Putin tələblərini yumşaltmayınca Ukraynada sülh olmayacaq - ABŞ-nin keçmiş səfiri

 16:01 07.09.2026     297

"ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Vitkoff yenicə Kiyevə, Ukraynaya ilk səfərlərini həyata keçiriblər. Onlar Rusiyanı Ukraynadakı müharibəni və işğalı dayandırmağa razı salmaq üçün yeni bir təklif təqdim etmək üçün görüşlər keçiriblər".

Bunu ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Redaktor.az-a açıqlamasında bildirdi.

O qeyd etdi ki, nümayəndələr Kiyev səfərindən əvvəl Moskvada olublar və Rusiya Prezidenti Vladimir Putinlə hər hansı bir təklifi müzakirə ediblər:

"Prezident Putinin xarici əlaqələr üzrə baş müşaviri Uşakov Moskvadakı bu müzakirələrə müsbət reaksiya verib. Bu da prosesi izləyən bəzi müşahidəçilərdə ABŞ-nin yenidən Moskvaya tərəf meyillənməsi və sazişə nail olmaq üçün Ukraynaya təzyiq göstərəcəyi fikrini yaradıb".

Keçmiş diplomat qeyd etdi ki, nəyin təklif edildiyi dəqiq bilinmədiyi üçün bu danışıqların real sülh sazişinə gətirib çıxarılması baxımından müsbət perspektivə malik olub-olmaması barədə rəy bildirmək qeyri-mümkündür:

"Kuşner və Vitkoff ilə aparılan müzakirələrə cavab olaraq Kiyevdən hələlik aydın bir reaksiya görməmişəm. Bu səbəbdən Kiyevin necə cavab verəcəyini izləmək vacib olacaq ki, müzakirə olunan təklifin həm Kiyev, həm də Moskva üçün məqbul olub-olmayacağını görək".

Metyu Brayza hesab edir ki, yaxın zamanda tərəflər arasında real sülh gözlənilmir.

"Çünki Prezident Putin maksimum iddialı tələblərinə sadiq qaldığını aydın şəkildə bildirib. Bu tələblərə Kiyevdə hakimiyyətin dəyişdirilməsi, həmçinin Donbas, Xerson və Zaporojyenin Rusiyanın tərkib hissəsi kimi tanınması daxildir. Putin eyni zamanda NATO-nun Şərqi Avropadakı iştirakını azaltması və Şərqi Avropadakı NATO ölkələrindən hərbi varlığını çıxarması tələbini də saxlayır. NATO-nun bunu indi etməsi sadəcə mümkün deyil. Putin tələblərini yumşaltmayınca və daha realist olmayınca, Rusiya ilə Ukrayna arasında sülh sazişinin bağlanması üçün böyük bir perspektiv olduğunu düşünmürəm. Digər tərəfdən, Rusiya iqtisadiyyatı ciddi şəkildə əziyyət çəkir və Putinin müharibəni davam etdirmək üçün kifayət qədər çağırışçı resursu tükənir. Çünki gördüyümüz kimi, hər ay Rusiya tərəfindən hərbi xidmətə cəlb edilənlərdən daha çox əsgər öldürülür və ağır yaralanır. Müəyyən bir məqamda, Rusiyada Duma seçkiləri yaxınlaşdıqca, Putin Ukrayna istiqamətində daha müsbət bir çıxış yolu axtarır kimi görünür. Lakin ukraynalılar təslim olmaq fikrində deyillər. Onlar suveren bir ölkə kimi mövcudluqlarını müdafiə etmək üçün sonadək döyüşəcəklər", - deyə keçmiş səfir vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən