"102-ci baza çox tezliklə Ermənistan ərazisindən çıxarılacaq" - Polkovnik

 17:15 04.09.2026     709

"Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində sammit keçirildi. Sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş də baş tutdu. Görüşdən sonra bir sıra məsələlərin müzakirə olunduğu bildirilsə də, 102-ci baza ilə bağlı məsələyə toxunulmadı. Lakin Rusiya Prezidenti jurnalistlər üçün keçirdiyi brifinqdə bildirmişdi ki, Rusiyanın 102-ci hərbi bazası Ermənistana lazım deyilsə, onlar Ermənistandan çıxa bilərlər. Putin hətta bu fikri ifadə edərkən “günü sabah” ifadəsini işlətmişdi".

Bunu hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Redaktor.az-a açıqlamasında bildirdi.

O hesab edir ki, Vladimir Putinə bunun cavabı verilməli idi və dünən Nikol Paşinyan bu məsələyə cavab verdi:

"O bildirdi ki, 102-ci bazanın Ermənistanda qalmasına artıq zərurət yoxdur. Əgər əvvəllər Türkiyə ilə gərginlik var idisə, Azərbaycanla Qarabağ ətrafında münaqişə yaşanırdısa, indi həmin gərginliklər yoxdur. Buna görə də 102-ci baza faktiki olaraq Ermənistan ərazisində artıq əlavə yükə çevrilib. Əlbəttə ki, Rusiya bazasının Ermənistandan çıxarılması məsələsi aktuallaşacaq. Mən bunu aylar öncə də demişdim ki, Ermənistan 102-ci bazanı 2044-cü ildən əvvəl öz ərazisindən uzaqlaşdıracaq və bunu birtərəfli qaydada edəcək. Rusiya nə qədər çaba göstərsə də, buna hər hansı formada müqavimət göstərə bilməyəcək. Çünki Ermənistan öz yolunu müəyyənləşdirib. Ermənistanın yolu Avropaya inteqrasiya və Avropa dəyərləridir".

Üzeyir Cəfərov Azərbaycan Ordusunda polkovnik rütbəsində zabit kimi xidmət  edəcək

Polkovnik əlavə etdi ki, Rusiyanın hərbi mövcudluğu ümumiyyətlə Cənubi Qafqazda sona çatır:

"Azərbaycan ərazisində Rusiyanın hərbi bazası yoxdur, Gürcüstan ərazisində isə yalnız işğal olunmuş Sxinvali və Abxaziyadadır. Bir də Ermənistandakı keçmiş Leninakan, indiki Gümrü şəhərində yerləşən 102-ci baza var. Ona görə də hesab edirəm ki, 102-ci baza çox tezliklə Ermənistan ərazisindən çıxarılmalıdır və çıxarılacaq. Çünki buna hər hansı bir zərurət yoxdur. Təxminən 5 min nəfərlik şəxsi heyəti orada saxlamaq - 4 min nəfəri 102-ci bazada, 1000 nəfəri isə sərhədçi olmaqla - Rusiya üçün həm iqtisadi baxımdan, həm də ümumilikdə əlavə yükdür. Başa düşürəm ki, Rusiyanın regionda müəyyən maraqları var, amma bu hərbi mövcudluq artıq əlavə yükə çevrilib. Ermənistan da artıq nə 102-ci bazaya, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ehtiyac görür. Ona görə də düşünürəm ki, bu məsələ tez bir zamanda aktuallaşacaq. Artıq baxın, əvvəllər “Ermənistanın Avropaya yaxınlaşması bizim maraqlarımıza cavab vermir” deyən Rusiya rəsmiləri indi bildirirlər ki, bu, Ermənistanın suveren haqqıdır və öz hüquqları çərçivəsindədir. Bəs nə baş verdi, nə dəyişdi? Onlar özləri də gözəl bilirlər ki, artıq Ermənistanı itirirlər. Ermənistanla münasibətləri tamamilə itirməmək üçün bu cür açıqlamalar verirlər".

Müsahibimiz vurğuladı ki, Ermənistan düz yoldadır:

"Ermənistanın mövqeyi açıq və birmənalıdır. Rusiya nə qədər müqavimət göstərsə də, Ermənistanı bu mövqedən və atdığı addımdan geri qaytara bilməyəcək".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən