Azərbaycanın sülh gündəliyində yeni mərhələ: Bundan sonra nə baş verəcək? - Deputat DANIŞDI
21 Sentyabr – Beynəlxalq Sülh Günü ilə əlaqədar Azərbaycanda 21 avqust–21 sentyabr tarixləri “Sülh Aylığı” elan edilib. Son illərdə Azərbaycan yalnız regionda deyil, beynəlxalq müstəvidə də sülh və təhlükəsizliyin təmin olunması istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir. Xüsusilə Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin ön plana çıxması ölkəmizin regionda yeni reallıqların formalaşmasında rolunu artırıb.
Beynəlxalq Sülh Günü və Azərbaycanda elan olunan “Sülh Aylığı” fonunda Azərbaycanın regionda və beynəlxalq müstəvidə sülhün təşviqində rolunu necə qiymətləndirilməlidir? Azərbaycan öz sülh gündəliyini bundan sonra hansı istiqamətlərdə daha da gücləndirə bilər?
Milli Məclisin deputatı Azər Allahverənov Redaktor.az-a açıqlamasında bildirdi ki, 21 sentyabr – Beynəlxalq Sülh Günü müasir dövrdə, xüsusilə də bizə yaxın bölgələrdə müxtəlif müharibə və münaqişələrin baş verdiyi bir şəraitdə xüsusi məna kəsb edir:
"İndiki beynəlxalq münasibətlər sistemində müxtəlif formalarda özünü göstərən qarşıdurmalar çox ciddi təlatümlərə yol açır və bu hadisələr çoxsaylı insanların tələf olması ilə nəticələnir. Bu baxımdan, bir tərəfdən, hərbi münaqişələr fonunda bu tarix olduqca mühüm tarixdir. Digər tərəfdən isə bu gün dünya tamamilə yeni qarşıdurmalarla üz-üzədir. Bu qarşıdurmalar yalnız döyüş meydanında silahlı qüvvələrin toqquşması ilə məhdudlaşmır. Müxtəlif transmilli cinayətkar qruplaşmaların fəaliyyəti, kibercinayətkarlıq, enerji böhranına səbəb olan addımlar, qida qıtlığına gətirib çıxara biləcək müdaxilələr və digər hadisələr də sülh gündəliyinə zidd olan hallardır və onların qarşısının alınması olduqca vacibdir".
Siyasətçi qeyd etdi ki, Beynəlxalq müstəvidə sülhün təşviq olunmasında Azərbaycan kifayət qədər fəallıq nümayiş etdirir:
" Azərbaycan sülhü təşviq etməklə yanaşı, eyni zamanda sülhə səbəb ola biləcək və sülhə gətirib çıxara biləcək çox vacib bir reallığın formalaşmasına da töhfə verir. Məsələn, biz görürük ki, Azərbaycan müxtəlif ölkələr arasında gedən qarşıdurmalarda da hər zaman öz sülh missiyasını ortaya qoyur və xüsusilə vasitəçiliyin həyata keçirilməsi üçün mühüm təkliflərlə çıxış edir. Azərbaycanın Sülh Şurasına dəvət olunması da ondan xəbər verir ki, ölkəmiz bu prosesdə kifayət qədər fəal iştirak edir və Cənubi Qafqaz bölgəsində dayanıqlı sülhün bərqərar olunması üçün bütün səylərini səfərbər edir.
Ölkəmiz 30 ildən çox müddət ərzində işğala məruz qalmışdı. İnsanlarımız kütləvi soyqırımlarına, şəhərlərimiz urbisidə, ətraf mühitimiz isə ekosidə məruz qalmışdı. Bu gün də həmin siyasətin nəticələri mina terroru və digər məsələlərdə özünü göstərməkdədir. Amma buna baxmayaraq, Azərbaycan daha praqmatik baxış bucağı sərgiləməklə yanaşı, uzunmüddətli və dayanıqlı sülhün qorunması üçün torpaqları işğaldan azad etdikdən sonra Ermənistana öz sülh əlini uzatdı. Azərbaycanın irəli sürdüyü 5 sülh prinsipi sonrakı mərhələdə Ermənistanla Azərbaycan arasında hazırlanan 17 bəndlik sülh müqaviləsinin əsas məzmununu təşkil etdi. Bu sənəd 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə əldə olunmuş razılaşmalar çərçivəsində sonrakı mərhələdə xarici işlər nazirləri tərəfindən paraflandı. Nəticə etibarilə biz yeni bir dövrə daxil olduq".
Onun sözlərinə görə, bu dövrdə əsas məsələ, xüsusilə Ermənistan tərəfindən etimadın qurulması istiqamətində vacib olan “ev tapşırıqlarının” həll edilməsidir:
"Digər tərəfdən, Ermənistan yekun sülh sənədinin imzalanmasına bu gün maneə olan Ermənistan Respublikasının Konstitusiyasını dəyişdirməyə müvəffəq olmalıdır. Ən azından Konstitusiyada yer alan ərazi iddiaları ilə bağlı müddəalar oradan çıxarılmalıdır. Azərbaycan isə yenə də sülhü geniş şəkildə təşviq edir və bunu kommunikasiyaların birtərəfli qaydada açılması ilə də müəyyən mənada nümayiş etdirir. Məsələn, Özbəkistan və Qazaxıstandan Ermənistana taxılın daşınması, o cümlədən gübrənin çatdırılması üçün yolların açılmasına dair qərar verilir. Eyni zamanda Azərbaycan ərazisində istehsal olunan yanacağın, dizelin Ermənistana kommersiya məqsədilə çatdırılmasını da görürük. Artıq bu proses birtərəfli qaydada Azərbaycan tərəfindən uğurlu şəkildə həyata keçirilməkdədir.
Qeyd etdiyim kimi, ilk növbədə Ermənistanın “ev tapşırıqlarını” uğurlu şəkildə həll etməsinə çox ciddi ehtiyac var. Məhz bu baş verdiyi təqdirdə Konstitusiyanın da dəyişdirilməsi mümkün olacaq. Kommunikasiyaların açılması, Zəngəzur layihəsi ilə bağlı tikinti işlərinin həyata keçirilməsi və digər məsələlər isə artıq qısa müddət ərzində öz həllini tapa biləcək məsələlərdir. Bunun üçün Azərbaycan müxtəlif beynəlxalq platformalardan zəruri addımlar atır, eyni zamanda Ermənistanın daha suveren davranması üçün yeni imkanlar formalaşdırır. Azərbaycan bu müstəvidə delimitasiya və demarkasiya məsələlərinə bağlı olan işlərin tez bir zamanda yekunlaşdırılması üçün səylər nümayiş etdirir".
Millət vəkili əlavə etdi ki, eyni zamanda Zəngəzur dəhlizinin funksionallığının təmin edilməsi məqsədilə Ağbəndə qədər dəmir yolu və avtomobil yollarının inşası tamamlanmaqdadır:
"Bu da nəticə etibarilə gələcəkdə Zəngəzur dəhlizi və ya Araz dəhlizi üzərindən Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas ərazisi ilə əlaqələndirməklə beynəlxalq nəqliyyat-logistika arxitekturasında yeni bir komponentin istifadəyə verilməsini şərtləndirəcəkdir. Bu istiqamətdə Azərbaycanın görəcəyi çox mühüm işlər var. Eyni zamanda qeyd etdiyim kimi, etimadın qurulması Ermənistan cəmiyyətində siyasi hakimiyyət tərəfindən yerinə yetirilə biləcək bir məsələdir. İndi bunun üçün də Azərbaycan bütün imkanlardan istifadə etməklə Ermənistan hakimiyyətinin sülhə sadiq şəkildə davranması üçün öz səylərini səfərbər etməlidir. Buna həm də özünə yaxın olan strateji tərəfdaşlar üzərindən və onların bu prosesdə yaxından iştirakı vasitəsilə nail olmalıdır", - deyə Azər Allahverənov yekunlaşdırdı.
Xədicə BAXIŞLI













