kimi təqdim olunurdu. İndi isə Paşinyan bu hərbi mövcudluğun həyati zərurət olmadığını bildirir. Bu yanaşma faktiki olaraq bir neçə mühüm mesajı özündə birləşdirir. İlk növbədə, Moskvaya mesaj verilir ki, Ermənistan artıq Rusiyanı özünün yeganə təhlükəsizlik dayağı kimi görmür. İkinci mesaj Qərbə ünvanlanır: İrəvan ABŞ və Avropa ilə təhlükəsizlik və siyasi əlaqələri daha da artırmağa hazırdır. Üçüncü mesaj isə Bakı və Ankaraya yönəlib. Ermənistan regional sülh və sərhədlərin açılması prosesində Rusiyanın hərbi təsirindən qismən çıxmaq istəyir. Əslində, bu xətt birdən-birə yaranmayıb. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurması, eləcə də Qarabağ müharibəsindən sonra Rusiya ilə münasibətlərin ciddi şəkildə soyuması bu prosesin əsas mərhələlərindən olub. Paşinyan dəfələrlə Rusiyanın Ermənistanın təhlükəsizlik ehtiyaclarını qarşılamadığını vurğulayıb.
Bu baxımdan, 102-ci bazanın dərhal Ermənistandan çıxarılması yox, ilk mərhələdə onun rolunun və fəaliyyətinin zəiflədilməsi daha real ssenari hesab oluna bilər. Yəni əvvəlcə Rusiyanın sərhədçilərinin, müşahidəçilərinin və digər əlavə hərbi elementlərinin azaldılması, daha sonra bazanın siyasi legitimliyinin müzakirəyə çıxarılması mümkündür. Yeni təhlükəsizlik balansı formalaşacağı təqdirdə isə bazanın gələcəyi məsələsi daha ciddi şəkildə gündəmə gələ bilər. Əsas nəticə ondan ibarətdir ki, Paşinyan Rusiyanı Ermənistandan sabah çıxarmır, lakin “Rusiya olmadan da Ermənistan yaşaya bilər” fikrini dövlət siyasətinin dilinə gətirir. Bu isə Moskva üçün birbaşa hərbi deyil, daha çox geosiyasi nüfuz itkisi siqnalıdır".
Xədicə BAXIŞLI













