"Bakıda "Şanlıurfa Günləri”nin keçirilməsi çox mənalı hadisədir" - Türkiyə səfiri

 23:07 04.09.2026     488

Türkiyə ilə Azərbaycanın münasibətləri yalnız dostluq və qardaşlıqla məhdudlaşmır.

Redaktor.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bu barədə “Tarixin Qəlbi Xəzərin Sahilində: Şanlıurfa Mədəniyyət Günləri” çərçivəsində keçirilən tədbirdə danışıb.

Səfir bildirib ki, dünyada nizamın pozulduğu bir dövrdə Azərbaycan-Türkiyə münasibətləri nümunə təşkil edir.

“Türkiyə və Azərbaycan sadəcə dost və qardaş deyil, bizim taleyimiz də birdir. Çünki dünyada nizamın pozulduğu bir dövrdə bizim əlaqələrimiz örnəkdir. Aramızdakı münasibətlərin iqtisadi və sosial tərəflərindən ayrıca danışmağa ehtiyac yoxdur. Çünki bizim çox uzun tariximiz, ortaq mədəniyyətimiz var. Dilimiz bir, inancımız bir, tariximiz birdir”, - deyə Akgün qeyd edib.

O bildirib ki, hər sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı birdir.

Səfir xüsusilə bu münasibətlərin yalnız ölkələr arasında deyil, şəhərlər arasında da inkişaf etməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

“Qardaş şəhər layihələri, qardaş məktəb layihələri və digər bu kimi təşəbbüslər münasibətlərimizə məna və dərinlik qazandıran çox gözəl nümunələrdir”, - deyə Akgün bildirib.

O, Şanlıurfa kimi qədim və köklü tarixə malik bir şəhərin Bakıda tədbir təşkil etməsinin əhəmiyyətindən də danışıb.

“Təbii ki, bütün bunları həyata keçirərkən, xüsusilə, qədim və köklü tarixə malik Şanlıurfa kimi bir şəhərin gəlib burada, Xəzərin sahilində, Bakıda tədbir təşkil etməsi və “Şanlıurfa Günləri”ni keçirməsi bizim üçün həqiqətən çox mənalı hadisədir”, - deyə səfir bildirib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Fazil Mustafa və Məlahət İbrahimqızı da Azərbaycan-Türkiyə münasibətlərinin əhəmiyyətindən danışaraq iki ölkə arasında mövcud olan qardaşlıq əlaqələrini vurğulayıblar.

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Büyükfırat çıxışında Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı və iki xalqı birləşdirən ortaq dəyərlər barədə danışıb.

Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin başqanı Mehmet Kasım Gülpınar da tədbirdə çıxış edərək Azərbaycan-Türkiyə qardaşlığının əhəmiyyətinə toxunub və iki xalq arasında tarixi-mədəni bağların vacibliyini vurğulayıb.

Yunus Əmrə İnstitutunun başqan yardımçısı Ömer Yıldız isə Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin inkişafından danışaraq iki qardaş xalqı birləşdirən ortaq dəyərlərin əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, “Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri” 5–6 sentyabr tarixlərində Bakının tarixi İçərişəhər ərazisində, İçərişəhər Meydanında keçiriləcək. Tədbirdə Şanlıurfanın qədim tarixi və zəngin mədəni irsi, milli mətbəxi, ənənəvi sənətkarlıq nümunələri, folkloru və musiqisi təqdim olunacaq. Proqram çərçivəsində foto sərgiləri, konsertlər, xalq rəqsləri və ənənəvi Sıra Gecəsi musiqi proqramı təşkil ediləcək.

Turan İSMAYIL

2
Vumart və Güvən reklamı Vumart Güvən